2016-07-21
“Лента.ру” agentliyin qondarma “DQR”in qondarma “prezidenti” Bako Saakyanla müsahibəsinə dair Səfirliyin bəyanatı

20 iyul 2016-cı il tarixində “Лента.ру” dövri elektron nəşriyyatının internet səhifəsində agentliyin müxbiri Aleksandr Şirokovun qondarma “DQR”in qondarma “prezidenti” Bako Saakyanla müsahibə dərc edilmişdir.   

Bununla əlaqədar, Səfirlik Rusiya Federasiyasının “Kütləvi informasiya vasitələri haqqında” Qanununun 46-cı maddəsinə (“Cavab haqqı”) əsaslanaraq internet-qəzetin redaksiyasına qeyd olunan müsahibə ilə bağlı Səfirliyin şərhinin dərc olunması üçün müraciət etmişdir. 

Cavab olaraq “Лента.ру” redaksiyası sözügedən qanunun müvafiq maddəsini kobud şəkildə pozaraq, Səfirliyin mövqeyini çap etməkdən imtina edib. Bundan əlavə, redaksiya Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu ilə müsahibə üçün şərt irəli sürüb. 

Hal-hazırda, Rusiya Federasiyasının da üzvü olduğu və tərkibində müstəsna rol oynadığı ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistan ilə Azərbaycan arasında münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində intensiv danışıqlar aparıldığı bir zamanda, Səfir qeyd olunan müsahibənin təxribat olduğunu və redaksiyanın suallarını cavablandırmağını məqsədəuyğun olmadığını hesab edir. 

Yaranmış vəziyyəti nəzərə alalraq, Səfirlik qeyd olunan müsahibə ilə bağlı mövqeyinin dərc olunmasını vacib sayır.

Bəyanat

20 iyul 2016-cı il tarixində “Лента.ру” informasiya portalında Bako Saakyanın müsahibəsi yerləşdirilmişdir və bununla bağlı ilk növbədə redaksiyaya sual yaranır: niyə məhz indi, ətrafda bu qədər informativ səbəblər olduğu halda (İrəvanda gözümüz qarşısında cərəyan edən məlum hadisələr) qondarma “DQR”in qondarma “prezidenti” B. Saakyana tribuna vermək qərarı qəbul edilir? Məsələn, “bu nə idi: müharibə, təxribat yoxsa güc nümayişi? Və nə üçün hadisələr başladığı kimi tez də başa çatdı?” sualını necə başa düşmək lazımdır?

Məlumdur ki, son aylar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səyləri yetərincə fəallaşıb. May ayında Azərbaycan və Ermənistan Prezidentləri Vyanada, iyun ayında isə Rusiya Prezidentinin dəvəti və bilavasitə iştirakı ilə Sankt-Peterburqda görüşdülər. İyulun əvvəlində Rusiya Federasiyasının Xarici İşlər Naziri İrəvana, bir həftə sonra isə Bakıya səfər edir.  Yəni illərdən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün dünya birliyinin səyləri çərçivəsində aparılan ciddi işlər göz qabağındadır. Həm də Rusiya bu prosesdə müstəsna rol oynayır.  

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri (Rusiya, ABŞ, Fransa) də daxil olmaqla, BMT-yə üzv olan bütün dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır,  qondarma “DQR”i tanımır və Ermənistanla Azərbaycanın münaqişə tərəfləri olduğu konfliktin nizamlanması üçün danışıqlar prosesində irəliləyişə nail olmağa çalışırlar. Beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən mürəkkəb dialoq məhz bu formatda inkişaf edir.
Bəs hər bir ehtiyatsız fikrin onsuz da mürəkkəb informasiya fonunu gərginləşdirə biləcəyi bir şəraitdə B.Saakyanın böhtanlarını yaymaq nəyə gərəkdir? Xüsusilə də, onun dedikləri Azərbaycan Respublikaısnın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiyanın rəsmi mövqeyinə ziddir və yaranmış vəziyyətdən çıxış yolunun tapılması istiqamətindəki səyləri heçə endirə bilər. 

Münaqişənin həlli ilə bağlı aparılan uzunmüddətli danışıqlar prosesi dövründə Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn başlıca norma və prinsiplərinə əsaslanan mövqeyini hər zaman açıq-aydın və dəqiq təqdim edib. Bizim ölkə həmişə aydın, yekun məqsədə yönəlmiş məzmunlu danışıqlar vasitəsilə problemin sülh yolu ilə nizamlanmasının tərəfdarı olub. Yəni Azərbaycan ərazilərinin işğalına son qoyulmalı və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi çərçivəsində erməni və azərbaycanlı icmalarının təhlükəsiz şəkildə birgə yaşamalarını təmin edə biləcək və geniş muxtariyyət hüquqlarına malik müəyyən rejim formalaşdırılmalıdır. 

Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoymaq, onun ərazilərində ikinci erməni dövləti yaratmaq və ya torpaqlarımızın bir hissəsini ilhaq etmək cəhdləri əsassızdır və iflasa məhkumdur.  Azərbaycan xalqı heç vaxt belə cəhdlərlə razılaşmayacaq. O, öz qətiyyətini 1990-cı ilin əvvəllərindəki ağır şəraitdə, torpaqları zorla almaq məqsədilə ona qarşı aparılan təcavüzkar müharibə zamanı sübut etdi. Xüsusilə də bu gün yaxşı hazırlıqlı orduya və geniş imkanlara malik olduğu vaxtda öz suveren hüquqlarını qorumaq əzmindədir. Bu, dəfələrlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmiş, xalqımızın dəyişməz iradəsinə və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedir.

Aprel ayının əvvəlində münaqişə zonasında tərəflərin silahlı qüvvələrinin təmas xəttində baş verənlərə müxtəlif adlar vermək olar: konstitusiya qaydalarının bərpası (Rusiyanın Şimali Qafqaz bölgəsində olduğu kimi), antiterror əməliyyat və ya müvəqqəti işğal altında olan ərazilərə nəzarətin bərpası. Adların çoxluğundan ümumi məna dəyişmir. Tam aydındır ki, baş verənlər yuxarıda qeyd olunan müsahibədə qələmə verildiyi kimi “başladığı kimi tez bir zamanda da bitən” Azərbaycan tərəfindən aparılan hər hansı bir yeni “müharibə” və ya “təxribat” deyil, tam əksinədir.

Artıq anlamaq lazımdır ki, biz öz torpaqlarımızdayıq və o torpaqları ya sülh, ya da hərbi yolu ilə mütləq azad edəcəyik. Beynəlxalq məsələlər üzrə istənilən mütəxəssisə aydındır ki, Azərbaycan heç bir halda özünə qarşı müharibəyə başlaya bilməz. Azərbaycana qarşı müharibə 25 il bundan əvvəl başlayıb. 1994-cü ildə əldə olunmuş atəşkəs rejimini isə (barışıq və ya sülh anlaşması deyil, məhz atəşkəs) mülki əhalini və obyektləri intensiv artilleriya atəşinə tutan işğalçı Ermənistan qoşunları kobud şəkildə pozdular. Həmçinin, Ermənistan qoşunları bu artilleriya atəşlərində tərkibində zəhərli ağ fosfor olan və beynəlxalq konvensiyalarla qadağa olunmuş mərmilərdən də istifadə ediblər. Təmas xətti boyunca, daha intensiv artilleriya atəşləri rayonunda olan Azərbaycan ordusunun azsaylı qüvvələri qısa müddətdə strateji yüksəklikəri azad edərək işğalçıların yeni hücumlarının qarşısını aldılar, dinc sakinlərin başının üstünü almış təhlükəni aradan qaldırdılar.

Hərbi əməliyyatların dayandırılmasına dair həmçinin rəsmi rus mənbələrindən də məlumdur ki, bu məsələ ilə bağlı Müdafiə Naziri Sergey Şoyqu, Xarici İşlər Naziri Sergey Lavrov və nəhayət dünya siyasətinin liderlərindən biri – Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin erməni və azərbaycanlı həmkarları ilə əlaqə saxlamış və nəticədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının vasitəçiliyi ilə cari ilin 5 aprel tarixindən etibarən atəşkəs rejiminin yenidən başlaması üçün razılıq əldə edilmişdir.    

Ermənistan KİV-in xəbərlərində Azərbaycanın Qarabağ bölgəsində onların tapdağı altında yanmağa başlayan torpaqlarda işğalçı silahlı qüvvələrin şəxsi heyəti arasında olan itkilər barədə məlumatlar verilirdi.  Bu qurbanların tamamilə böyük əksəriyyətini Ermənistan Respublikasının silhalı qüvvələrinin əsgər və zabitləri təşkil edirdi. Belə olduğu halda sual yaranır: Qarabağda “ordu”su başqa ölkənin vətəndaşlarından ibarət olan hansı “respublika”dır?

Bütün bu faktlar bir daha dəyişilməz həqiqəti təsdiq edir: giriş parametrlərini dəqiq və düzgün müəyyən etmək, anlayışları təyin etmək həmişə əhəmiyyətlidir. Əfsuslar olsun ki, artıq neçənci dəfədir ki, B.Saakyan tərəfindən ilkin məlumatların təhrif edildiyinin şahidi oluruq.

BMT var, real dövlətlərin dünya birliyi tərəfindən tanınmış sərhədləri var, o sərhədləri əks  etdirən xəritələr var. Burada hər şey tam aydın görünür: Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Azərbaycan Respublikasının tərkib hissəsidir. İndi o ərazilər erməni işğalı altındadır. Lakin, bu vəziyyət heç də o demək deyil ki, Azərbaycan Respublikasının suverenliyi onlara şamil edilmir. Tam əksinə – 1993-cü ildə qəbul edilmiş BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsində, BMT-nin Baş Assambleyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə” bağlı qərarlarında, ATƏT-in, bir sıra Avropa ve regional təşkilatların çoxsaylı sənədlərində aydın və birmənalı şəkildə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiqlənir, onun ərazilərinin işğalı faktı isə pislənir.   

Yersiz olaraq qondarma “prezident” beynəlxalq ictimaiyyətin mövqeyini xatırladaraq ATƏT-in Budapeşt Sammitinə istinad etdi. Həmin sammitin “Intensification of CSCE action in relation of the Nagorno-Karabakh Conflict” (“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi”) adlı qərarı ilə asanlıqla tanış olmaq mümkündür. Əgər o qərarın müxtəlif dillərə tərcüməsində - ermənilərin daxili istifadəsi üçün erməni dilinə mümkün tərcüməsi istisna olmaqla – Saakyan danışıqlar formatı, prosesdə “Dağlıq Qarabağ Respublikası”nın iştirakı barədə bir kəlmə taparsa, qoy sitatla paylaşsın.

Bütün beynəlxalq qərarlarla tanışlıq bu məsələ ilə bağlı son dərəcə aydın təsəvvür yaradır. Dünya ictimaiyyəti, ilk növbədə isə müvafiq mandata malik olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq irəli sürdükləri təkliflərlə münaqişənin nizamlanması istiqamətində ciddi səylər göstərdikləri bir dövrdə informasiya məkanını B. Saakyanın müsahibəsi kimi tullantılarla doldurmaq cəhdləri açıqçasına əks effekt verir və münaqişənin tərəfləri – Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında məzmunlu danışıqlar prosesinin aparılmasına maneçilik törədən fon yaradır. Rusiya KİV-də belə müsahibələrin dərc olunması bu çoxillik və tez bir zamanda həll edilməsi tələb olunan münaqişənin nizamlanmasında vasitəçilik işində Rusiyanın müstəsna rolunun reallaşdırılmasına süni maneələr yaratmaq məqsədi güdür.            

Təəssüflər olsun ki, dövri olaraq bir sıra media orqanları bir zamanlar münaqişənin alovlanması üçün mühit yaradan, indi isə onların həllinə maneə törətməkdə davam etməyə çalışan bu tip materialların retranslyasiyasına cəlb olunurlar.

növbəti xəbər əvvəlki xəbər


cet.az

bakushop_1