2017-01-20
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Qanlı Yanvar faciəsinin 27 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Cari ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Qanlı Yanvar faciəsinin 27 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirə Rusiya ictimaiyyətinin nümayəndələri, diaspor təşkilatlarının üzvləri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin üzvləri ilə yanaşı Moskvadakı diplomatik korpusun təmsilçiləri qatılmışdırlar.

Öncə tədbir iştirakçıları Səfirlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi önünə, sonra isə Qanlı Yanvar şəhidlərinin adları yazılmış lövhənin qarşısına tər çiçəklər düzmüşlər. Foyedə 20 Yanvar faciəsini əks etdirən fotosərgi tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. İştirakçılar qarşısında Səfirliyin hazırladığı press-reliz rus və ingilis dillərində səsləndirilmişdir. Sonra mərasim iştirakçıları şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişdirlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu qonaqları salamlamış və bu faciəyə öz münasibətini bildirmək üçün tədbirə gəlmiş qonaqlara dərin minnətdarlığını bildirmişdir. Faciə haqqında geniş məlumat verən Azərbaycanın Rusiyadakı Səfiri Bakıda 20 Yanvar faciəsi zamanı həlak olanlar arasında ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin olduğunu xüsusi qeyd etmişdir. “Azərbaycan xalqı sovet hökumətinin onların üzərinə tank, ağır texnika yürütdüyünü gördükdə anladı ki, bu dövlətin tərkibində yaşamaq olmaz” – deyən Polad Bülbüloğlu Azərbaycandan əvvəl Gürcüstanda, sonra isə Litvada da eyni ssenari üzrə hadisələrin baş verdiyini qeyd etdi və bunun Sovet İttifaqının sonuna gətirib çıxardığının hər kəsin şahidi olduğunu vurğuladı.

27 ildən sonra faciə haqqında danışmağın hələ də çətin olduğunu qeyd edərək, o vaxt ki siyasətçilərdən heç kimin 20 Yanvar faciəsi haqqında çıxış etmədiyini, münasibət bildirmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Polad Bülbüloğlu qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyev Səfirliyin hazırkı binasına gələrək faciəyə siyasi qiymət vermişdir. Dövrün çətinliklərini, maneələrini yaxşı anlayan Heydər Əliyev, totalitar rejimə qarşı çıxaraq faciənin törədilməsini cinayət, faciəni törədənləri isə cinayətkar adlandırmışdır. Bu o zaman hadisəyə verilmiş ilk siyasi qiymət idi və faciəyə hüquqi qiymət də məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verilmişdir. “Bütün bunlar Heydər Əliyevin necə mərd, müdrik və vətənpərvər olduğunun bariz nümunəsi kimi Azərbaycan xalqı tərəfindən dəyərləndirilir” – deyə Səfir xüsusi vurğuladı.

Azərbaycanlı diplomat tədbirdə iştirak edən qonaqların diqqətinə çatdırdı ki, Azərbaycan xalqı və hökuməti 20 Yanvar faciəsini müasir demokratik Rusiya dövləti ilə əlaqələndirmir. Bu faciəni Sovet İttifaqı və onun rəhbərləri törədib. Səfir bildirdi ki, Bakıda Şəhidlər Xiyabanı salınmışdır. Rusiyanın dövlət başçısı Vladimir Putin və ayrı-ayrı digər yüksək vəzifəli şəxslər Azərbaycan Respublikasında rəsmi səfərlərdə olarkən Şəhidlər Xiyabanını ziyarət etmiş, “Əbədi məşəl” önünə əklil qoymuşdurlar. Səfirliyə gələn qonaqlara Azərbaycan xalqının kədərinə şərik olduqları və faciəyə öz münasibətini bildirdikləri üçün dərin minnətdarlığını ifadə etmişdir.

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Fazil Qurbanov 20 Yanvar faciəsi ilə əlaqədar rəhbərlik etdiyi diaspor təşkilatı adından baş sağlığı verərək, günahsız Azərbaycan övladlarının tankların altında qalaraq həlak olduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. “Sovet İttifaqının dağılmasına baxmayaraq hələ də insanlar o zaman baş verən hadisələrin ağrısının yaşayırlar” – deyərək nitqini yekunlaşdırmışdır.

Rusiya Dövlət Dumasının deputatı, Azərbaycan Respublikasının Milli Məclisi ilə əlaqələr üzrə qrupun rəhbəri, Dmitri Savelyev çıxış edərək, Azərbaycan xalqına dərin hüznlə başsağlığı vermiş və 20 yanvar 1990-cı il tarixində Azərbaycanın ağır itkilərə məruz qaldığını qeyd etmişdir. Həmişə şəhid olanların xatirəsini uca tutaraq, belə halların bir daha təkrarlanmayacağına ümid etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. “Qorbaçov nə qədər sağdır məsuliyyətə cəlb olunmalı, Sovetlər dönəmində törətdiyi hər bir cinayətə görə cavab verməlidir”— söyləyən Dmitri Savelyev baş verənlər barədə təəssüf hissi keçirdiyini bildirmişdir.

Sonda şəhidlərimizin əziz xatirəsini yad etmək üçün gələn qonaqlara ehsan verilmiş və şəhidlərin ruhuna dualar oxunmuşdur.

 

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

növbəti xəbər əvvəlki xəbər


cet.az

bakushop_1