2017-02-20
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin vətəndaşlara müraciəti

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi bir daha vətəndaşların nəzərinə aşağıda qeyd edilənləri çatdırır.

Son zamanlar Rusiyada müxtəlif yerlərdə (ticarət obyektləri, hava limanları, dəmir yol və avtobus vağzalları, soydaşlarımızın daha çox məskunlaşdığı ərazilər və s.) mənsubiyyəti bəlli olmayan şəxslər tərəfindən nağd pul müqabilində müxtəlif sənədlərin (şəhadətnamə, arayış və s.) hazırlanıb-verilməsi üzrə xidmətlərin təklif olunması qeydə alınır. 

Səfirlik bir daha izah edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bütün rəsmi sənədlərə görə dövlət rüsumu tutulur. Həmin rüsum səlahiyyətli dövlət orqanı tərəfindən verilən qəbz əsasında yalnız bank ödənişi yolu ilə yerinə yetirilə bilər. Xarici ölkələrdə sözügedən səlahiyyətli orqanlar Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqlarıdır.

Rusiyada bu, Moskvada yerləşən Səfirlik, eləcə də Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş Konsulluqlardır. Burada toplanılan konsulluq haqları hər ayın yekunlarına dair bank köçürülməsi yolu ilə xəzinəyə ödənilir və Azərbaycan dövlətinin mənfəətinə çevrilir.

Digər yerlərdə nağd şəkildə ödənişlərin istənilməsi qanunsuzdur. Bunu təklif edən şəxslər fırıldaqçılardır və onlar insanların etimadından sui-istifadə edirlər. Onların vətəndaşlara verdiyi sənədlər isə saxtadır. Belə sənədlərdən istifadə edilməsi vətəndaşlar üçün ciddi problemlər yarada bilər.

Bununla əlaqədar Səfirlik təkrar bəyan edir ki, hər hansı arayış, şəhadətnamənin alınması, rəsmi sorğunun edilməsi və s. məqsədlərlə, yalnız Səfirliyə və Baş Konsulluqlara müraciət edib, orada verilən ərizə-anketlərin doldurulması və alınan qəbzlərin bankda ödənilməsi yolu ilə qanuna uyğun hərəkət etmək lazımdır.

növbəti xəbər əvvəlki xəbər


cet.az

bakushop_1