2017-04-07
Qurbanqulu Berdiməhəmmədov: Türkmənistanı və Azərbaycanı tarixi köklər, mədəni ənənələr və mənəvi dəyərlər birləşdirir

Aprelin 7-də Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Asiada-2017” sülh və inkişaf naminə beynəlxalq idman əməkdaşlığı” beynəlxalq konqresində iştirak etmək üçün Türkmənistanda səfərdə olan Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun Rəyasət Heyətinin sədri, Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlunu qəbul edib.

Polad Bülbüloğlu onunla şəxsən görüşməyə razılıq verdiyinə və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək Türkmənistan dövlətinin başçısını Dünya Sağlamlıq Günü münasibətilə təbrik edib, Türkmənistan xalqına xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıb.

Türkmənistan Prezidenti bildirib ki, ölkələrimizi ümumi tarixi köklər, mədəni ənənələr və mənəvi dəyərlər birləşdirir. Hər iki ölkənin həm də mədəni-humanitar sahədə mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə və inkişafına yönəldilmiş addımları buna daha bir sübutdur.

Azərbaycan səfiri qeyd edib ki, Türkmənistanın bütün sahələrdə, o cümlədən idman sahəsində əldə etdiyi möhtəşəm nailiyyətlər, ölkədə yaradılmış müasir idman infrastrukturu dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun kütləvi bədən tərbiyəsi və Olimpiya Hərəkatının inkişafına göstərdiyi böyük qayğının nəticəsidir. Bu sahədə həyata keçirilən uzaqgörən siyasət Türkmənistan idmanının keyfiyyətcə yeni səviyyəyə qalxmasına kömək edəcək.

Görüşdə qapalı məkanda döyüş sənəti üzrə V Asiya Oyunlarının təşkili məsələləri müzakirə olunub. Aşqabadın “Asiada-2017” Oyunlarına ev sahibliyi etməsinin Türkmənistanın artan nüfuzundan xəbər verdiyini vurğulayan Polad Bülbüloğlu regionda analoqu olmayan ən böyük Olimpiya kompleksinin üstünlüklərindən danışıb.

Prezident Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, ölkəsi idman sahəsində regional və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır və bu istiqamətdə konkret addımlar atır. Bildirilib ki, bu günlərdə keçirilən beynəlxalq konqresi qarşıdan gələn mötəbər oyunların mühüm hazırlıq mərhələsi kimi qiymətləndirmək olar.

Türkmənistana səfər və beynəlxalq konqresdə iştiraka dəvətə görə təşəkkürünü bildirən Azərbaycan diplomatı idmanın inkişafında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Türkmənistan Prezidenti və Azərbaycan səfiri əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə, sülh və inkişaf naminə genişlənəcəyinə əminlik ifadə ediblər.

növbəti xəbər əvvəlki xəbər


cet.az