2017-12-11
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfat etməsinin ildönümünə həsr edilmiş tədbir

 

Cari ilin 11 dekabr tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfat etməsinin ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycanın əməkdar jurnalisti Elmira Axundovanın müəllifi olduğu “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildli roman-tədqiqatının təqdimatı keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Səfirliyin binasındakı Heydər Əliyevin barelyefi qarşısına gül-çiçəklər qoymuşdurlar.

Mərasimi açan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu qonaqlara doğma dilimizdə müraciət etmiş, Azərbaycan xalqının yaddaşında əbədi həkk olunan Ulu öndərimiz haqqında xatirələrin bizi həmişə birləşdirdiyini söyləmişdir. Sonra nitqini rus dilində davam edən Səfir Polad Bülbüloğlu, Səfirlikdə ildə iki dəfə - Azərbaycan xalqının ümummilli liderinin doğum günü və vəfat etdiyi gün – onun əziz xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi mənəvi borcumuz olduğunu bildirmişdir. Səfir qeyd etmişdir ki, Ulu öndərimiz cismən bu dünyanı tərk etsə də, ruhən hər zaman qəblərimizdə qalır.

Hal-hazırda Moskvada Səfirliyin yerləşdiyi binanın bu baxımdan rəmzi xarakter daşıdığını yada salan Polad Bülbüloğlu, Heydər Əliyevin burada dəfələrlə olduğunu və 1990-cı ilin Qara Yanvar faciəsindən dərhal sonra o zaman Azərbaycanın Daimi nümayəndəliyi olmuş bu binaya gələrək bütün dünyaya öz siyasi iradəsi və prinsipiallığını nümayiş etdirdiyini demişdir.

Eyni zamanda o, SSRİ-nin süqutundan sonra Azərbaycanda hakimiyyətə gəlmiş səriştəsiz qüvvələrin qısa müddət ərzində ölkəni uçurum qarşısına gətirdiyini xatırlayaraq, məhz Heydər Əliyevin ziyalılarımızın tələbi ilə ölkə rəhbərliyinə qayıtmasının sözün əsl mənasında milli qurtuluşa gətirdyini vurğulamışdır. Ulu öndərin o dövrün çətin şəraitində daxili çaxnaşmaya son qoyaraq yeni sağlam dövlətçiliyimizin memarına çevrildiyini demişdir.

Sonra Polad Bülbüloğlu öz şəxsi təəssüratları ilə bölüşərək, Heydər Əliyevin hələ sovet dövründən etibarən incəsənət xadimlərinə böyük qayğı göstərdiyini, onun sayəsində Azərbaycanda bu gün tərənnüm edən sənət adamlarının parlaq bir nəslinin yetişdiyini yada salmışdır. Səfir qeyd etmişdir ki, taleyin hökmünə əsasən, Heydər Əliyev cəmi iki Mədəniyyət naziri ilə çalışmışdır: Sovet dövründə bu Zakir Bağırov, müstəqillik dövründə isə Polad Bülbüloğlu idi. Mədəniyyət naziri qismində on il Heydər Əliyevin Hökumətində çalışmağı böyük məktəb olduğunu vurğulayan Azərbaycanın Rusiyadakı Səfiri: “Bu mənə elə bir diplom vermişdir ki, onu dünyanın heç bir universitetində almaq mümkün deyil” deyə söyləmişdir.

Çıxışının sonunda Polad Bülbüloğlu bir daha vurğulamışdır ki, Heydər Əliyev şəxsiyyəti əbədidir və o, dünyada Azərbaycan və azərbaycanlılar mövcud olduqca həmişə yaşayacaqdır.

Sonra təqdim olunan kitabın müəllifi Elmira Axundova söz alaraq ilk öncə Heydər Əliyev Fonduna və kitabın işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlıq etmişdir. Əsərin yaradılması barədə öz xatirələri ilə bölüşərək, o, 1991-ci ilin yanvar ayında Naxçıvanda Heydər Əliyevlə ətraflı söhbət etdiyini yada salmışdır. Onun sözlərinə görə, Ulu öndərimiz ona Mixail Qorbaçovla fikir ayrılıqları, yanlış yolda olan SSRİ-nin yaxın zamanlarda dağılacağı, Azərbaycanın isə yenidən müstəqil olacağı və hamının bu məqsəd üçün çalışmalı olduğundan bəhs edirdi. Elmira Axundova etiraf etdi ki, həmin sözlər o zaman onu təəcübləndirdi. Lakin tarix Heydər Əliyevin əsl dahi dövlət xadimi və siyasi lider olduğunu göstərmişdir. Heç kəsin təsəvvürünə gəlməyən hadisələr baş vermiş və bu proseslərin önündə Heydər Əliyev durmuşdur. O, Naxçıvanı və sonra bütöv Azərbaycanı xilas etdi, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını bərpa etdi, torpağı kəndlilərin mülkiyyətinə qaytardı, strateji neft sazişləri imzaladı, milli ordunu və səmərəli dövlət aparatını yaratdı.

Bütün bu tarixi nailiyyətlərin əldə edilməsinin səbəbləri üzərində çox düşündüyünü deyən müəllif gəldiyi nəticə ilə bölüşdü – Heydər Əliyev zamanın nəbzini duyan və onun tələblərinə uyğun dəyişməyə qadir olan nadir tarixi şəxsiyyətlərdən biridir. Faktiki olaraq Heydər Əliyevin həyatı bir neçə siyasi dövrü əhatə etmiş və bütün XX əsri əks etdirmişdir. Elmira Axundova Heydər Əliyevin həqiqətən xoşbəxt insan, onun başlıca bəhrəsinin isə müstəqil Azərbaycan olduğunu deyərək nitqini bitirmişdir.

Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski Heydər Əliyev haqqında Rusiyada artıq bir neçə kitabın (o cümlədən “Əlamətdar simaların ömrü” silsiləsi çərçivəsində) dərc edildiyini qeyd etmiş, lakin təqdim olunan üçcildliyin onları üstələdiyini söyləmişdir. Bu əsərdə Heydər Əliyevin həyatı və siyasi portretinin daha dərindən təsvir edildiyini deyərək, Leonid Slutski Ulu öndərimizin bu gün sürətlə inkişaf edən və müstəqil siyasət aparan müasir Azərbaycanın dövlətinin banisi olduğunu vurğulamışdır.

Hal-hazırda Heydər Əliyevin siyasi kursunun inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni-yeni qələbələr qazandığını deyən komitə sədri buna çox sevindiyini bildirmişdir. O, bölgədə və dünyada öz nüfuzunu artıran dövlətimizin daxili iqtisadi və sosial inkişaf, habelə xarici ölkələrlə və xüsusilə Rusiya ilə əlaqələrin genişləndirilməsi istiqamətində davamlı tərəqqi yolu ilə irəlilədiyini qeyd edərək, bu uğurların təməlinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu və bu dahi şəxsiyyət barədə neçə-neçə kitabların yazılacağından əmin olduğunu söyləmişdir.

Rusiya Politoloji Cəmiyyətinin prezidenti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Oksana Qaman-Qolutvina bugünkü prosesləri, o cümlədən Rusiya-Avropa Birliyi arasında və digər istiqamətlərdə müşahidə edilən vəziyyətin səbəbləri üzərində çox fikirləşdiyini qeyd etmişdir. Onun fikrincə, həmin böhranların baş verməsi siyasi liderlərin olmamasındandır. Bir çox postsovet ölkələrinin acı misalı da bunu sübut edir. Uğur isə yalnız liderlər olan ölkələrin payına düşür. Alim Rusiyanın tarixinə nəzər salaraq həm 1917-ci, həm də 1991-ci ildə dövlətin süqutunu məhz bu amillə bağlamışdır. O fərz etmişdir ki, 1980-ci illərdə SSRİ-yə Heydər Əliyev kimi şəxsiyyətlər rəhbərlik etsəydi, bəlkə də ölkə dağılmazdı.

Oksana Qaman-Qolutvina Heydər Əliyevin daxilən bütöv və iradəli lider olduğunu demişdir. O, ölkə və xalq qarşısında məsuliyyət hiss edirdi və Vətənə xidmət yolunda zəhmətini əsirgərmidi. Lakin böyük vətənpərvər olmaqla yanaşı, Heydər Əliyev sözün əsl mənasında beynəlmiləlçi idi, dünya və rus mədəniyyətinə gözəl bələd olan parlaq siyasi sima idi. Onun həyatının və siyasi mirasının öyrənilməsi bu gün böyük əhəmiyyət kəsb edir.

Gürcüstanın sabiq mədəniyyət naziri, hal-hazırda “Mədəniyyətlərin dialoqu - XXI” assosiasiyasının prezidenti Valeri Asatiani Heydər Əliyev ilə şəxsən ünsiyyətdə olduğunu və bu xatirələrin onun yaddaşında ən əlamətdar təəssüratlar kimi qaldığını qeyd etmişdir. O, Heydər Əliyevi Azərbaycan mədəniyyətinin vurğunu, dahi Füzulidən gözlərinin nuru ilə söhbət etməkdən yorulmayan sözün həqiqi mənasında ali səviyyəli vətənpərvər kimi xatırladığını demişdir. Valeri Asatiani Heydər Əliyevi heç vaxt öz prinsiplərinə xəyanət etməyən nəinki siyasi xadim, fəlsəfi təfəkkürə malik olan dahi şəxsiyyət kimi səciyyələndirmişdir. Ulu öndərimizin Gürcüstana da səmimi rəğbət bəslədiyini və gürcü xalqının buna həmişə minnətdar olacağını qeyd etmişdir. Ele bu səbəbdən Tbilisidə Heydər Əliyevin heykəli və onun adını daşıyan prospekt mövcuddur. İki ölkə və xalq arasında inkişaf edən əlaqələr, o cümlədən fəal mədəni əməkdaşlıq da məhz Heydər Əliyevin qoyduğu təməl üzərində qurulmuşdur.

Rusiya Neft-qaz Sənayeçiləri İttifaqının sədri Gennadi Şmal Heydər Əliyevin 1980-ci illərdə SSRİ Nazirlər Şurası sədrinin birinci müavini olduğu dövrdə onun rəhbərliyi altında çalışdığını yada salmışdır. O, Heydər Əliyevin Qərbi Sibir neft-qaz əyalətinin inkişafında xüsusi xidmətlər göstərdiyini, Bakı neft sənayesinin zəngin təcrübəsini xırdalıqlarla qədər bildiyi səbəbindən, bu sahədə əsl peşəkar rəhbər olduğunu qeyd etmişdir. Gennadi Şmal “Heydər Əliyevin bugünkü nəsil üçün nümunədir” – deyə sözünə yekun vurmuşdur.

Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ-nin xalq rəssamı Zurab Tsereteli də öz xatirələri ilə bölüşərək Heydər Əliyevin sənətsevər, səmimi insan olduğunu söyləmişdir. O, Azərbaycan xalqının xoşbəxtliyinin Heydər Əliyev kimi böyük siyasi lider və gözəl şəxsiyyətə malik olmasından ibarət olduğundan əminliyini ifadə etmişdir.

Tədbirin bütün iştirakçıları Ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini yada salaraq, onun əməyinin məhsulu olan müasir Azərbaycan Respublikasına yeni-yeni nailiyyətlər diləmişdirlər.

Tədbirdə Rusiya Dövlət Duması, Xarici işlər nazirliyi, digər dövlət qurumlarının rəhbərliyini təmsil edən şəxsər, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin və Rusiyanın Azərbaycan Gəncləri Birliyinin məsul əməkdaşları, görkəmli ictimai-siyasi və incəsənət xadimləri, habelə Azərbaycandan gələn Milli Məclisin deputatları, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və bu günlərdə Moskvada keçirilən MDB dövlətləri yaradıcı və elm ziyalılarının XII Forumunda ölkəmiiz təmsil edən nümayəndə heyətinin digər üzvləri, eləcə də Heydər Əliyevlə müxtəlif dövrlərdə çalışmış sabiq rəsmilər, jurnalistlər, diasporumuzun tanınmış simaları, ziyalılar, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər qurumların təmsilçiləri iştirak etmişdirlər.

Təqdimat mərasimi Azərbaycan və Rusiya KİV-i tərəfindən geniş işıqlandırılmışdır.

 

0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21

növbəti xəbər əvvəlki xəbər