2018-02-26
Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbirə dair

Hər il olduğu kimi, cari ildə də Səfirlik tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və erməni millətçilərinin Azərbaycan xalqına qarşı amansız, insanlıq çərçivələrinə sığışmayan siyasətinin dəhşətli üzünü açmaq məqsədilə bir sıra tədbirlər görülmüşdür. Belə ki, Xocalı faciəsinin 26-cı ildönümünə dair press-reliz öncədən Moskvada akkreditə olunan bütün diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlara göndərilmişdir.

26 fevral tarixində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Moskvada yerləşən “Yəhudi muzeyi və tolerantlıq mərkəzi”ndə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyi və Rusiyanın Azərbaycan Gəncləri Birliyi – RAGB (Азербайджанское молодёжное объединение России – АМОР) tərəfindən Xocalı soyqırımına həsr olunmuş xatirə gecəsi təşkil edilmişdir.

Muzeyin foyesində Ermənistan-Azərbaycan münaqişəsindən, Xocalı soyqırımından bəhs edən ədəbiyyat və bukletlər tədbir iştirakçılarına təqdim edilmişdir. Həmçinin, Xocalı sakini Dürdanə Ağayevanın “8 gün erməni əsirliyində” adlı kitabı da nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu salonda toplaşan çoxsaylı həmvətənlərimizə, xüsusilə gənc nəslin nümayəndələrinə Azərbaycan dilində müraciət etdi.

Çıxışını rus dilində davam edən Səfir fevralın 25-dən 26-na keçən gecə erməni silahlı bölmələrinin Sovet İttifaqının 366-cı moto-atıcı alayının köməkliyi ilə Xocalı şəhərini dörd tərəfdən mühasirəyə aldığı, artilleriya və ağır texnika vasitəsilə şəhəri güclü atəşə tutduğu, sonra məhv edilmiş, alova bürünmüş şəhərə hücum edildiyi barədə məlumat verdi. O bildirdi ki, dəhşətli hadisə zamanı 613 insan qətlə yetirilmiş, aralarında qoca, qadın və uşaqların olduğu 1275 dinc sakin girov götürülmüş, 487 nəfər əlil qalmış və 150 nəfər haqqında isə hələ də heç bir məlumat yoxdur. “İnsanların diri-diri yandırılması, başlarının kəsilməsi, gözlərinin çıxarılması və hamilə qadınların bədənlərində alçaldıcı izlərin olması, bu hadisənin qəddarcasına təşkil edildiyini və əsl soyqırım olduğunu sübut edir. Onlar sadəcə azərbaycanlı olduqları, Xocalıda, Qarabağda yaşadıqları üçün öldürülmüşlər” – deyə Səfir çıxışına davam etmişdir.

Hazırda dünyanın 16 ölkəsi və Amerika Birləşmiş Ştatlarının 19 Ştatı Xocalıda baş verən hadisələri soyqırım aktı kimi tanımışdır. Faciəyə beynəlxalq aləm tərəfindən qiymət verilməsinin vacibliyi qeyd olunaraq, əks halda belə halların təkrarlanmasının qaçılmaz olduğu vurğulanmışdır.

“Xocalıya ədalət” şüarı altında başlanılmış kampaniya ilə Xocalı soyqırımına dünya ictimaiyyətinin diqqətini cəlb etdiyinə görə, Səfir Leyla xanım Əliyevaya xüsusi minnətdarlığını bildirmişdir.

“Yəhudi muzeyi və tolerantlıq mərkəzi”nin rəhbərliyinə təşəkkür edən Səfir, tarixdə heç də az faciə ilə qarşılaşmayan yəhudilərin Azərbaycan xalqına qarşı edilmiş zülməti hər kəsdən daha yaxşı anladıqlarını qeyd etmişdir.

İştirakçılara təqdim ediləcək “Zülmətdən qaçarkən” filminin ilk dəfə Los-Anceles şəhərində “Xolokost”a həsr olunmuş iri muzeylərdən olan Tolerantlıq Muzeyində nümayiş olunduğu bildirilmişdir.

Nitqinə yekun vuraran Səfir Polad Bülbüloğlu tədbirə təşrif buyuraraq, Azərbaycan xalqının dərdinə şərik olan hər kəsə minnətdarlıq etmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq şöbəsinin müdiri Nizami Səfərov çıxış edərək beynəlxalq ictimaiyyət tərəfindən faciəyə verilmiş siyasi qiymətə diqqət yetirməyin vacib olduğunu qeyd etdi. Xocalı şəhərində törədilmiş soyqırıma görə hələ də heç kəsin mühakimə olunmadığı, beynəlxalq aləmdə ikili standartların qaldığı xüsusi vurğulanmışdır. Tarixdə hərbi cinayətkarların uzun müddət keçdikdən sonra mühakimə olunması faktlarından danışan natiq, Xocalı qətliamını törədənlərin də nə vaxtsa mühakimə ediləcəyinə əmin olduğunu ifadə etdi.

“Avrasiya ideyalarının mərkəzi” elmi araşdırmalara dəstək Fondunun Ekspert şurasının sədri Qriqori Trofimçuk 26 fevralın Azərbaycan tarixinin ən ağır faciəli səhifəsi kimi qaldığını bildirdi. Xocalı faciəsinin təkcə xocalıların deyil, bütün bəşəriyyətin faciəsi olduğunu vurğulayaraq, Azərbaycanın 25 ildən artıqdır ki, dünya ictimaiyyətini soyqırım barədə məlumatlandırdığını diqqətə çatdırdı. “Xocalıya ədalət” şüarı altında başlanılmış kampaniya ilə Xocalı soyqırımına dünya ictimaiyyətinin diqqətinin cəlb olunmasında obyektiv işin təmkinlə aparılmasının vacib olduğunu söylədi. 

Rusiya Elmlər Akademiyasının Slavyanşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi İlqar Məmmədov çıxış edərək, Xocalı qətliamının törədilməsi ilə insan haqlarına dair beynəlxalq müqavilələrin tələblərinin kobud şəkildə pozulduğunu qeyd etdi. “2010-cu ildə Avropa İnsan Haqları məhkəməsinin Xocalı qətliamını hərbi və ya insanlığa qarşı törədilmiş cinayətə bərabər tutula bilən xüsusi qəddarlıqla törədilmiş əməl kimi tövsif etməsi və İslam Əməkdaşlıq Təşkilatının 2013-cü ildə Xocalıda baş verənləri soyqırım kimi tanıması barədə Qətnamə qəbul etməsi Azərbaycanın faciənin tanıdılması istiqamətində apardığı diplomatik səylərinin nəticəsidir” - deyə nitqini tamamladı.

İsraildən xüsusi olaraq bu tədbirdə iştirak etmək üçün dəvət olunan, kinorejissor, dramaturq Yefraim Abramov “Azərbaycan-İsrail” beynəlxalq dostluq Assosiasiyası tərəfindən ABŞ və Avropa Birliyi ölkələrində Xocalı qətliamının tanınması məqsədilə görülən işlər barədə geniş məlumat verdi. O, iki il əvvəl Qüds şəhərində 120 yaşı olan “Prezident parkı”nda Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkildiyini xatırlatdı.

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Dövlətlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin köməkçisi Natalya Krasovskaya D.Savelyevin Xocalı faciəsinin 26-cı ildönümünə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı başsağlığı teleqramını oxudu. Teleqramda Rusiya xalqının Azərbaycanın kədərini bölüşdüyü xüsusi vurğulanır, 26 fevral tarixində 613 insanın Xocalıda amansızlıqla qətlə yetirilməsi pislənilir və bu cür faciələrin gələcəkdə təkrarlanmaması üçün, mümkün olan hər şeyin edilməsinin vacibliyi qeyd olunur.

Sonra beynəlxalq əlaqələr üzrə İsraildən olan ekspert  Arye Qutun tədbir iştirakçılarına ünvanladığı “Xocalıya Ədalət tələb edirik” adlı müraciəti oxunmuşdur.

Gecənin rəsmi hissəsi Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başa çatmışdır.

Anım mərasiminə Rusiya ictimaiyyətinin nümayəndələri, RAGB-in üzvləri, bir çox ölkələrin Moskvada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və tanınmış ziyalılar qatılmışlar.

Rusiya Yəhudi İcmaları Federasiyanın prezidenti, “Yəhudi muzeyi və tolerantlıq mərkəzi”nin təsisçisi və direktoru Aleksandr Boroda tədbirdən sonra Azərbaycan və yerli mətbuata müsahibə vermişdir. Azərbaycanı öz vətəndaşlarını sevən güclü, tolerant və tərəqqi edən ölkə kimi qiymətləndirmiş, güclü və müstəqil Azərbaycanın Xocalı faciəsinin bir daha təkrar edilməyəcəyinə zəmanət olduğunu bildirmişdir. “Xocalıda mülki şəxslər – uşaqlar, qocalar həlak oldular, onları azərbaycanlı olduqları üçün qətlə yetiriliblər. Azərbaycan xalqına bir daha bu cür faciələrin təkrarlanmamasını arzulayıram” – deyə A.Boroda Xocalı ilə bağlı fikirlərini bölüşdü.

Qonaqlar “Xocalıya ədalət” kampaniyasının aparılma formasını Azərbaycanın düzgün seçimi və böyük müvəffəqiyyəti kimi səciyyələndirmiş, həmin fəaliyyətin öz nəticəsini verəcəyinə dair əminliyini bildirmişdirlər.

növbəti xəbər əvvəlki xəbər