2018-12-10
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünə dair

Cari ilin 10 dekabr tarixində Azərbaycan Respublikasının Səfirliyi və Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan anım mərasimi keçirilmişdir.

İlk öncə tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanan və ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş olundu.

Qonaqları salamlayan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu ildə iki dəfə, Azərbaycan xalqının ümummilli liderinin ad günü və vəfatı günü, onun əziz xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsinin mənəvi borcumuz olduğunu bildirdi. Son 12 il ərzində Səfirlikdə təşkil olunan xatirə gecələrinə gələn hər bir şəxsə öz minnətdarlığını ifadə etdi.

Mədəniyyət naziri qismində 10 il Heydər Əliyevin komandasında çalışmağımın böyük məktəb olduğunu vurğuladı.

Polad Bülbüloğlu Heydər Əliyevin xidmətlərini xatırladaraq, onun Sovet dövründə bir çox fövqəladə məsələlər üzrə Komissiyalara rəhbərlik etdiyini, çətin məsələlərdə insanların onun məsləhətinə ehtiyac duyduğunu, məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtmasının milli qurtuluşa gətirdiyini vurğuladı. Ulu öndərimizin o dövrün mürəkkəb şəraitində daxili böhrana son qoyduğunu, yeni sağlam dövlətçiliyimizin memarına çevrildiyini bildirdi.

Azərbaycan Səfiri ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında son 15 il ərzində ölkəmizin çiçəklənmə yolu ilə getdiyini və Azərbaycanın bu gün dünya xəritəsində layiqli yer tutduğunu xüsusilə qeyd etdi.

Qonaqların nəzərinə çatdırdı ki, Heydər Əliyev həmişə mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə də Nizami, Fizuli, Nəsimi kimi dahi şəxsiyyətlərə böyük diqqətlə yanaşdığını bildirmişdi. Polad Bülbüloğlu bu yaxınlarda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda böyük şair İmadəddin Nəsiminin büstünün açılışı mərasimində Heydər Əliyevin nəvəsi, İlham Əliyevin qızı Leyla Əliyevanın iştirak etdiyini və onun babasının bu sahədə apardığı işləri layiqincə davam etdirdiyini xüsusi vurğuladı.  

Ümummilli lider Heydər Əliyev haqqında saatlarla danışmaq iqtidarında olduğunu deyən Azərbaycanın Səfiri, vaxt azlığını nəzərə alaraq, digər qonaqları onun haqqında fikirlərini bölüşməyə dəvət etdi.  

Rusiya Federasiyası Prezidentinin Xəzər dənizi regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov məhz Heydər Əliyevin adı ilə bağlı Səfirlikdə ildə iki dəfə əlamətdar günlərin qeyd edildiyini vurğuladı. Bildirdi ki, Heydər Əliyev haqqında danışanda Azərbaycanın tanınmış xadimləri və görkəmli şəxsləri yada düşür. O, Heydər Əliyevi Qafqaz xalqlarının tarixində ən görkəmli şəxs adlandırdı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ona böyük hörmətlə yanaşdığını və ilk xarici səfərlərindən birini məhz Azərbaycan Respublikasına etdiyini diqqətə çatdırdı. Ramazan Abdulatipov onun üçün doğma olan Dağıstan və Əliyevlər ailəsi arasında sıx əlaqənin mövcud olduğunu söylədi. Azərbaycanın görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin müharibə dövründə Dağıstana rəhbərlik etdiyini və 1943-cü ildə Dağıstan xalqının mədəniyyətinin inkişafı üçün verdiyi önəmli sərəncamları xatırlatdı. Heydər Əliyevin xatirəsinin tək Azərbaycanda deyil, həmçinin Rusiyada  həmişə yaşayacağına əmin olduğunu bildirdi.  

Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryov qeyd etdi ki, böyük siyasətçi və görkəmli şəxsiyyət Heydər Əliyev haqqında bu gün danışmaq qürur hissi oyadır və onun parlaq xatirəsinin yaşaması üçün əlimizdən gələni etmək hər birimizin borcudur. Heydər Əliyevin Sovet dövründə ən məsuliyyətli vəzifələrdə çalışdığını, ən mühüm sahələrə cavabdeh olduğunu bildirdi. Azərbaycan üçün ən mürəkkəb zamanda Heydər Əliyev Azərbaycan xalqını səfərbər etdi, ölkəsinin inkişafı üçün tələb olunan strateji prioritetləri müəyyənləşdirdi. Sergey Çebotaryov bu gün İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyini fəxrlə vurğuladı.                  

Bakıya səfərlərinin birindən sonra Dərbəndə gəldiyi zaman, Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanov və Xarici İşlər Nazirinin müavini, stats-katibi Qriqoriy Karasin ilə bir yerdə orada Heydər Əliyev adına küçədə gəzdiyini və bundan bir neçə gün sonra nazir vəzifəsinə təyin olunmasını xüsusi işarə kimi qəbul etdiyini bildirdi.

Aviasiya və hava məkanından istifadə üzrə Dövlətlərarası Şuranın prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina öz çıxışında bildirdi ki, Heydər Əliyev onun üçün təkcə gözəl keçmişi yox, həmçinin indiki zamanı da təcəssüm etdirir. İnsanların təhlükəsizliyi ilə səciyyələndiyi üçün aviasiyanın onun xüsusi diqqət yetirdiyi sahələrdən biri olduğunu vurğuladı. Aralarında olan dost münasibətlərdən bəhs etdi və rəhbərlik etdiyi təşkilatın 2-ci qərargahının Bakıda yerləşdiyi üçün paytaxtımıza tez-tez gəldiyini söylədi.

Şəxsi arxivindən tapdığı və 31 oktyabr 2003-cü il tarixində İlham Əliyevin and içmə mərasimi günündə Heydər Əliyevə yazdığı məktubu tədbir iştirakçılarına oxudu.        

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Heydər Əliyevin azərbaycanlı ziyalıların xalqın ən əhəmiyyətli hissəsi və ölkənin inkişafı üçün aparıcı qüvvə olduğunu dərk edərək, onlara bəslədiyi xüsusi diqqətdən söz açdı. Heydər Əliyevin mədəniyyət və elm xadimlərinə göstərdiyi qayğını, Azərbaycan və dünya ədəbiyyatı ilə yaxından tanış olduğunu vurğuladı. Qeyd etdi ki, bu gün müasir Azərbaycan Heydər Əliyevin ən gözəl abidəsidir və İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı ümummilli lider Heydər Əliyevdən qalan ən yaxşı xatirədir.      

MDB-nin icraçı katibi Sergey Lebedev keçmişdə təhlükəsizlik orqanlarında işlədiyini nəzərə alaraq, onun üçün Heydər Əliyevdə olan 2 vacib xüsusiyyəti qeyd etdi. İlk növbədə Heydər Əliyevin dövlət adamı olduğunu və onun bütün məsələlərə münasibətdə dövlət yanaşması nümayiş etdirdiyini, ölkəsinin təhlükəsizlik maraqları baxımından yanaşdığını, eyni zamanda, onun sözün əsl mənasında beynəlmiləlçi olduğunu vurğuladı. Ulu öndərimizin bu gün sürətlə inkişaf edən və müstəqil siyasət aparan müasir Azərbaycan dövlətinin banisi olduğunu vurğuladı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həyata keçirdiyi uğurlu siyasətdə müvəffəqiyyətlər dilədi.

Səfir Polad Bülbüloğlu tədbirin davamında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 may 2018-ci il tarixli Sərəncamı ilə Rusiyada fəaliyyət göstərən bir sıra mədəniyyət xadimlərimizə fəxri adların verildiyini, onların bir çoxuna müvafiq vəsiqə və nişanların təqdim etdiyini bildirdi. Bu gün isə həmin sərəncamla xalq artist adına layiq görülmüş rejissor Tofiq  Şahverdiyev və müğənni Sərxan Sərxanın tədbirdə iştirak etdiyini qeyd edərək, onları səhnəyə dəvət etdi və xalq artisti döş nişanı və vəsiqəsini təqdim etdi.

Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının sədr müavini, Beynəlxalq işlər üzrə Rusiya Qəyyumluq Şurasının üzvü Aleksandr Dzasoxov çıxış edərək Heydər Əliyevin Suriyanın Prezidenti Hafiz Əsəd ilə keçirdiyi görüş zamanı İmadəddin Nəsiminin Hələb şəhərindəki məzarı ilə bağlı Azərbaycan tərəfinin mövqeyini və xalqın istəyini Suriya dövlət başçısına çatdırdığını bildirdi. Azərbaycan xalqının dünya xalqları sırasında öz yerini tutduğunu və Heydər Əliyevin vəfatından sonra 15 il keçdiyinə baxmayaraq bu gün də onun Azərbaycan xalqı tərəfindən ehtiramla yada salındığını vurğuladı.

Rusiya Neft-qaz Sənayeçiləri İttifaqının sədri Gennadi Şmal bu yaxınlarda Surqut şəhərinin hava limanına Fərman Salmanovun adının verilməsi münasibətilə tədbir iştirakçılarını ürəkdən təbrik etdi. İndiki nəslin bu cür görkəmli insanların həyatı və fəaliyyəti ilə yaxından tanış olmasının vacibliyini qeyd etdi. Heydər Əliyevin 1980-ci illərdə SSRİ Nazirlər Şurası sədrinin birinci müavini olduğu dövrdə onun rəhbərliyi altında çalışdığını yada saldı. Heydər Əliyevin rəhbərlik etdiyi operativ məsələlər üzrə Komissiyaya iqtisadi sahədə ən problemli istiqamət olan nəqliyyat və sənaye sektorunun həvalə edildiyini bildirdi. Neft və qazın həmişə bizi birləşdirən əsas dəyərlərdən biri kimi çıxış etdiyini və Sovet dövründə də bütün ittifaqda Bakının firavanlığın təcəssümü olduğunu söylədi.

Tədbirin sonunda Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Valeri Vorona Heydər Əliyev haqqında öz ürək sözlərini bölüşdü.

Mərasimdə həmçinin Valeri Voronanın rəhbərliyi altında gənc kamera orkestrinin ifasında dünya klassiklərinin əsərləri səsləndirilmişdir.

Tədbirdə Rusiya Dövlət Dumasının deputatları, XİN və digər dövlət qurumlarının rəhbərliyini təmsil edən rəsmi şəxslər, Moskvada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, tanınmış ictimai-siyasi və incəsənət xadimləri, ziyalılar, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, eləcə də Heydər Əliyevlə müxtəlif dövrlərdə çalışmış şəxslər, jurnalistlər və diasporumuzun nümayəndələri iştirak etmişlər.

Tədbir Azərbaycan və Rusiya kütləvi informasiya orqanları tərəfindən geniş şəkildə işıqlandırılmışdır.

növbəti xəbər əvvəlki xəbər