2019-01-16
Rusiya Federasiyasında akkreditə olunmuş səfirlərin Zurab Sereteli ilə görüşü

16 yanvar 2019-cu il tarixində “Adamovo yabloko” sərgi kompleksində Moskvadakı diplomatik korpusun duayeni Səfir Polad Bülbüloğlunun təşəbbüsü və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF XİN) Dövlət protokolu departamentinin dəstəyi ilə Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ xalq rəssamı Zurab Seretelinin 85 illik yubileyi münasibətilə Rusiya Federasiyasında akkreditə olunmuş səfirlərin rəssamla görüşü keçirilmişdir.                                                                                  

Tədbiri giriş sözü ilə açan RF XİN-in Dövlət protokolu departamentinin rəisi İqor Boqdaşev Səfir Polad Bülbüloğluna Moskvadakı  diplomatik korpusun duayeni olaraq sözügedən görüşün təşkil edilməsi ideyasını irəli sürdüyünə görə minnətdarlığını bildirmiş, yubilyarı təbrik edərək ona uzun ömür arzulamışdır.                                                                                  Səfir Polad Bülbüloğlu çıxışında Rusiya Rəssamlıq Akademiyasının  incəsənət dolu gözəl zalında həmkarları ilə bir araya gəlməyindən olduca məmnun olduğunu qeyd etmiş, Zurab Seretelinin yaradıcılığı barədə danışaraq onun bütün ömrü boyu öz yaradıcılığı ilə ölkələri və xalqları birləşdirdiyini qeyd etmişdir. O, bütün həmkarlarına gözəl insan, böyük rəssam Zurab Seretelini təbrik etmək üçün vaxt tapıb tədbirdə iştirak etdiklərinə görə təşəkkür etmiş, yubilyara uzun ömür və çoxlu yeni gözəl əsərlər yaratmağı arzu etmişdir.  

Mərasimdə həmçinin Rusiya Federasiyasının MDB, xaricdə yaşayan həmvətənlərlə iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Agentliyinin (Rossotrudniçestvo) rəhbəri Eleonora Mitrofanova, RF Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina çıxış edərək  Zurab Seretelini təbrik etmiş, onun şəxsiyyəti və yaradıcılığı barəsində xoş sözlərini qonaqlarla bölüşmüşlər. Eleonora Mitrofanova RF XİN rəhbərliyi və Rossotrudniçestvo-nun adından Zurab Sereteliyə “beynəlxalq əməkdaşlığa töhfəyə görə” medalını, Tatyana Anodina Dövlətlərarası Aviasiya Komitəsinin xatirə medalını, M.M.İppolitov-İvanov adına Dövlət Musiqi-Pedaqoji İnstitutunun rektoru, Rusiyanın əməkdar incəsənət xadimi Valeri Vorona “Rus ifa sənəti” ictimai fondunun mükafatı olan “Musiqi mədəniyyətinin inkişafına töhfəyə görə” medalını yubilyara təqdim etmişlər.           Çıxışlardan sonra Valeri Voronanın bədii rəhbərliyi altında M.M.İppolitov-İvanov adına Dövlət Musiqi-Pedaqoji İnstitutunun tələbələrindən ibarət orkestr tərəfindən Avropa klassiklərinin əsərləri, gürcü vokal kvartetinin ifasında müxtəlif dillərdə dünya xalqlarının mahnıları səsləndirilmişdir.                                                           

Tədbirdə RF xarici işlər nazirinin müavini – stats-katibi Qriqori Karasin, RF XİN-in departament rəhbərləri, Rusiyanın tanınmış incəsənət və mədəniyyət xadimləri, 73 ölkənin Rusiyada akkreditə olunmuş səfirləri və yüksək vəzifəli diplomatları, 13 beynəlxalq təşkilatın Moskvadakı nümayəndəliklərinin rəhbərləri iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər