2019-08-08
Səfir Polad Bülbüloğlu “Avrasiya Xalqları Assambleyası” QHT-lərinin beynəlxalq ittifaqının baş katibini qəbul etmişdir

Cari ilin 8 avqust tarixində Səfir Polad Bülbüloğlu “Avrasiya Xalqları Assambleyası” Qeyri-hökumət təşkilatlarının beynəlxalq ittifaqının baş katibi Andrey Belyaninovu, onun birinci müavini - Avrasiya Xalqları Assambleyasının baş katibliyinin rəhbəri Svetlana Smirnovanı, müavini Mixail Fyodorovu, Assambleyanın baş katibliyinin rəhbərinin layihə fəaliyyəti üzrə müavini Tatyana Fyodorovanı, beynəlxalq əməkdaşlıq üzrə müavini Yuliya Petrovanı və Assambleyanın beynəlxalq mədəniyyət əməkdaşlığı şurasının sədri Elmira Şerbakovanı qəbul etmişdir.

Görüşdə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, həyata keçirdikləri layihələr haqqında məlumat verən Andrey Belyaninov, 2019-cu ilin 29 sentyabr – 5 oktyabr tarixlərində Azərbaycan Respublikasında LİFFT-2019 IV Avrasiya ədəbiyyat festivalının təşkil olunacağını diqqətə çatdırmışdır. Baş katib sözügedən tədbirin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirildiyini vurğulayaraq, həmin ərəfədə ölkəmizdə daha bir tədbirin – Avrasiya Xalqları Assambleyası günlərini keçirmək istədiklərini bildirmiş və bu məsələdə Azərbaycan tərəfindən müvafiq köməklik göstərilməsini xahiş etmişdir. O, oxşar tədbirlərin Monqolustan və Bolqarıstanda da keçirildiyini qeyd etmişdir.

Səfir Polad Bülbüloğlu Assambleyanın fəaliyyətinə dair verilmiş ətraflı məlumata görə qarşı tərəfə təşəkkürünü ifadə edərək, səsləndirilən təklifin nəzərdən keçiriləcəyini bildirmişdir.

Həmçinin görüş əsnasında regionda baş verən proseslər müzakirə olunmuşdur. Bu kontekstdə Polad Bülbüloğlu diqqəti son günlər Ermənistan rəhbərliyinin etdiyi məsuliyyətsiz bəyanatlarına çəkərək, onların danışıqlar prosesinə ciddi xələl gətirdiyini qonaqların diqqətinə çatdırmışdır.

Mixail Fyodorov təmsil etdiyi təşkilatın “Sülh və quruculuq naminə birgə qalib olduq” adlı layihəsi haqqında danışmışdır. Növbəti il İkinci dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunacağına toxunaraq, sözügedən müharibənin acı nəticələri, digər ölkələrlə yanaşı Çin, Monqolustan və Hindistanın verdiyi qurbanlara toxunmuş və sözügedən müharibə haqqında danışarkən bu ölkələrin yerləşdiyi coğrafiyanın unudulmamasının vacibliyini önə çəkmişdir.

Azərbaycanın Səfiri son dövrlər radikal milliyyətçiliyin təzahür etdiyini, faşizmin qəhrəmanlaşdırılması cəhdlərinin müşahidə olunduğunu bildirmiş və belə halların artmasından narahatlığını ifadə edərək, misal kimi Ermənistanda Qareqin Njdeyə abidənin ucaldılmasını göstərmişdir. Bundan əlavə, Ermənistan dövlət rəsmilərinin açılış mərasimində iştirakı faktını önə çəkərək, belə halların olduqca təhlükəli olduğunu vurğulamış və buna indiyədək lazımi reaksiyanın verilmədiyini təəssüflə qeyd etmişdir.

Andrey Belyaninov İkinci dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adı almış kifayət qədər azərbaycanlının olduğunu bildirərək, onlardan birinin şərəfinə Bakıda abidənin ucaldılması fikrini irəli sürmüşdür. Səfir Polad Bülbüloğlu təklifi müsbət qarşılamışdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər