2019-10-31
“V.B.O.N” səhifəsi ilə bağlı sosial şəbəkələrdə və mətbuatda qərəzli şəkildə şişirdilərək yayılan məlumatlara dair

“VKontakte” sosial şəbəkəsində yaradılmış “V.B.O.N” səhifəsi, həmçinin onun üzvlərinin guya milliyyətçi və hətta terrorçuluq fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə və mətbuatda qərəzli şəkildə şişirdilərək yayılan məlumatlarla əlaqədar Səfirlik bəyan edir ki, antiazərbaycan qüvvələr tərəfindən təşkil olunan bu kampaniya Rusiya azərbaycanlılarını gözdən salmağa, millətlərarası, konkret olaraq, ruslarla azərbaycanlılar arasında nifaq salmağa yönəlmişdir.

Baş verənlərin xronologiyası göstərir ki, bu kampaniyaya məhz  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilmiş XVI illik iclasının plenar sessiyasında, eləcə də MDB Dövlət Başçıları Şurasının 2019-cu il oktyabrın 11-də Aşqabadda keçirilmiş iclasında etdiyi məlum çıxışlarından sonra start verilmişdir. MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti Qaregin Njdeni misal gətirərək, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin və faşizm ardıcıllarının xatirəsinin əbədiləşdirilməsinin yolverilməzliyini vurğulamışdır.

Biz hamımız milliyyətçi əhval-ruhiyyə və baxışların nəticələrinin, eləcə də onların hansı dünya miqyaslı faciələrə gətirib çıxara biləcəyinin şahidiyik. Buna görə də çoxmillətli dövlətlər olan Azərbaycan və Rusiya bu cür təzahürlərə olduqca ehtiyatla yanaşır və onları kökündən kəsir. Bizim ölkələrdə milliyyətçi baxışlara yer yoxdur. Hər iki ölkədə müxtəlif millətlərin və konfessiyaların nümayəndələri yüzilliklər boyu sülh və həmrəylik şəraitində dinc yaşayıblar.

Bu gün Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər strateji səviyyəyə qalxıb. Bütün sahələrdə əlaqələrimiz fəal inkişaf edir. Əlbəttə ki, bu, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməyə, rus və Azərbaycan xalqlarını küsdürməyə çalışan üçüncü qüvvələri qane etmir. 

Rusiya Federasiyasının hüquq-mühafizə orqanları artıq həmin qüvvələr barədə araşdırmaya başlayıb və biz də o qüvvələrin diqqətinə çatdırırıq ki, onların canfəşanlıqları əbəsdir. Tolerantlıq azərbaycanlıların və rusların həyat tərzidir. Biz bu kampaniyanın mahiyyətini anlaya biləcək və onun çox zərərli təsiri altına düşməyəcək qədər müdrikik. Onsuzda gərgin vəziyyəti daha da gərginləşdirməyə çalışan ekstremallara isə öz düşünülməmiş addımlarının nəticələri barədə fikirləşməyi məsləhət görürük.  

Naməlum müəlliflərin sosial şəbəkələrdə yaydıqları ayrı-ayrı videolara gəldikdə isə hesab edirik ki, onların həqiqiliyi müvafiq hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalı, təqsirkarlar Rusiya qanunvericiliyi çərçivəsində cəzalarını almalıdırlar. Eyni zamanda, heç şübhəsiz ki, Rusiya cəmiyyətində guya azərbaycanlılarda ruslara qarşı milli dözümsüzlüyün olması fikrini formalaşdırmaq məqsədi daşıyan bu cür videomaterialların yayılması təcrübəsini kəskin qınayırıq.

Səfirlik bütün həmvətənlərimizi diqqətli olmağa, Rusiyada yaşayan azərbaycanlıların imicinə xələl gətirə, habelə Azərbaycana qarşı istifadə oluna biləcək hər hansı təxribatlara uymamağa çağırır.

növbəti xəbər əvvəlki xəbər