2019-12-27
Rusiya XİN-i Səfir Polad Bülbüloğluna təşəkkür məktubu ünvanlamışdır

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Dövlət Protokolu Departamenti tərəfindən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının Rusiyanın mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış edilməsi məqsədilə həyata keçirilən təşəbbüs çərçivəsində cari ilin 27 dekabr tarixində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Moskva şəhərində akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərin sözügedən konservatoriyanın rəhbərliyi ilə görüşü təşkil edilmişdir.

Konservatoriyanın rektoru Aleksandr Sokolov tədbiri giriş sözü ilə açaraq diplomatik nümayəndəliklərin başçılarını rəhbərlik etdiyi müəssisədə görməkdən məmnun qaldığını, konservatoriya ilə tanışlıq məqsədilə iştirakçılar üçün xüsusi proqram hazırlandığını qeyd etmişdir. O, proqramın ekskursiya, sərgi və konsertdən ibarət olduğunu diqqətə çatdıraraq, bugünkü tədbirin diplomatik korpusla gələcək əməkdaşlığın təməlini qoyacağına əminliyini ifadə etmişdir.

Aleksandr Sokolov çıxışının sonunda duayen qismində sözü Səfir Polad Bülbüloğluna vermişdir.                                                            

Polad Bülbüloğlu çıxışında həmkarlarına vaxt tapıb Moskva Dövlət Konservatoriyası kimi incəsənət məbədinə təşrif buyurduqlarına görə təşəkkürünü bildirmişdir. Konservatoriyanın binasının onun həyatında xüsusi yer tutduğunu, tanınmış opera müğənnisi, atası Bülbülün vaxtilə burada çıxış etdiyini, bu gözəl binada səhnə almağın Polad Bülbüloğluna da bir neçə dəfə nəsib olduğunu diqqətə çatdırmışdır. Konservatoriyada dünyada tanınmış musiqiçilərin unikal konsertlərinin keçirildiyini vurğulayaraq, həmkarlarına Moskvada çalışdıqları müddət ərzində tez-tez bu mədəniyyət ocağına baş çəkmələrini tövsiyə etmişdir. Konservatoriyada məşhur və nüfuzlu P.İ.Çaykovski adına beynəlxalq musiqi müsabiqəsinin keçirildiyini, həmin müsabiqəyə bütün ölkələrin gənc musiqiçilərinin böyük həyəcanla hazırlaşdıqlarını qeyd edərək, 1958-ci ildə Soyuq müharibənin qızğın vaxtında amerikalı pianoçu Van Klibernin həmin müsabiqənin qalibi olduğunu qonaqların diqqətinə çatdırmışdır. Bu faktın musiqi və incəsənətin siyasətdən, düşmənçilik münasibətlərindən üstün olduğunu bir daha təsdiqlədiyini vurğulamışdır. Sonda yeni il münasibətilə bütün həmkarlarını təbrik edən Səfir, onlara ən xoş arzularını çatdırmışdır.

Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu Departamentinin rəis müavini Viktoriya Vasina təmsil etdiyi departament tərəfindən diplomatik korpusun Rusiyanın mədəni irsi ilə tanışlığı məqsədilə görülən işlər barədə məlumat vermiş, bu çərçivədə son iki ildə yüksək səviyyəli on altı tədbirin keçirildiyini, bugünkü görüşün proqramının da maraqlı və dolğun olduğunu bildirmişdir. 

Sözügedən departamentin digər rəis müavini Georgi Kuznetsov isə çıxışında konservatoriyadakı tədbirin Rusiya Xarici İşlər Nazirliyinin diplomatik korpusa hədiyyəsi kimi qəbul edilməsini xahiş edərək, eyni zamanda diplomatik korpus üçün tədbirlərin yüksək səviyyədə təşkilində Polad Bülbüloğlunun duayen kimi rolunu vurğulamışdır. O, Dövlət Protokolu Departamentinin rəisi İqor Boqdaşev tərəfindən Azərbaycanın Səfirinə təşəkkür məktubu ünvanlandığını bildirərək, həmin məktubu  oxumuşdur.                                                         

Məktubda 2019-cu ildə Moskva şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçılarının Rusiya Federasiyasının siyasi institutları və mədəniyyət müəssisələri ilə tanışlığı məqsədilə həyata keçirilən vacib təşəbbüslərə cəlb edilməsində Polad Bülbüloğlunun oynadığı mühüm rola, eləcə də Dövlət Protokolu Departamentinə göstərilən hərtərəfli dəstəyə görə Azərbaycanın Rusiyadakı Səfirinə və Səfirliyin kollektivinə minnətdarlıq ifadə olunmuşdur.

Qeyd edilən təşəkkür məktubuna görə Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu Departamentinə minnətdarlığını bildirən Polad Bülbüloğlu, Aleksandr Sokolovla yeni il qabağı konservatoriyada diplomatik korpusla görüşün mütəmadi əsasda keçirilməsi barədə razılıq əldə edildiyini qonaqların diqqətinə çatdırmışdır.

Rəsmi hissənin sonunda proqram çərçivəsində keçirilən “Uşaqlar. Yeni klassik portret” sərgisinin müəllifi Tatyana Çuvaşova çıxış etmişdir.                

Daha sonra iştirakçılar üçün konservatoriyaya ekskursiya və konsert proqramı təşkil edilmişdir.

növbəti xəbər əvvəlki xəbər