2017-04-06
Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu böhran və münaqişələr dönəmində mədəni irsin qorunması barədə fikirlərni “RQ” ilə bölüşüb

Birləşmiş Millətlər Təşkilatıın (BMT) təhsil, elm və mədəniyyət məsələləri (UNESCO) üzrə yeni rəhbəri bu ilin payızında seçiləcək. Bu fəxri vəzifəyə 9 namizəddən biri də Azərbaycanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğludur. Tanınmış diplomat və milyonların sevimli müğənnisi böhran və münaqişələr dönəmində mədəni irsin qorunması barədə fikirlərni “RQ” ilə bölüşüb.

- Sizin həm mədəniyyət, həm də siyasət sahəsində zəngin təcrübəniz var. UNESCO-da çalışmaq perspektivi isə yeni mərhələdir. Bunu necə qiymətləndirirsiniz və təşkilatın rəhbəri vəzifəsinə namizədlərin siyahısına düşdüyünüzü eşidəndə hansı hissləri keçirdiniz?

Polad Bülbüloğlu: Doğrudan da bizim nəsil insanların qismətinə bir neçə dövrü yaşamaq düşüb və onların hər biri bizim formalaşmağımıza, inkişafımıza öz təsirini göstərib. Məni hələ Sovetlər dönəmində Azərbaycanın mədəniyyət naziri təyin etmişdilər. O zaman tamamilə başqa dəyərlər sistemi var idi, ictimai həyat fərqli təşkil olunmuşdu. Lakin tezliklə SSRİ-nin süqutu ilə bağlı dəyişikliklər baş verdi: hər yan dağılır, hətta ən zəruri tələbatları ödəməyə belə, pul tapılmırdı. O şəraitdə mədəniyyətin maliyyələşdirilməsinə çox cuzi vəsait ayrılırdı ki, onu da aylarla gecikdirirdilər. İnsanlar sözün əsl mənasında sağ qalmaq uğrunda çarpışırdı.

Lakin biz əlimizi yanımıza salıb dayanmamışdıq. “Əllə idarəetmə” rejimində hansısa çıxış yolları tapmalı, bütün ehtiyatları səfərbər etməli, insanlarla işləməli və onlara əlimizdə olanları qorumağın vacibliyini izah etməli idik. Bu gün 1990-cı illərin əvvəllərinin o dəhşətli dövrünə nəzər salarkən anlayırsan ki, məhz həmin sınaqlardan keçməklə mən, indi deyildiyi kimi, böhran meneceri təcrübəsini toplamışam. O zaman biz bütün mədəniyyət sistemini qoruyub-saxlaya bildik: bir dənə də olsun muzey, kitabxana, musiqi məktəbi bağlanmadı, heç bir yaradıcılıq kollektivi, o cümlədən xalq özfəaliyyəti ansamblları bağlanmadı…

Eyni zamanda, müasir reallıqlara cavab verən yeni mədəni siyasətin əsası qoyulmalı idi və bu zərurətdən çıxış edərək, həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini vacib bildik. Biz UNESCO və Avropa Şurasının humanitar institutları ilə münasibətləri sıfırdan qurmağa başladıq. Bu zaman çalışdıq ki, MDB çərçivəsində də əlaqələri itirməyək və ənənəvi münasibətləri qorumağın daha münasib formalarını tapaq.

Məsələn, mənim dəvətimlə 1996-cı ilin noyabrında UNESCO-nun baş direktoru Federiko Mayor Bakıya səfər etdi, Bakıda Azərbaycan və Şərq ədəbiyyatının klassiki Məhəmməd Füzulinin 500 illiyi ilə bağlı tədbirlərə qatıldı. 2000-ci ildə UNESCO “Kitabi Dədə Qorqud”un 1300 illiyinin keçirilməsinə dəstək verdi və Parisdə, təşkilatın mənzil-qərargahında “Dədə Qorqud günləri”  keçirildi.

2000-ci ildə Avropa Şurasının Mədəniyyət Siyasəti Departamenti və Avropa Müqayisəli Mədəniyyət Siyasəti və İncəsənət üzrə Tədqiqat İnstitutunun birgə layihəsi çərçivəsində mənim başçılığımla “Azərbaycan Respublikasında mədəniyyət siyasəti” adlı icmal hazırlandı. Bu icmal mədəniyyət sahəsində olan məlumatların sistemləşdirilməsi ilə bağlı ilk təcrübə idi və Avropa Şurasının “Avropada mədəniyyət siyasəti” layihəsinin bütün iştirakçı ölkələr arasında ən uğurlu sənədlərdən biri kimi tanındı.

Nəhəng bir dövlətin süqutundan sonra yeni yaranmış müstəqil dövlətlər humanitar körpülərin qorunub-saxlanmasında maraqlı idi. Bu əməkdaşlıq üçün əsas kimi isə ilk növbədə ortaq mədəniyyət və dil çıxış etməli idi. Bu yanaşmadan çıxış edərək, biz – türkdilli dövlətlərin mədəniyyət nazirləri beynəlxalq türk mədəniyyəti təşkilatı olan TÜRKSOY-u təsis etdik və 1994-2008-ci illərdə onun ilk baş direktoru olmaq mənə nəsib oldu. Xatırlayıram ki, türk jurnalistlər bu qurumu “Türk dünyasının UNESCO-su” adlandırırdı.

Rusiyada səfir olduqdan sonra da mən humanitar əməkdaşlıq mövzularının içərisində qaldım. 2009-cu ildə məni MDB dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri seçdilər və bu günədək həmin vəzifəni icra edirəm. Odur ki, Azərbaycan hökumətinin mənim namizədliyimi UNESCO-nun baş direktoru postuna irəli sürməsi barədə xəbər mənim üçün bir qədər gözlənilməz olsa da, eyni zamanda üzərimə humanitar əməkdaşıq sahəsində öz ölkəmdə topladığım müsbət təcrübənin qlobal səviyyədə yayılması ilə bağlı vəzifələr qoydu.

UNESCO-nun böhranlı dünyadakı missiyası haqqında

Polad Bülbüloğlu: İlk növbədə demək istəyirəm ki, UNESCO-nun BMT-dən sonra ikinci tanınmış və nüfuzlu qlobal təşkilat olması təsədüf deyil. Bu, təşkilatın məşğul olduğu problemlərlə əsaslandırılır. BMT-nin vacib məsələlərlə məşğul olan digər ixtisaslaşmış orqanlarına hörmətim var, lakin etiraf etmək lazımdır ki, məhz təhsil, elm və mədəniyyət problemləri planetin demək olar ki, bütün əhalisini əhatə edir. Bu sahələrdə aparılan işlər daha böyük ictimai canlanmaya səbəb olur.

UNESCO 1946-cı ildə hansı ideallar naminə yaradılmışdısa, o ideallara da xidmət edir. Fikrimcə, mütləq məqsədimiz insan potensialının inkişafı naminə sülh mədəniyyətinin və müxtəlif mədəniyyətlər arasında dialoqun təbliği olmalıdır. Məhz bu məqsədə doğru irəliləməliyik. Biz bu gün də böhranlı bir dövrdə yaşayırıq və bunu gizlətmək omaz. Bu gün bütün dünya ictimaiyyəti kimi, UNESCO da öz məqsədlərinə çatmaqda müəyyən çətinliklər çəkir. Maliyyə ehtiyyatlarının çatışmazlığı göz önündədir. Məşhur bir məsəldə deyildiyi kimi, “ayaqları yorğana görə uzatmaq” lazımdır. Bu yerdə adam az qalır ki, UNESCO-da belə bir Qafqaz sağlığı səsləndirsin: “İmkanlarımızın istəklərimizlə üst-üstə düşməsi şərəfinə”. Təbii ki, bu, bir zarafatdır. Ciddi danışsaq, problemləri yalnız saf niyyətlə həll etmək mümkün deyil. UNESCO-nun fəaliyyətinin optimallaşdırılması, hər bir iştirakçı ölkə üçün vacib prioritetlərin müəyyən edilməsi, maraqlı tərəfləri cəlb etməklə səylərin səmərəli əlaqələndirilməsi üçün çox düşünülmüş, planlı iş aparılmalıdır. Yəni, düşünürəm ki, topladığım həmin o böhran menecmenti təcrübəsi faydalı ola bilər.

- Siyasi böhran və iqtisadi qeyri-sabitliklə zəngin bir dövrdə yaşayırıq. Bütün bunlar dəyərlər sistemində bəşəriyyətin mədəni sərvətlərinin roluna necə təsir edəcək?

Polad Bülbüloğlu: Bu dünyada heç nə tam ayrı şəkildə mövcud ola bilməz. Mədəni sərvətlər və kütləvi şüurda baş verən proseslər isə, bəlkə də, konyukturanın təsirinə qarşı ən həssas amillərdir. Deməli, mədəni irsimizin qorunması naminə mümkün neqativ təsirlərin azaldılması və əksinə, müsbət dəyişikliklərin təsirinin gücləndirilməsi istiqamətində real addımlar atılmalıdır.

Düşünürəm ki, Azərbaycan bu mənada uğurlu nümunələrdən biri kimi çıxış edə bilər. Bizim ölkəmizdə tarixi obyektlərin qorunmasına böyük diqqət göstərilir. Bu obyektlərdən ikisi – Bakıdakı İçərişəhər (Şirvanşahlar sarayı və Qız qalası da daxil olmaqla) və Qobustanın qayaüstü rəsmləri müvafiq olaraq 2000 və 2007-ci illərdə UNESCO-nun dünya irsi siyahısına daxil edilib.

Biz həmçinin insanlığın qeyri-maddi mədəni irsi siyahılarının formalaşdırılmasında fəal iştirak edirik. Hazırda bu siyahılarda 7 milli elementlə təmsil olunmuşuq, daha 2 element isə bir qrup ölkənin mədəni irsi kimi əksini tapıb. Əcdadlarımızdan bizə qalmış mirasın qorunması ilə bağlı prosesləri təhlil etsək, Azərbaycanda iqtisadi nailiyyətlərin mədəniyyətin saxlanılması və inkişafına konvertasiya olunduğunu görərik. Hesab edirəm ki, bu faydalı təcrübəyə qlobal miqyasda da tələbat var.

Tarixi necə qorumalı?

- Silahlı münaqişələr təkcə minlərlə insanın həyatına son qoymur, həm də mədəni irsə zərər vurur. Ən son nümunə kimi terrorçuların Palmiranı dağıtmasını göstərmək olar. Elə isə tarixi necə qoruyaq?

Polad Bülbüloğlu: Tamamilə haqlı sualdır. Bu, insanlıq qarşısında duran əsas təhdidlərdən biridir. Bütöv bir ölkələr xaosa qərq olur, onların xalqları saysız-hesabsız bəlalar çəkir, qaçqına çevrilir. Mədəniyyət obyektləri isə ümumiyyətlə köməksiz qalır, onlar mərmilərdən və yeni barbarların əməllərindən heç yerə qaça bilmir. Bəli, 1954-cü ildə Haaqada Silahlı Münaqişələr zamanı Mədəni Dəyərlərin Qorunması haqqında Konvensiya imzalanıb, bir sıra başqa beynəlxalq sənədlər var. Lakin, təəssüf ki, cinayətkarlar konvensiyaları rəhbər tutmur. İşğal olunmuş torpaqlarında mədəni irsi talan edilən Azərbaycan bunu öz acı təcrübəsində görüb.

Beləliklə, görünən odur ki, formal razılaşmalarla yanaşı, mədəniyyət vasitəsilə dialoq mühitinin formalaşdırılması sahəsində də fəaliyyət göstərmək lazımdır. Özü də hətta həll olunmamış münaqişələr zamanı belə. Deyə bilərəm ki, bu sahədə də müsbət təcrübə toplaya bilmişəm. Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri olaraq öz həmkarım, 2010-2013-cü illərdə həmin Fondun icraçı direktoru işləmiş Ermənistanın keçmiş mədəniyyət naziri və bu ölkənin Rusiyadakı səfiri Armen Smbatyanla bu istiqamətdə təmaslarımız oub. İkimiz də musiqiçi, mədəniyyət xadimi olduğumuzdan, yaxşı başa düşürdük ki, musiqi dilinin tərcüməyə ehtiyacı yoxdur və o, insanların qəlbinə yol tapa bilir. 2010-cu ildə biz maestro Spivakovun rəhbərlik etdiyi MDB-nin gənclərdən ibarət simfonik orkestrinin konsertlərini təşkil etməyə müvəffəq olduq. Həm Yerevan, həm də Bakıda keçirilən həmin konsertlərdə Azərbaycan və Ermənistandan olan gənc musiqiçilər birgə ifa edirdi. Bundan başqa, Armen Baqratoviçlə bir yerdə çalışdığımız 3 il ərzində Fondun xəttilə keçirilən tədbirlərdə fəal iştirak edib, ölkələrimizin ərazisində müxtəlif layihələr həyata keçirmişik. Özü də erməni tərəfi o qədər fəal idi ki, mən bəzən öz həmvətənlərimi geri qalmamağa çağırmalı olurdum.

Məncə, bunun sirri aydındır: belə təşkilatların işini heç vaxt həddindən artıq siyasiləşdirmək olmaz. TÜRKSOY çərçivəsində biz məhz belə edirik və diqqətimizi sırf mədəni layihələrə cəmləmişik. Yəqin ki, indiki mürəkkəb zamanda UNESCO-nun da bu prinsipə əməl etməsinə ehtiyac var.

UNESCO siyasi döyüş meydanı deyil

Polad Bülbüloğlu: Seçkilərə hazırlıq çərçivəsində rəsmi müsahibələr prosesinə təşkilatın İcraiyyə Komitəsinin aprelin sonu-mayın əvvəlində baş tutacaq sessiyasında start veriləcək. Bu proses oktyabrda keçiriləcək növbəti sessiyaya qədər davam edəcək və orada səsvermə keçiriləcək. Ən çox səs toplayacaq namizəd UNESCO-nun Ali Konfransının noyabrın birinci yarısında keçiriləcək sessiyasının müzakirəsinə çıxarılacaq.

O ki qaldı prioritetlərə, mən artıq onu qismən açıqladım: UNESCO çərçivəsində siyasi mübarizəni minimuma endirmək fikrindəyəm. Onsuz da, təəssüf ki, qarşıdurma üçün yetərincə başqa formatlar var. Bundan başqa, əlbəttə ki, təşkilatın hazırkı mürəkkəb böhran şəraitinə uyğunlaşması lazımdır. Lakin necə deyərlər, “yolçu yolda gərək”. Bu istiqamətdə öz payıma düşən məsafəni qət etməyə hazıram və ümid edirəm ki, bu yolun sonunda tərəfdaşlarla birgə qürur duyacağımız nəticələr çox olacaq.

Rossiyskaya Qazeta, Rusiya
06.04.2017 


Müəllif: Anna Fedyakina

növbəti xəbər əvvəlki xəbər


cet.az

bakushop_1