2016-03-10
10 mart 2016-cı il tarixində Böyük Kreml sarayının Yekaterininski zalında Rusiya Federasiyasının dövlət mükafatlarının təltifi mərasimi keçirilmişdir.

Rusiya Federasiyası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov Rusiya ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi və mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə “Dostluq” ordeni ilə təltif edilib.

Rusiyanın Prezidenti Vladimir Putin Yaqub Eyyubova “Dostluq” ordenini təqdim edərək onu təbrik etdi.

Yaqub Eyyubov öz çıxışında deyib: “Hörmətli Rusiya Federasiyasının Prezidenti, hörmətli xanımlar və cənablar! Mənim üçün böyük şərəfdir ki, Siz məni belə yüksək dövlət mükafatı ilə təltif etmisiniz. Bu gün mən qəlbimdə olanları deməliyəm. Mənim qəlbimdə bütün Rusiya və onun xalqına səmimi minnətdarlıq sözləri vardır.  Sizin məni təltif etdiyiniz bu ali mükafatı mən Sizin Azərbaycan xalqına, mənim ölkəmə və Prezident İlham Qeydaroviç Əliyevə olan şəxsi münasibətiniz kimi dəyərləndirirəm. Bu mənim üçün olduqca qiymətli mükafatdır. Rusiya xalqının ən layiqli oğlu, müasir dövrümüzün ən görkəmli siyasətçisi, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin məni təltif etmiş və bu gün sizin qarşınızda mükafatı mənə təqdim etmişdir. Cənab Prezident, bir daha Sizə öz təşşəkkür və minnətdarlığımı bildirirəm. Rusiya xalqına və bütün Rusiyaya əmin-amanlıq və tərəqqi, şəxsən Sizə isə, cənab Prezident, möhkəm cansağlığı, yeni uğurlar, ölkənizə çiçəklənmə, Sizə siyasi uzunömürlülük arzulamaq istəyirəm. Təşəkkür edirəm”.  

Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu iştirak etmişdir.

növbəti xəbər