2016-01-15
Cari ilin 15 yanvar tarixində Mahaçqala şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov ilə görüşmüşdür

Azərbaycanın Rusiyadakı Səfirini salamlayan Dağıstanın rəhbəri 2015-ci ildə ölkədə təşkil olunmuş və respublikanın unikal yaradıcı potensialını təsdiq edən mədəni tədbirlərdən bəhs etmişdir. O, 2016-cı ilin əvvəlinin görkəmli bəstəkar, SSRİ-i xalq artisti Murad Kajlayevin 85 illik yubileyi ilə yadda qalacağını deyərək, bu hadisənin Azərbaycan üçün də bayram olduğunu sevindirici hal kimi səciyyələndirmişdir. Ramazan Abdulatipov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağıstan və dağıstanlılara göstərdiyi diqqət və hörmətə görə minnətdarlığını bildirmişdir. Mahaçqalada görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin abidəsinin ucaldılması və onun adına meydanın salınması istiqamətində görülən işlər haqqında danışan Ramazan Abdulatipov, Dərbənd şəhərinin 2000 illiyi ilə bağlı keçirilən tədbirin hazırlığına Azərbaycanın verdiyi töhfəni vurğulamışdır. Ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da davam edəcəyini deyən Dağıstanın rəhbəri, burada Olimpiya idman mərkəzinin və Azərbaycan musiqili-dram teatrının binasının inşa ediləcəyini söyləmişdir.     

Olduqca səmimi qəbula və dəvətə görə təşəkkürünü bildirən Səfir Polad Bülbüloğlu vaxtilə Bakıda yaşadığına və dahi bəstəkar, SSSR-i xalq artisti Qara Qarayevdən dərs aldığına görə Murad Kajlayevin Azərbaycan üçün də dəyərli olduğunu demişdir. Polad Bülbüloğlu Dağıstan və Azərbaycan arasındakı möhkəm mədəni, iqtisadi və mənəvi əlaqələri vurğulamışdır. Həmçinin Azərbaycanın Rusiyadakı Səfiri demişdir: “Son dövrlər Dağıstanda Ramazan Abdulatipovun rəhbərliyi ilə çoxsaylı müsbət dəyişikliklər baş vermişdir. Bu yaxınlarda Rusiyanın ən qədim şəhəri olan Dərbəndin təntənəli yubileyi keçirilmişdir. Narınqalanın divarlarına baxanda anlayırsan ki, həqiqətən də qədim tarix burada yazılmışdır. Vacibdir ki, gənc nəsil bunu bilsin və Moskvada, Dağıstanın özünü tam çəkildə bəyan etdiyi Kreml sarayında, daha sonra isə Fransada, YUNESKO-da Dərbəndin 2000 illik yubileyi kimi kütləvi mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi buna xidmət edir. Bu olduqca mühümdür. İnsanlar, xüsusilə incəsənət adamları, bu işdə özlərinin zəruriliyini və təyinatlarını hiss etməlidirlər. Ona görə də bu gün Dağıstanda həyata keçirilən layihələr respublikanın uğurlu inkişafının sübutudur”.

Görüş zamanı Polad Bülbüloğlu Dağıstanın Hökumət evinin dəhlizində respublikanın rəhbərlərinin şəkillərinin sırasında Əziz Əliyevin şəklini gördüyünü və bunun görkəmli dövlət xadiminin əziz xatirəsinə, onun xidmətlərinə olan ehtiramın bariz nümunəsi olduğunu xüsusi qeyd edərək xalqlarımız, xüsusilə ziyalılar və yaradıcı insanlar arasında mövcud olan dostluq münasibətlərini önə çəkmişdir. Eyni zamanda Səfir Ramazan Abdulatipovun Dərbəndin 2000 illiyi ilə bağlı keçirilən tədbirdəki çıxışında Əziz Əliyevin vaxtilə Dağıstanın rəhbəri olduğunu qeyd etməsi Azərbaycanda xoş qarşılandığını söyləmişdir.  

Bundan əlavə Səfir Polad Bülbüloğlu demişdir: “Azərbaycan Prezidenti İlham Əliyev Murad Kajlayevin dəvət məktubunu almışdır və bu dəvəti müsbət qarşılamışdır. O, Murad Kajlayevin nəslini tanıyır və çox səmimi təbrik məktubu ünvanlamışdır və mən onu bu gün yubiley gecəsində oxuyacağam. Həmçinin cənab Prezident Murad Kajlayevi Azərbaycanın ən ali mükafatlarından biri olan “Dostluq” ordeni ilə təltif etmişdir və mən Prezidentin tapşırığına əsasən bu gün onu Murad Kajlayevə təqdim edəcəyəm”.

növbəti xəbər əvvəlki xəbər