2016-05-04
Polad Bülbüloğlu Rusiya Əcnəbi Tələbər Assosiasiyasının dəvəti ilə burada təhsil alan xarici tələbələrin VI Ümumrusiya Qurultayında iştirak etdi

Cari ilin 4 may tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Rusiya Əcnəbi Tələbər Assosiasiyasının dəvəti ilə burada təhsil alan xarici tələbələrin VI Ümumrusiya Qurultayında iştirak etdi.

Rusiya Federasiyasının Təhsil və Elm, Xarici İşlər nazirliklərinin, MDB işləri, xaricdə yaşayan həmvətənlilər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin (FA) dəstəyi ilə keçirilən tədbirdə Səfir Polad Bülbüloğlu nitq söylədi.

Qurultay iştirakçılarını salamlayan Polad Bülbüloğlu Rusiyanın dünya elm və mədəniyyətinin liderlərindən biri olduğunu bildirdi və bu ölkənin ali təhsil ocaqlarının məzunlarının böyük hissəsinin bu gün həyatımızın müxtəlif sahələrində, o cümlədən məsuliyyətli dövlət vəzifələrində müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini söylədi. Səfir Polad Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya ali təhsil ocağının məzunu olduğunu vurğulayaraq, ölkə başçısını Qurultay iştirakçılarına nümunə göstərdi.

Azərbaycanın Rusiyadakı Səfiri belə bir tədbirin keçirilməsinin Rusiya tərəfindən əcnəbi tələbələr ilə əlaqələrin möhkəmlənməsinə verilən önəmin bariz nümunəsi olduğunu qeyd etdi. Bununla yanaşı, Polad Bülbüloğlu müasir şəraitdə tələbələrin mənəvi, mədəni və ictimai dəyərləri başa düşmələri üçün tərbiyələndirilməsi istiqmətində addımların atılmasının önəmi haqqında danışdı. Polad Bülbüloğlu bildirdi ki, təhsil insanlar arasında birliyin möhkəmlənməsində əhəmiyyətli yer tutan ümumbəşəri dəyərlərin yayılmasına xidmət etməlidir.

Tədbir iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, buradakı dözümlülük mühiti haqqında məlumat verən Səfir, tolerantlığın xalqımızın, hər bir azərbaycanlının həyat tərzi olduğunu vurğuladı.

Azərbaycan və Rusiya dövlətlərarası münasibətlərinin möhkəm tarixi, coğrafi və humanitar əsasa malik olduğunu deyən ölkəmizin Rusiyadakı Səfiri, məhz bu səbəbdən çox sayda azərbaycanlı tələbələrin Rusiyada təhsil almağa meyl etdiklərini qeyd etdi. Burada Səfir ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə zamanında, Azərbaycanda da yüksək səviyyəli təhsil ocaqlarının olmasına baxmayaraq, bir çox azərbaycanlı gənclərin Rusiyada təhsil almaq üçün bu ölkənin müxtəlif şəhərlərindəki ali təhsil ocaqlarına göndərildiklərini söylədi. Bu zaman RXDU rektoru Vladimir Filippov söz alaraq vurğuladı ki, Anqolanın Prezidenti Joze Eduarduş duş Santuşun Azərbaycan Dövlət Neft Akademiyasının məzunu olması ölkəmizin təhsil ocaqlarının yüksək səviyyəsindən xəbər verir.

Çıxışı zamanı Polad Bülbüloğlu Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın rəhbərlik etdiyi azərbaycanlı tələbə və gəncləri özündə birləşdirən Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) haqqında söz açdı. Səfir Rusiyanın ən böyük gənclər təşkilatlarından biri olan RAGB-ın Azərbaycan və Rusiya arasında humanitar körpü rolunu oynadığını bildirdi. Birliyin yarandığı gündən mədəniyyətlərarası dialoq və əməkdaşlıq ideyalarını təqib etdiyini deyən Polad Bülbüloğlu, təşkilatın buradakı azərbaycanlı gənclərin öz milli kimliyini unutmamaq şərti ilə Rusiya cəmiyyətinə inteqrasiya etmələrində yaxından yardım etdiyini vurğuladı.

Nitqinin sonunda Səfir Polad Bülbüloğlu Qurultayın keçirilməsinin əhəmiyyətini qeyd edərək, onun əcnəbi gənclər arasındakı mühitdə hazırkı vəziyyət, problemlərin üzə çıxarılması, tələbələrin təhsilinin daha da yaxşılaşdırılması baxımından mühüm olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı və onlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Assosiasiyanın yaradılmasının 20-ci yubiley ildönümünə təsadüf edən Qurultayda ƏTA-nın Qəyyumlar şurasının sədri, Rusiyanın Xalqlar Dostluğu Universitetinin (RXDU) rektoru Vladimir Filippov, Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçyov, ƏTA prezidenti Adu Yao Nikeza, Benin Respublikasının Rusiyadakı Səfiri, ƏTA-nın Qəyyumlar şurasının sədr müavini Aniseta Qabriel Koçofa, Yaxın Şərq, Afrika, Latın Amerikası, Asiya ölkələri səfirlərinin duayenləri, o cümlədən Çin Səfiri Li Huey, Moskva şəhər meriyasının, Rusiyanın Təhsil və Elm, Xarici İşlər nazirliklərinin, FA-nın, Federal miqrasiya xidmətinin təmsilçiləri, RXDU prorektoru Aleksandr Qladuş çıxış etdilər.

Tədbirdə iştirakı çərçivəsində Polad Bülbüloğlu ƏTA-nın qəyyumlar şurasının üzvləri və RXDU-nun azərbaycanlı tələbələri ilə görüşərək onların təhsili və məişəti ilə maraqlandı, onlarla xatirə şəkli çəkdirdi.  

növbəti xəbər əvvəlki xəbər