2020-08-31

Səfir Polad Bülbüloğlu MDBƏİ-nin rektoru Anatoli Torkunova “Dostluq” ordenini təqdim etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (universitet) rektoru Anatoli Torkunov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilmişdir.

31 avqust tarixində MDBƏİ-də təşkil olunmuş təntənəli tədbirdə çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu bildirmişdir ki, bu yaxınlarda Rusiyanın “Rossiya 1” və “Rossiya 24” televiziya kanallarında MDBƏİ-nin məzunu olan, uzun illər Anatoli Torkunovu şəxsən tanıyan Prezident İlham Əliyevin təbriki yayımlanmışdır.

Səfir vurğulamışdır ki, 2013-cü ilin 11-13 aprel tarixlərində Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda MDBƏİ-nin məzunlarının birinci beynəlxalq forumu keçirilmişdir. Ölkəmizin MDBƏİ ilə olduqca sıx əlaqələrinin olduğunu deyən Polad Bülbüloğlu qeyd etmişdir ki, müasir Azərbaycanın banisi, görkəmli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev MDBƏİ-nin fəxri doktorlarıdır, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla xanım Əliyeva da bu təhsil ocağını bitirmiş, burada dissertasiya müdafiə etmişdir.

Polad Bülbüloğlu MDBƏİ-də təhsil almış Azərbaycandan olan bir çox gənclərin bu gün ölkəmizdə müxtəlif sahələrdə çalışdıqlarını söyləmişdir. Həmçinin Səfir Anatoli Torkunovla olan dostluq münasibətlərindən, onun yaranma tarixindən söz açmışdır.

Daha sonra Azərbaycanın Səfiri Prezident İlham Əliyevin təbrik məktubunu oxuyaraq, Dostluq” ordenini MDBƏİ-nin rektoruna təqdim etmişdir.

Bundan əlavə Polad Bülbüloğlu Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramovun və Təhsil Naziri Emil Əmrullayevin təbrik məktublarını da Anatoli Torkunova təqdim etmişdir.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla xanım Əhmədova Leyla xanım Əliyevanın təbrik məktubunu oxuyaraq, onu MDBƏİ-nin rektoruna çatdırmışdır.

Anatoli Torkunov çıxışında Azərbaycanda gedən prosesləri, buradakı inkişafı yaxından izlədiyini bildirmişdir. Həmçinin o, ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Şurası Sədrinin birinci müavini vəzifəsində işləyərkən MDBƏİ-yə göstərdiyi diqqəti hər zaman xatırladığını qeyd etmişdir. Məhz Heydər Əliyevin qayğısı nəticəsində MDBƏİ-nin maddi bazasının xeyli genişləndiyini, professor və müəllim ştatının artırıldığını deyən Anatoli Torkunov, müasir Azərbaycanın banisi Heydər Əliyevin MDBƏİ-yə gəlişini xatırlayaraq, onun burada etdiyi çıxışının dinləyicilərdə böyük marağa səbəb olduğunu diqqətə çatdırmış və XX əsrin böyük siyasi xadimi ilə görüşdən sevinc hissi keçirdiklərini söyləmişdir.

MDBƏİ-nin rektoru burada vaxtilə təhsil alan və dərs deyən Prezident İlham Əliyevlə bağlı xoş xatirələri ilə də bölüşmüşdür. Ölkə başçımızın həm tələbə kimi, həm də müəllim kimi olduqca yüksək mənəvi keyfiyyətlərə malik olduğunu bildirmişdir.

Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə MDBƏİ məzunlarının beynəlxalq forumunun keçirilməsi ənənəsinin qoyulduğunu və MDBƏİ-nin azərbaycanlı məzunlarının assosiasiyasının yarandığını diqqətə çatdıran rektor, buna görə dövlət başçımıza xüsusi minnətdarlıq duyduğunu vurğulamışdır. Eyni zamanda o bildirmişdir ki, bu gün sözügedən təşəbbüsdən nümunə götürərək dünyanın müxtəlif ölkələrində 35 assosiasiya yaradılmışdır və onlar uğurla fəaliyyət göstərirlər.

Leyla xanım Əliyevanın da bu təhsil ocağının məzunu olduğunu diqqətə çatdıraraq, onun universiteti yaddan çıxartmadığını söyləmişdir.  

Ali mükafata görə təşəkkürünü bildirən Anatoli Torkunov, sözügedən mükafatın tək ona yox, uzun illər ərzində müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan tələbələrin yetişdirilməsi istiqamətində fəal çalışan MDBƏİ kollektivinə verilən yüksək qiymət olduğunu vurğulamışdır.    

Sonra Rusiya Federasiyası Prezidenti Administrasiyasının Regionlararası və Xarici Ölkələrlə Mədəni Əlaqələr idarəsinin departament rəisi Aleksey Vlasov, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin departament direktoru Denis Qonçar və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev çıxış edərək öz təbriklərini təhsil ocağının rəhbərinə çatdırmışdırlar.

Tədbirin sonunda MDBƏİ-nin azərbaycanlı məzunlarının assosiasiyası tərəfindən universitetə ​​hədiyyə edilmiş və qlobal problemlərə, dünya landşaft sənətinin ən aktual trendlərindən biri - quraqlığa davamlı bağların təbii üslubda yaradılmasını nümayiş etdirən miniatür bağa baxış keçirilmişdir.

Arxiv üzrə axtarış