2021-09-27

27 sentyabr tarixində Səfirlikdə Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir

Cari ilin 27 sentyabr tarixində Səfirlikdə Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Pakistan və Türkiyənin Rusiya Federasiyasındakı səfirliklərinin yüksək səviyyəli diplomatları, Moskva şəhərində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, eləcə də Azərbaycan Respublikasının dövlət qurumlarının Rusiya Federasiyasındakı təmsilçiləri, Rusiya ictimaiyyətinin nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və diaspor təşkilatlarının üzvləri, ümumilikdə isə 100-dən çox qonaq iştirak etmişdir.

Səfirliyin binasının girişində 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş fotostend quraşdırılmış və soydaşlarımız gün ərzində şəhidlərimizin əziz xatirəsini yad edərək, oraya güllər qoymuşlar. Eyni zamanda, Səfirliyin Qonaq evinin binasında 44 günlük Vətən müharibəsinə həsr olunmuş banerlər, müharibə dövründə mənfur düşmənin raket zərbələrinə məruz qalmış ölkəmizin şəhər və qəsəbələrindəki dağıntıları əks etdirən fotosərgi təşkil edilmiş, video-çarx nümayiş etdirilmiş, tədbir iştirakçılarına Anım Gününün rəmzi olan Xarı bülbül döş nişanları paylanılmışdır.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Anım Günü münasibətilə Azərbaycan xalqına müraciəti nümayiş etdirilmişdir.

Sonra çıxış edən Səfir Polad Bülbüloğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Səfirlik tərəfindən ilk dəfə keçirilən Anım Gününə həsr edilmiş tədbirdə iştirakına görə qonaqlara dərin minnətdarlığını bildirmiş, həmin günün ölkəmiz və bütün region üçün xüsusi məna və əhəmiyyət daşıdığını vurğulamışdır. 27 sentyabrın Azərbaycan ordusunun parlaq qələbəsi ilə nəticələnən əks-hücum əməliyyatının başlanması günü kimi tarixə yazıldığını bildirən Səfir şanlı zəfərimizin müharibədə vuruşan hər bir əsgərin canı və qanı bahasına qazanıldığını söyləmişdir. Daha sonra ərazilərimizin azad olunması uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi hörmətlə anılaraq bir dəqiqəlik sükutla yad edilmişdir.

Polad Bülbüloğlu qeyd etmişdir ki, bir il bundan öncə təsəvvür edə bilməzdik ki, faciələrlə, mübarizə ilə, fədakarlıqla dolu günlər necə bitəcək. Son 30 il ərzində Azərbaycanda gənc vətənpərvər nəslin yetişdiyini diqqətə çatdıraraq, onların təkcə sözdə deyil, döyüş meydanında da öz canlarını verməyə hazır olduqlarını vurğulamışdır.

Azərbaycan dövlətinin Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə etdiyini və danışıqların uzun illər aparıldığını deyən Səfir eyni zamanda qeyd etmişdir ki, müxtəlif təkliflərin müzakirə olunduğuna baxmayaraq, Ermənistan tərəfi onların hamısını rədd etmiş və “yeni torpaqlar üçün yeni müharibə” və “Qarabağ Ermənistandır və nöqtə” kimi təxribatçı ifadələr səsləndirmiş və bununla da diplomatik prosesə son qoymuşdur.

Polad Bülbüloğlu 27 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciət etdiyini, həmçinin Birinci xanım Mehriban Əliyeva ilə birgə Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan əsgər və zabitlərimizin, qətlə yetirilən mülki vətəndaşlarımızın və itkin düşmüş soydaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq keçirilən yürüşdə iştirak etdiklərini və əllərində şəhidlərin şəkillərini saxladıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Müharibənin ilk günlərindən Pakistan və Türkiyənin Azərbaycan Respublikasına siyasi və mənəvi dəstək verdiklərini xüsusilə vurğulayan ölkəmizin Səfiri bunun üçün həmin ölkələrin rəhbərliyinə və xalqlarına dərin təşəkkürünü bildirmişdir.    

Azərbaycanın Səfiri işğaldan azad edilmiş torpaqlarda intensiv şəkildə aparılan bərpa işlərindən bəhs etmiş, atası Bülbülün evinin bərpası ilə məşğul olduğu zaman Şuşaya hər dəfə səfər edərkən qürur hissi keçirdiyini, xalqımızın, ordumuzun və dövlət başçımızın gücünü dərk etdiyini bildirmişdir. Cari ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin və Birinci xanımın iştirakı ilə Şuşada Molla Pənah Vaqifin məqbərə-muzey kompleksinin təmir-bərpa işlərindən sonra açıldığını, eləcə də Vaqif Poeziya Günlərinin müvəffəqiyyətlə keçirildiyini və orada Prezident İlham Əliyevin möhtəşəm çıxış etdiyini vurğulamışdır.                       

Səfir diqqətə çatdırmışdır ki, şanlı zəfərlə ruhlanmış Azərbaycan xalqı Qarabağda sürətlə həyata keçirilən rekonstruksiya işlərinin əyani şahididir. Mənfur düşmənin dağıtdığı Fizuli şəhərində cəmi 8 ay ərzində beynəlxalq hava limanının tikildiyini söyləyərək, bu cür sürətli templərlə belə əhəmiyyətli obyektin inşa edilməsinin mümkün olmadığını və bəzi mütəxəssislərin yalnız layihənin hazırlanmasına 1,5 - 2 il sərf edilməsinin lazım olduğunu dediklərini bildirmişdir.

Polad Bülbüloğlu onu da qeyd etmişdir ki, hər dəfə Şuşaya gəldikdə, belə xoşbəxt günü yaşaya bilməyən məşhur Üzeyiri, Natəvanı və tanınmış digər şair və bəstəkarlarımızı yada salır və onların ruhları sevinir.

Sözügedən tədbirin ilk dəfə keçirildiyini bir daha qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, 27 sentyabrın ölkəmizdə hər il Anım Günü kimi qeyd ediləcəyini söyləmişdir.             

Azərbaycanın Rusiyadakı Səfiri çıxışına yekun vuraraq, tədbirə qatılan hər bir şəxsə bir daha dərin minnətdarlığını bildirmiş, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləmişdir.  

Sonra qonaqlara Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin “Azərbaycanfilm” kinostudiyası ilə birgə istehsal etdiyi, Vətən müharibəsinə həsr olunan “Biz” tarixli-sənədli filmi, eləcə də digər video-çarxlar nümayiş etdirilmişdir.

Sonda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ehsan süfrəsi verilmişdir.

Tədbir Azərbaycan və Rusiya KİV-ləri tərəfindən geniş işıqlandırılmışdır.

Arxiv üzrə axtarış