2021-12-10

10 dekabr tarixində Səfirliyin Qonaq Evində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir

Cari ilin 10 dekabr tarixində Səfirliyin Qonaq Evində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir.

Tədbirdə Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev, Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski, Türkiyə Respublikasının Rusiya Federasiyasındakı səfiri Mehmet Samsar və həmin səfirliyin yüksək səviyyəli diplomatları, Rusiyanın xalq rəssamı Nikas Safronov, eləcə də Azərbaycan Respublikasının dövlət qurumlarının Rusiya Federasiyasındakı təmsilçiləri, Rusiya ictimaiyyətinin nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları, diaspor təşkilatlarının üzvləri və vaxtilə Moskvada Heydər Əliyevlə birgə çalışmış şəxslər iştirak etmişlər.

Mərasim çərçivəsində Rusiyanın Uşaq Fondunun sədri, yazıçı Albert Lixanovun fondun yaranma dövrü və ümummilli lider Heydər Əliyevin SSRİ Hökuməti sədrinin birinci müavini qismində bu işdə oynadığı əvəzsiz rolu haqqında xatirələrinin yer aldığı “Yaddaşda solmayacaq” kitabının təqdimatı keçirilmişdir. Həmçinin foyedə Ulu Öndərin həyatından bəhs edən fotosərgi təşkil olunmuş, kitablar nümayiş etdirilmişdir.  

Səfir Polad Bülbüloğlu çıxışında tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan xalqının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş xatirə tədbirlərinin 2006-cı ildən etibarən Səfirliyin binasında keçirildiyini söyləmişdir. Heydər Əliyevin Azərbaycan SSR-i Mərkəzi Komitəsinin Birinci katibi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışdığını və bu səbəbdən Rusiyanın və paytaxt Moskva şəhərinin onun həyatında xüsusi dövr olduğunu diqqətə çatdırmışdır.

Səfir bildirmişdir ki, bu gün yığışdığımız Səfirliyin binası xüsusi məna daşıyır, çünki 20 yanvar qanlı faciəsinin ertəsi günü, 1990-cı ilin yanvar ayının 21-də dahi siyasi xadim Heydər Əliyev məhz bu binaya gələrək, təqsirkarları öz çıxışında qınamış, bu hadisələrə ilk dəfə siyasi qiymət vermiş və bununla da ölkəmizin o vaxt düşdüyü blokadanı yarmışdır. Həmin vaxt totalitar rejim çərçivəsində bu cür addımın çox böyük mərdlik və cəsarət tələb etdiyini söyləmişdir.  

1993-cü ilin iyun ayında Heydər Əliyevin Bakıya qayıtdığı dövrdə Azərbaycanın ağır böhran içində və vətəndaş müharibəsi astanasında olduğunu qeyd edərək, o zaman öz nüfuzu, avtoriteti və təcrübəsi ilə gərgin vəziyyətdən çıxış yolunu tapdığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Ölkəmizin Qərb dövlətlərinin neft şirkətləri ilə Əsrin Müqaviləsini imzalamasını məhz Heydər Əliyevin görkəmli addımı adlandıraraq, həmin tarixi hadisədən sonra Azərbaycanın qısa müddət ərzində tamamilə başqa istiqamətdə inkişaf etməyə başladığını bildirmişdir.    

Öz taleyində ümummilli lider Heydər Əliyevin xüsusi rol oynadığı üçün onun haqqında saatlarla danışa biləcəyini vurğulayan Səfir söyləmişdir ki, 1970-ci illərin hüdudunda Azərbaycanın yaradıcı insanlarının bütün uğurları məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onu mədəniyyət naziri vəzifəsində fəaliyyətini davam etməsini vacib hesab etdiyini və bu vəzifədə 10 il ərzində dahi şəxsiyyətin komandasında çalışmağının böyük məktəb olduğunu qeyd etmişdir.

Çıxışının sonunda Polad Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev atasının vəsiyyətini yerinə yetirərək bütün azərbaycanlıların arzusunu həyata keçirdiyini, onun rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunmuş parlaq qələbə nəticəsində rəşadətli ordumuzun əzəli torpaqlarımızı 30 ilə yaxın sürən erməni işğalından azad etməsinə və ölkəmizin ərazi bütövlüyünün bərpa etməsinə müvəffəq olduğunu xüsusilə vurğulamışdır. Bu xüsusda, vətən uğrunda öz canlarından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləmişdir. Həmçinin diqqətə çatdırmışdır ki, hazırda ümummilli lider Heydər Əliyevin tərbiyəsini almış oğlu və layiqli davamçısı olan İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sürətlə inkişaf edir və beynəlxalq arenada öz layiqli sözünü deyir.

Sonra Rusiya Federasiyasının Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycan firavan iqtisadiyyatı olan dövlətə çevrilmiş, Qarabağın qanaxma problemini gələcək nəsillərin öhdəsinə buraxmamış, işğal altında olan torpaqları azad edərək ən ağır və qeyri-standart məsələləri həll etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir.

Leonid Slutski qeyd etmişdir ki, müasir dövrdə Azərbaycanda çox sayda əlamətdar layihələr, o sırada Birinci Avropa Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu və digər mühüm beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil olunmuşdur. Bildirmişdir ki, ölkəmizdə elm və ali təhsil müəssisələri, tibb və mədəniyyət inkişaf etməkdədir və bu uğurlar dahi şəxsiyyət, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Son dərəcədə müdrik insan olaraq, Heydər Əliyev öz xalqının maraqlarını həmişə hər şeydən üstün tutmuş, minlərlə insanı öz ətrafında toplamış, Azərbaycanın ağır günlərində vətənə qayıdaraq öz xalqının lideri olmuş və əbədi olaraq həmişə lider qalacaqdır. Leonid Slutskinin fikrincə, əsirlər keçdikcə Azərbaycan Heydər Əliyevin vəsiyyətləri əsasında inkişaf edəcəkdir.

Leonid Slutski işğaldan azad olunmuş torpaqlarda ölkəmiz tərəfindən aparılan iri miqyaslı tikinti və infrastruktur işlərinə toxunaraq bildirmişdir ki, bu layihələrin reallaşdırılmasından sonra Qarabağ nəinki postsovet məkanında, hətta dünya miqyasında elm və texnologiya sahələri üzrə qabaqcıl regionlarından birinə çevriləcəkdir.

“Putevodnaya Zvezda” jurnalının baş redaktoru, Uşaq Fondları Beynəlxalq Assosiasiyasının və Rusiya Uşaq Fondunun Prezidenti Albert Lixanovun müşaviri, filologiya elmləri namizədi, yazıçı İrina Pulya Albert Lixanovun Heydər Əliyevin Uşaq Fonduna bəslədiyi heyranedici münasibət və fond üçün gördüyü böyük işlər haqqında məktubunu oxumuşdur.

Sonra çıxış edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev dahi lider Heydər Əliyev barəsində xatirələri ilə bölüşmüşdür.

Daha sonra beynəlxalq müsabiqələrin laureatı, gənc pianoçu Səidə Tağızadənin ifasında “Salam, Şuşa!” və M.M.İppolitov-İvanov adına Dövlət Musiqi-Pedaqoji İnstitutunun rektoru, professor Valeri Voronanın rəhbərliyi altında gənc orkestrin ifasında klassik əsərlər səsləndirilmişdir.

Tədbirin sonunda qonaqlar üçün ehsan süfrəsi təşkil edilmişdir.

Arxiv üzrə axtarış