2019-09-30
Cari ilin 30 sentyabr tarixində Moskva Şəhər Dumasında Rusiyanın və Azərbaycanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dalğaları” adlı fərdi sərgisinin açılışı olmuşdur

Cari ilin 30 sentyabr tarixində Moskva Şəhər Dumasında Rusiyanın və Azərbaycanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dalğaları” adlı fərdi sərgisinin açılışı olmuşdur.

Sərgidə rəssamın Azərbaycan və Rusiya, Qarabağ, Bakı mənzərələri və digər mövzularda çəkdiyi peyzajlar, natürmortlar, portretlər nümayiş olunmuşdur.

Tədbirdə iştirak edən Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov  nitq söyləmişdir. O, qonaqları salamlayaraq rəssam Əsgər Məmmədovun əsərlərinin maraq doğurduğunu, onların əksəriyyətində narın əks olunduğunu diqqətə çatdırmışdır. “Biz bilirik ki, narın ilin günləri qədər - 365 dənəsi var. Qoy, hər günümüzü bu gün Moskva Şəhər Dumasını bəzəyən sənət əsərləri bəzəsin”, - deyə o bildirmişdir. Sərginin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycanın Rusiyadakı Səfirliyinə təşəkkürünü bildirən Aleksey Şapoşnikov sözü Səfir Polad Bülbüloğluna vermişdir.

Azərbaycanın Rusiyadakı Səfiri Əsgər Məmmədovu fərdi sərgisinin açılması münasibəti ilə təbrik etmişdir. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi zamanı rəssamın əsərlərinin saxlandığı ev-muzeyinin yandığını və rəsmlərinin məhv olduğunu vurğulayaraq demişdir: “Lakin o, ruhdan düşmədi, yenidən işləməyə və əsərlər yaratmağa başladı. Sərgidə gördüyünüz rəsmlərdə Vətən həsrəti hiss olunur. Əsgər Məmmədov doğma Vətəni Azərbaycanı, Qarabağı heç zaman yaddan çıxarmır”.

Polad Bülbüloğlu Aleksey Şapoşnikovu yenidən Moskva Şəhər Dumasının sədri seçilməsi münasibəti ilə təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır. Həmçinin o demişdir: “Moskva Şəhər Dumasının yeni çağırış deputatlarını təbrik edirəm. Moskvada çoxlu sayda azərbaycanlı yaşayır və işləyir. Biz Rusiya paytaxtında baş verən hadisələrə biganə deyilik. Deputat korpusuna fəaliyyətlərində uğurlar arzu edirəm”.

Mərasimdə çıxış edən tarix elmləri namizədi Manaf Ağayev, Rusiyanın Əməkdar rəssamı Pavel Boyko, şair Sultan Mərzili, “Dirçəliş və Ümid” Xeyriyyə Fondunun rəhbəri İrina Boqaçyova rəssamın yaradıcılığından söhbət açmışdırlar.

Tədbirin sonunda rəssam Əsgər Məmmədov sərginin təşkilinə görə Moskva Şəhər Dumasına, göstərdiyi dəstəyə görə Səfir Polad Bülbüloğluna təşəkkürünü bildirmişdir.

növbəti xəbər əvvəlki xəbər