2015-12-14

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu tərəfindən Sankt-Peterburq Humanitar Həmkarlar İttifaqları Universitetində mühazirə oxunmasına dair

14 dekabr 2015-ci il tarixində Sankt-Peterburq Humanitar Həmkarlar İttifaqları Universitetinin (SHHU) rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Aleksandr Zapesotkinin dəvətinə əsasən, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu həmin Universitetdə tələbələr qarşısında mühazirə söyləmişdir.

Qeyd olunmalıdır ki, Sankt-Peterburqun 5 ən nüfuzlu ali təhsil ocaqlarının sırasına daxil olan bu Universitetdə 1995-ci ildən etibarən Beynəlxalq Lixaçyov Dinləmələri təşkil olunur. Həmin tədbir humanitar elmlər sahəsində Rusiyada keçirilən və geniş beynəlxalq əks-sədaya səbəb olan ən əlamətdar hadisələrdən birinə çevrilmişdir. SHHU-nun ilk fəxri doktoru akademik Dmitri Lixaçyov seçilmişdir. Sonralar bu sırada Georgi Sviridov, Mstislav Rostropoviç, Jores Alfyorov və s. dünya şöhrətli simalar öz yerini tapmışdır.

2008-cu ildən başlayaraq SHHU-da Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Beynəlxalq mədəniyyətlər dialoqu” adlı diplomatik dinləmələr proqramı gerçəklənməkdədir. Bu proqram çərçivəsində Böyük Britaniya, Çin, Fransa, Koreya Respublikası, İran, İsrail, İtaliya, Türkiyə və s. xarici ölkələrin Rusiyadakı səfirləri, habelə nüfuzlu rusiyalı rəsmilər və alimlər çıxış etmişdirlər.

Rektor Aleksandr Zapesotski öz təqdimat sözündə Səfir Polad Bülbüloğlu barədə məlumat verməklə yanaşı, Azərbaycanda olduğunu və bu səfərdən xoş təəssüratda qaldığını söyləmişdir. O, ölkəmizdə aparılan islahatları, yenidənqurma və abadlaşdırma işlərini digər ölkələr üçün nümunə ola biləcəyini qeyd etmişdir. Bütün bu nailiyyətləri ölkə rəhbərliyi, bilavasitə ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı ölçülüb-biçilmiş siyasəti və xalqa olan qayğı yanaşması ilə əlaqələndirmişdir.

Səfir Polad Bülbüloğlu mühazirəyə keçməzdən əvvəl rektor Aleksandr Zapesotskiyə şəxsən onun və xüsusilə Azərbaycan barədə söylədiyi bu cür qiymətləndirmələrə görə öz təşəkkürünü bildirmişdir.

“Beynəlxalq mədəniyyətlər dialoqu: qlobal kontekst və Azərbaycanın iştirakı” mövzusunda olan mühazirədə o, müasir dünyada mədəni və ideoloji sahədə baş verən proseslərə nəzər salmış və burada iki yanaşmanın mövcud olduğunu xatırlatmışdır. Onlardan birincisi “sivilizasiyaların toqquşması”, ikincisi isə “mədəniyyətlər dialoqu və multikulturalizm” modelidir. Münaqişəli xarakterli birinci yanaşmanın bəşəriyyət tarixində saysız-hesabsız bəlalara səbəb olduğu və hal-hazırda da kütləvi faciələrin sayının daha da artırmasına xidmət etdiyi qeyd edilərək, Azərbaycanın qeyd-şərtsiz ikinci – sülh və quruculuq modelinə üstünlük verdiyi bəyan edilmişdir.

Ölkəmizin son dövrdə mədəniyyətlər dialoqu, dözümlülüyün təşviqi üzrə ən fəal meydançalarından birinə çevrilməsi barədə məlumat verilərək, bunun bariz nümunəsi kimi Bakı Beynəlxalq Humanitar Forumu göstərilmişdir. Prezident İlham Əliyevin həmin Forumda, habelə UNESCO-dakı çıxışlarından iqtibaslar gətirilərək, ölkəmizin, xalqımızın mültikulturalizm dəyərlərinə əslən bağlı olması vurğulanmışdır.

Azərbaycana xas olan bu yanaşmanın, bu cür dünyagörüşünün tarixən formalaşması qeyd edilmişdir. Burada tariximizin ötmüş üç min ili ərzində ölkəmizdə ardıcıl surətdə zərdüştiliyin, xristianlığın və islamın iz qoyduğu və Azərbaycan kimliyinin formallaşdığı misallar üzrə təsvir edilmişdir. Eyni qaydada, ölkəmizdə həmişə müxtəlif etnik qrupların çin-çiyinə yaşadığı və birgə yaşayıb yaratdığı nümayiş etdirilmişdir.

Həmin möhkəm zəminə söykənən Azərbaycan xalqının məhz dözümlülük, mədəni dialoq və qarşılıqlı faydalı təmaslara sadiq olması, müasir zəmanədə məhz bu ali dəyərlərin təbliği və təşviqinə çalışması, bununla da dünya miqyasında gedən proseslərə müsbət təkan verməsi izah edilmişdir.

SHHU tələbələri tərəfindən böyük maraqla dinlənilmiş bu mühazirədən sonra onlar tərəfindən çoxlu sayda suallar verilmiş və Səfir Polad Bülbüloğlu tərəfindən ətraflı cavablandırılmışdır. Tədbirdən sonra tələbələr onlarda ölkəmizə dair marağın daha da artdığını və Azərbaycanla daha yaxından tanış olmaq istəyinin yarandığını qeyd edərək, mühazirəyə görə öz təşəkkürünü bildirmişdirlər.

Arxiv üzrə axtarış