2016-02-10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kemerovo vilayətinin qubernatoru Amangəldi Tuleyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kemerovo vilayətinin qubernatoru Amangəldi Tuleyevin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin, dostluğun və əməkdaşlığın inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. Bununla bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyəti Səfiri Polad Bülbüloğlu Kemerovo vilayətinə səfər etmişdir. 

Cari ilin 10 fevral tarixində Kemerovo vilayətinin qubernatoru Amangəldi Tuleyev ilə Azərbaycanın Səfiri Polad Bülbüloğlu arasında görüş keçirilmişdir.

Görüş zamanı tərəflər Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə etmişdirlər. Ordeni vilayətin başçısına təqdim edən Polad Bülbüloğlu ona uğurlar arzulamış və Azərbaycanın tək mərkəzlə deyil, həmçinin Rusiyanın regionları ilə də ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduöunu qeyd edərək, digər regionlarla artıq bu istiqamətdə işin aparıldığını vurğulamışdır. Azərbaycanın Səfiri ikitərəfli münasibətlərin möhkəmlənməsi və inkişafında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin xüsusi   rolunu qeyd etmişdir.

Amangəldi Tuleyev belə yüksək mükafata görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmiş və öz tərəfindən onu doğrultmaq üşün əlindən gələni əsirgəməyəcəyini söyləmişdir. Həmçinin vilayətin rəhbəri qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə onu işgüzar və dostluq münasibətləri bağlayırdı. Amangəldi Tuleyev ağır vaxtlarında Heydər Əliyevin Kuzbasa gəldiyini, bir çox məsələlərin həllində yardımçı olduğunu xatırlamışdır.

Görüş zamanı Tuleyev Azərbaycan diasporu haqqında danışmışdır. O qeyd etmişdir ki, burada 7000-dən artıq azərbaycanlı yaşayır və onlar öz millətini layiqincə təmsil edirlər, bütün işlərdə kömək edirlər, bir çox rəhbər vəzifələri tuturlar. Eyni zamanda Amangəldi Tuleyev Azərbaycanın Səfirinə müraciət edərək demişdir: “Cənab Səfir, çox sağ olun ki, Siz, görkəmli dövlət xadimi olaraq, eyni zamanda da qeyri-adi sənət simasısız və bu gün də sənətdə olan, bütün postsovet məkanının, dünyanın tanıdığı böyük sənətkarsız”.

Kemerovo vilayətinin qubernatorunun qərarına əsasən Azərbaycanın Səfiri Polad Bülbüloğlu Rusiya-Azərbaycan əlaqələrinin inkişafına verdiyi böyük şəxsi töhfə, milli mədəniyyətin mahnı irsinin zənginləşməsi, özünü əməyə ən yüksək səviyyədə həsr etməsi, seçdiyi işə sədaqət, yüksək vətəndaş məsuliyyəti və unikal istedadına görə Kuzbasın “Şərəf” ordeni ilə təltif olunmuşdur. Amangəldi Tuleyevə dərin minnətdarlığını bildirən Polad Bülbüloğlu 70-ci illərin sonu – 80-ci illərin əvvəli Kemerovoya etdiyi səfəri haqqında xatirələri ilə bölüşmüş və burada insanların olduqca qonaqpərvər və səmimi olduqlarını vurğulamışdır.    

Həmçinin görüşdə turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi haqqında razılıq əldə olunmuşdur. Polad Bülbüloğlu Azərbaycanın turizm imkanları barədə danışmış, Amangəldi Tuleyev isə sözügedən mövzunun öyrənilməsi üçün göstəriş vermişdir.

Səfər çərçivəsində Azərbaycan Səfirinin yerli KİV üçün mətbuat konfransı keçirilmişdir. Burada o, jurnalistlərin ikitərəfli münasibətlərin inkişafı, öz sənət fəaliyyəti və Amangəldi Tuleyevin rəhbərliyi altında regionun uğurlu inkişaf dinamikası haqqında çoxsaylı suallarını cavablandırmışdır.

Həmçinin səfər çərçivəsində Polad Bülbüloğlu “Kuzbas şaxtaçılarının xatirəsi” monumenti önünə güllər qoymuş və “Qırmızı Təpə” qoruq-muzeyini və Kuzbass dövlət filarmoniyasını ziyarət etmişdir.  Burada Azərbaycanın Səfirinə yüksəksəviyyəli bədii musiqi əsərlərinin yaradılması, beynəlxalq mədəni əlaqələrin möhkəmlənməsinə verdiyi mühüm şəxsi töhfəyə görə “Qızıl lira” fəxri nişanı təqdim olunmuşdur.

Arxiv üzrə axtarış