2016-01-20

Azərbaycanın Rusiyadakı Səfirliyində 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr edilmiş tədbirlər keçirilmişdir

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən 1990-cı il 20 Yanvar hadisələri qurbanlarının xatirəsini yad etmək məqsədilə bir sıra tədbirlər görülmüşdür. Belə ki, anma mərasimindən əvvəl faciə ilə əlaqədar press-reliz Moskvada akkreditə olunan bütün diplomatik nümayəndəliklərə göndərilmiş və Səfirliyin internet səhifəsində yerləşdirilmişdir.

20 yanvar 2016-cı il tarixində Səfirliyin binasında faciə qurbanlarının adbaad siyahısını əks etdirən banner və sənədli fotoşəkillər binanın əsas girişində quraşdırılmış və Moskvada məskunlaşan soydaşlarımız, əsasən gənc nəslin təmsilçiləri, eləcə də yerli əhalinin nümayəndələri onun önündə baş əyib şəhidlərin xatirəsini yad edə bilmişdirlər.

Eyni zamanda, Səfirliyin mərasim zalı qarşısında şəhidlərin adlarını adbaad sadalayan digər bir banner və sənədli fotoşəkillərdən ibarət stend quraşdırılmışdır. Foyedə Moskva Konservatoriyasından olan gənc ifaçılar tərəfindən kədərli kamera musiqisi səsləndirilirdi. Əsasən Moskvada akkreditə olunan diplomatik korpus üçün nəzərdə tutulmuş bu tədbirdə Səfirliyin əməkdaşları ilə yanaşı, dünya şöhrətli azərbaycanlı incəsənət ustadı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov, bir sıra MDB, Mərkəzi Avropa və müsəlman ölkələri, habelə Azərbaycanda Moskvadakı missiyaları vasitəsilə təmsil olunmuş dövlətlərin nümayəndələri iştirak etmişdirlər.

Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsi önünə tər-çiçəklərin qoyulması ilə başlamışdır.

Yığışanların qarşısında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş press-reliz rus və ingilis dilində oxunmuşdur.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu 26 il əvvəl baş vermiş faciənin Azərbaycan tarixində qara səhifə kimi həkk olunmasını söyləyərək, onun daim xatırlanmasının əhəmiyyətindən danışmış və anma mərasiminə buyuranlara bu gün xalqımızın kədərini bölüşərək bizimlə bir yerdə olmaları üçün təşəkkürünü bildirmişdir. Tarixin Qanlı Yanvar hadisələrinə dair öz kəsirli qərarının verdiyini vurğulamışdır.

Tədbir iştirakçılarının diqqətini 20 Yanvar hadisələri ilə əlaqədar ədalətin bərqərar olunmasında nəhəng siyasətçi Heydər Əliyevin oynadığı roluna cəlb edən Səfir Polad Bülbüloğlu, məhz o, faciədən dərhal sonra onun Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinin (hal-hazırda Səfirliyin) binasına gəldiyini və SSRİ rəhbərliyinin öz vətəndaşlarına qarşı törətdiyi cinayət barədə prinsipial mövqe nümayiş etdirərək ona siyasi qiymət verdiyini bildirmişdir.

Polad Bülbüloğlu tədbirdə iştirak edənlərə müraciət edərək qeyd etmişdir ki, SSRİ rəhbərliyinin Bakıda və digər şəhərlərdə dinc əhaliyə qarşı amansız hərbi vasitələrdən istifadə edilməsi əks nəticəni vermiş və həmin dövlətin süqutunu şərtləndirmişdir. Həmçinin Azərbaycanın Səfiri 1990-ci il faciəvi Yanvar hadisələrindən illərin ötməsinə baxmayaraq, Azərbaycan xalqının öz tarixinin bu səhifələrini həmişə öz yaddaşında saxlayacağını və şəhidlərin xatirəsini yad edəcəyini diqqətə çatdırmışdır.

Sonra mərasim iştirakçıları matəm banneri önünə qərənfil güllərini qoymuş və şəhidlərin xatirəsini yad etmişdirlər.

Rəsmi hissədən sonra şəhidlərin ruhu şərəfinə ehsan verilmişdir.

Xarici diplomatlar bu cür tarixi hadisələrin həmişə yadda saxlanmasının vacibliyini bildirərək, xalqımızın kədərinə şərik çıxdığını söyləmişdirlər.

Tədbirin gedişatı Azərbaycan və Rusiya KİV tərəfindən geniş işıqlandırılmışdır.  

Arxiv üzrə axtarış