2016-07-04

Sabir Həbibov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən tibb elminin inkişafındakı xidmətlərinə görə Sabir Həbibov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Cari ilin 4 iyul tarixində Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Prezident İlham Əliyevin tapşırığına əsasən qeyd olunan fəxri diplomu tibb elmləri doktoru, professor, "Rusiya Federasiyasının əməkdar həkimi", Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopiya Cərrahları Cəmiyyətinin həqiqi üzvü, Moskva şəhəri Səhiyyə Departamentinin 79 nömrəli Şəhər Klinik Xəstəxanası dövlət müəssisəsinin Rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiri Sabir Həbibova təqdim etmişdir.

Tədbirdə çıxış edən Polad Bülbüloğlu Sabir Həbibov kimi azərbaycanlılarla fəxr etdiyini, onun Rusiyadakı fəaliyyətini, insanlara göstərdiyi xidməti məmnunluqla önə çəkərək, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulamışdır. Həmçinin Səfir Prezident İlham Əliyevin çıxışlarında söylədiyi “Mən hər bir azərbaycanlının Prezidentiyəm“ ifadəsinə istinad edərək, sözügedən fəxri diplomun bunun bariz nümunəsi olduğunu bildirmişdir.

Daha sonra Sabir Həbibov sözügedən diplomu qürbətdə yaşayıb işləyərək aldığını onun üçün olduqca xoş olduğunu qeyd etmişdir. Bundan əlavə o, Rusiyadakı soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını hiss etdiklərini söyləmişdir. Sabir Həbibov fəaliyyətinə verilmiş bu yüksək qiymətə görə ölkəmizin başçısına dərin minnətdarlığını bildirmişdir.

Tədbir Azərbaycan və Rusiya KİV tərəfindən işıqlandırılmışdır.  

Arxiv üzrə axtarış