2018-03-29

31 Mart soyqırımının 100 illiyinə həsr olunmuş tədbir

Cari ilin 29 mart tarixində Səfirlikdə 31 Mart soyqırımının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Rusiya ictimaiyyətinin nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin və diaspor təşkilatlarının üzvləri, Rusiya Mülki Müdafiə Akademiyasının dinləyiciləri və Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hərbi Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Öncə tədbir iştirakçıları Səfirlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi önünə tər çiçəklər düzmüşlər. Foyedə 31 Mart soyqırımını əks etdirən foto sərgi və film nümayiş etdirilmiş, o cümlədən dəvət edilmiş simli kvartet tərəfindən canlı şəkildə matəm musiqisi səsləndirilmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu 31 mart soyqırımı haqqında geniş məlumat verdi. Tarixdə faciələrin olduğunu və onların unudulmadığını bildirən Səfir, Sovetlər dönəmində bu hadisə barədə heç bir məlumatın verilmədiyini, təhrif olunduğunu və vətəndaş müharibəsi kimi əhaliyə çatdırıldığını qeyd etdi. O bildirdi ki, yalnız Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixində imzaladığı Fərmanla 31 Mart azərbaycanlıların soyqırımı günü kimi elan edilmiş və Fərmanın mətnində azərbaycanlılara qarşı “dəfələrlə törədilmiş soyqırım” faktı əks olunmuşdur. Bolşevik-daşnak silahlı birləşmələri tərəfindən Bakı və Şamaxı şəhərlərində azərbaycanlıların kütləvi şəkildə qırıldığını, döyüldüyünü, əsir götürüldüyünü və bir sözlə qarşılarında gördükləri hər şeyin məhv edildiyini diqqətə çatdıran Səfir, Bakı və Şamaxıdan sonra müsəlmanların qırılması prosesinin başqa şəhər və kəndlərə, Qarabağın yaşayış məntəqələrinə, həmçinin Lənkəran, Kürdəmir, Səlyan, Cəbrayıl, Şuşa, Göyçay, Şabran, Nuxa və Zəngəzur qəzasına keçdiyini xüsusi vurğuladı. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 15 iyul 1918-ci il tarixli Qərarı ilə Fövqəladə İstintaq Komissiyasının yaradıldığını və Cənubi Qafqazın hüdudlarında müsəlmanlara, onların əmlaklarına qarşı törədilmiş zorakılıq əməllərinin və talanın araşdırılmasına başlanıldığını, yalnız 1919-cu ilin may ayında istintaq hərəkətlərinin başa çatdığını nəzərə çatdırdı. Yığılmış 36 cildlik, 3500 səhifəlik materialların 740 səhifəsinin Bakı və onun ətrafında müsəlman əhaliyə qarşı törədilmiş zorakılıq aktları olduğunu təəssüflə bildirdi. Başqa cildlərdəki məlumatların isə ermənilərin Şamaxı, Gəncə, Nuxa, Qarabağ, Zəngəzur və Quba qəzalarında törədilmiş vəhşiliklər haqda olduğunu qeyd etdi. Polad Bülbüloğlu ümummilli lider Heydər Əliyevin 31 Mart soyqırımı ilə bağlı imzaladığı Fərmanı bir daha yada salaraq, Fərmanın yeni nəsillər üçün bir növ xəbərdarlıq, ehtiyat  tədbiri olduğunu diqqətə çatdırdı. Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət” şüarı altında aparılan kampaniya vasitəsilə azərbaycanlılara qarşı törədilmiş digər faciə - Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinin cəlb edildiyini bildirdi. Müharibələrin informasiya məkanında aparıldığını, onların insanların ağıl və qəlblərini fəth etmək üçün hədəfə alındığını qeyd edərək, diplomatların, jurnalistlərin və alimlərin əsas vəzifəsinin Azərbaycan xalqına qarşı törədilmiş soyqırım haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mübarizədə məğlub olmamağın vacibliyini önə çəkərək çıxışına yekun vurdu.

Sonra Səfirlik tərəfindən Azərbaycan və İsraildən xüsusi dəvət olunmuş  ekspertlər çıxış etdilər.

Milli Məclis Aparatının Hüquq şöbəsinin müdiri Nizami Səfərov 31 Mart tarixinin Azərbaycan tarixinin ən qanlı səhifəsi adlandıraraq, ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə və hərbi cinayət törədiklərini qeyd etdi. Bu tip cinayətlərdən olan soyqırım qətliamının ermənilər tərəfindən azərbaycanlılara qarşı hələ də davam etdiyini bildirdi. Dünyada baş vermiş soyqırımlara qarşı beynəlxalq ictimaiyyət tərəfindən ikili standartların tətbiq olunduğunu xüsusi vurğulayaraq bunun yolverilməz olduğunu söylədi.

Beynəlxalq əlaqələr üzrə israilli ekspert Arye Qut çıxış edərək Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının 31 mart soyqırımı barədə həqiqətlərin Rusiya ictimaiyyətinə çatdırılması sahəsində ciddi iş aparmalı olduğunu bildirdi. “Stepan Şaumyanın rəhbərliyi ilə vəhşicəsinə törədilmiş kütləvi qırğına yalnız soyqırım adı vermək olar” - deyə o çıxışına davam etdi. Xocalıda insanların yalnız bir məqsədlə, azərbaycanlı olduqları üçün amansızlıqla qətlə yetirildiyindən danışan natiq, Xocalı qətliamı ilə 31 mart soyqırımı arasında oxşarlıqlar barədə məlumat verdi.

Rusiya Elmlər Akademiyasının Slavyanşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi İlqar Məmmədov erməni millətçilərinin Osmanlı və Rus imperiyaları zamanı 19-20-ci əsrlərdə törədikləri vəhşiliklər barədə ətraflı çıxış etdi. Stepan Şaumyanın rəhbərliyi altında bolşevik-daşnaksütun  fəallarının təkcə Bakıda otuz mindən çox azərbaycanlını amansızlıqla qətlə yetirilməsi, həmçinin onların törətdiyi soyğunçuluq əməllərindən danışdı. 31 Mart hadisələrinin qadınlara, uşaqlara və qocalara qarşı ermənilər tərəfindən törədilmiş vəhşilik kimi yaddaşlarda qaldığını bildirdi.

Azərbaycan Milli Tarix Muzeyinin elmi katibi Fərhad Cabbarov çıxış edərək, daşnaksütunun törətdiyi 31 Mart soyqırımını terror olduğunu qeyd etdi. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiya edilməsinin bu hadisələrin davamı olduğunu vurğuladı.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova 2007-c ildə Quba ərazisində tapılmış kütləvi məzarlıq barədə məlumat verdi və 1918-ci ildə baş verən hadisələri insanlığa qarşı törədilmiş hadisə adlandırdı.

Rusiya Ali İqtisadiyyat Məktəbinin Azərbaycan klubunun sədri, tələbə Teymur Qocayev Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixində imzaladığı Fərmanla gənc nəsil azərbaycanlıların hadisəni daima xatırladıqlarını və sosial şəbəkələrdə 31 Mart soyqırımı ilə bağlı məlumatların bölüşdüklərini diqqətə çatdırdı. Rusiyada yaşayan azərbaycanlıların faciəyə biganə qalmadıqlarını qeyd etdi.

Sonda 31 Mart soyqırımı zamanı həyatlarını itirmiş insanların əziz xatirəsini yad etmək məqsədilə gələn qonaqlar üçün ehsan süfrəsi təşkil olunmuşdur.

Arxiv üzrə axtarış