2018-07-13

Səfir Polad Bülbüloğlu «Трудовая доблесть России» ümumrusiya ictimai təşkilatının sədri Aleksey Levini qəbul etmişdir

Cari ilin 13 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu «Трудовая доблесть России» ümumrusiya ictimai təşkilatının sədri, sosialist əməyi qəhrəmanı Aleksey Levini və Moskva şəhər İctimai palatasının üzvü, Rusiya Dövlət Qulluğu və Xalq Təsərrüfatı akademiyasının professoru İrina Orlovanı qəbul etmişdir.

Görüş Azərbaycan Səfirliyinin binasında məşhur Azərbaycan çayı və şərq şirniyyatları süfrəsi arxasında baş tutmuşdur.

Görüş zamanı Aleksey Levin Səfir Polad Bülbüloğluna qarşıdan gələn yubiley – “Sosialist Əməyi Qəhrəmanı” ali fərqlənmə mükafatının təsis edilməsinin 80 illiyininin bu ilin dekabr ayında keçiriləcəyini bildirərək qeyd etmişdir ki, rəhbərlik etdiyi qurumda Azərbaycandan 578 soydaşımızın, o cümlədən ümummilli lider Heydər Əliyevin iki dəfə bu yüksək mükafata layiq görüldüklərini yaxşı xatırlayırlar.

Səfirin təklifi ilə «Трудовая доблесть России» təşkilatının rəhbərliyi yaxın günlərdə qarşıdan gələn bu əlamətdar günün Moskva və Bakı şəhərlərində qeyd olunması ilə bağlı təkliflərini Azərbaycan tərəfinə təqdim edəcəkdir.

Görüş əsnasında Aleksey Levin Azərbaycan SSR-inin xalq artisti, incəsənət elmi üzrə doktor, professor Polad Bülbüloğluna iki ölkə arasında mədəni əlaqələrə göstərdiyi dəstəyə, birgə tarix və mədəniyyətimizə olan həssas və diqqətli münasibətinə görə «Трудовая доблесть России» fərqlənmə nişanını təqdim etmişdir.

Öz növbəsində İrina Orlova Moskva ilə Bakı arasında mövcud olan mədəni əlaqələrin yüksək səviyyəsini, Azərbaycan diasporunun paytaxt şəhərin həyatında oynadığı aktiv rolu qeyd edərək, Səfir Polad Bülbüloğlu ilə bir sıra mədəni və maarif layihələrini, o cümlədən «Россия» dövlət konsert zalının və keçən il müasir parkın salındığı Zaryadye rayonundakı otelin sökülməsi ilə əlaqədar 2008-ci ildə demontaj edilmiş estrada ulduzları meydanının mədəni və tarixi irsinin qorunub saxlanılmasını müzakirə etmişdir.

Görüş iştirakçıları müzakirə olunan məsələlər üzrə qarşılıqlı əməkdaşlıq, həmçinin Rusiya və Azərbaycan təşkilatları və vətəndaşları arasında mədəniyyət, təhsil sahələrində əlaqələrin və işgüzar münasibətlərin inkişaf etdirilməsi üçün yeni lahiyələrin işlənib hazırlanması üzrə razılığa gəlmişdirlər.

Arxiv üzrə axtarış