2018-09-04

Səfir Polad Bülbüloğlu Bolqarıstanın Rusiyaya yeni təyin olunmuş Səfiri Atanas Krıstini qəbul etmişdir

Cari ilin 4 sentyabr tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiyada akkreditə olunmuş diplomatik korpusun duayeni Polad Bülbüloğlu Bolqarıstan Respublikasının bu ölkəyə yeni təyin olunmuş Səfiri Atanas Krıstini qəbul etmişdir.

Görüş zamanı Səfir Polad Bülbüloğlu qonağı salamlayaraq Azərbaycan-Bolqarıstan əlaqələrinin hazırkı vəziyyəti barədə söhbət açmış və ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Həmçinin ölkələrimiz arasında münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu bildirmişdir.

Azərbaycanın hər hansı köməyə ehtiyac duymadığını və tam müstəqil siyasət apardığını qonağın diqqətinə çatdıran Azərbaycanın Rusiyadakı Səfiri, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı durumu haqqında ətraflı danışmış, işğal faktının hələ də davam etdiyini, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvalarından məcburi köçkün və qaçqın düşdüyünü qeyd etmiş və status-kvonun davam etməsinin yolverilməz olduğunu həmkarının diqqətinə çatdırmışdır.

Səfir Atanas Krıstin qəbula görə minnətdarlığını bildirərək, ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu, Bolqarıstan prezidenti və hökumət başçısının ölkəmizə etdikləri rəsmi səfərlər barədə danışmışdır. Eyni zamanda Bolqarıstanın qazlaşdırılması sahəsində SOCAR-la əməkdaşlıq etdiklərini qeyd etmişdir.

Bolqarıstan prezidentini 2017-ci ildə ölkəmizə rəsmi səfəri zamanı onun müşaviri qismində müşayiət etdiyi haqqında məlumat verən Atanas Krıstin Azərbaycanın inkişafının onda maraq doğurduğunu diqqətə çatdıraraq, Bolqarıstanda ölkəmizin başçısı İlham Əliyevi rəsmi səfərlə səbirsizliklə gözlədiklərini xüsusi vurğulamışdır.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış