2019-05-06

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi qeyd olunmuşdur

Cari ilin 6 may tarixində Səfirlikdə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə nəşr edilmiş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimatı keçirilmiş və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə rəsmi mərasim təşkil edilmişdir.

Tədbirdə Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, deputat Leonid Slutski, deputatlar Anatoliy Karpov və Pavel Doroxin, RF Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmi şəxsləri, Türkiyə, Özbəkistan, Qırğızıstanın səfirləri, Qazaxıstan, Belarus və Ukrayna Səfirliklərinin yüksək vəzifəli diplomatları, tanınmış ictimai-siyasi, elm və incəsənət xadimləri, Heydər Əliyevlə müxtəlif dövrlərdə çalışmış sabiq rəsmilər, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbərliyi, Azərbaycan dövlət qurumları və şirkətlərinin Moskvadakı nümayəndələri, jurnalistlər, diasporumuzun tanınmış simaları iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları Səfirliyin binasındakı Heydər Əliyevin xatirə barelyefi qarşısında gül-çiçək dəstələri qoymuşlar.

Qonaqları səmimi qəlbdən salamlayan Səfir Polad Bülbüloğlu hal-hazırda Moskvada Səfirliyin yerləşdiyi binanın rəmzi xarakter daşıdığını, Heydər Əliyevin 1990-cı ilin Qara Yanvar faciəsindən dərhal sonra bu binaya gələrək bütün dünyaya öz siyasi iradəsini nümayiş etdirdiyini vurğulamışdır. O, Ulu öndərin sayəsində 1960-cı illərin sonunda görkəmli Azərbaycan yazıçılarının, bəstəkarlarının, ifaçılarının ümumittifaq arenasına çıxdığını söyləmişdir. Sonra mədəniyyət naziri qismində çalışdığı dövrü xatırlayaraq Heydər Əliyevin 1993-cü ildə Naxçıvandan qayıdaraq sovet Azərbaycanın qalıqlarını zərrə-zərrə bir yerə toplamağa başladığını diqqətə çatdırmışdır. Polad Bülbüloğlu Ulu öndərin o dövrün çətin şəraitində daxili çaxnaşmaya son qoyaraq yeni sağlam dövlətçiliyin memarına çevrildiyini qeyd etmişdir.

Səfir müstəqillik dövründə 10 il ərzində onun rəhbərliyi altında mədəniyyət naziri qismində çalışdığının ona nəsib olduğunu, Heydər Əliyevin mədəniyyətin müxtəlif sahələrini – musiqini, teatrı, incəsənəti gözəl bildiyini və müstəqilliyimizin ilk illərində olan çətinliklərə baxmayaraq, həmişə həmin sahəyə xüsusi diqqət yetirdiyini bildirmişdir.

Çıxışın sonunda həmin illərin onun üçün böyük məktəb olduğunu söyləmiş, Heydər Əliyev haqqında xatirələrini saatlarla paylaşa biləcəyini qeyd etmişdir. Bu böyük şəxsiyyət haqqında öz xatirələrini isə qısaca bu cür ifadə etmişdir “Dünyanın heç bir universitetinin vermədiyi diplom. Heydər Əliyev ilə 10 il”.

“Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının tərtibatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə institutunun direktoru, professor İlham Məmmədzadə bildirmişdir ki, bu il təkcə Heydər Əliyevin 96 illiyini deyil, eyni zamanda onun Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 50 illiyini qeyd edirik. O xatırlatmışdır ki, 2009-cu ildə Rusiya Elmlər Akademiyasının Fəlsəfə institutunda Heydər Əliyevə həsr olunmuş Konfransın keçirilməsi, həmçinin Azərbaycan və Rusiya filosoflarının iki ildə bir dəfə toplanaraq dahi şəxsiyyətin irsinə həsr olunmuş kitabların və məqalələrin hazırlanması qərara alınmışdır. Daha sonra həmin təşəbbüsün Heydər Əliyev haqqında qiraətlərə çevrildiyini, nəşr olunan 4 kitabın Heydər Əliyev və onun irsinin davam etdirilməsi ilə bağlı bütün mövzuları əhatə etdiyini bildirmişdir. O, mədəniyyətlərarası dialoqun əsas tərkib hissəsinin ziyalılar və filosoflar arasındakı münasibətlərdən, mürəkkəb dövrdə ümumi dil tapılması və mədəniyyət problemləri üzərində birgə əməkdaşlıq etmək bacarığından ibarət olduğunu vurğulamışdır. Heydər Əliyev Fondu və onun vitse-prezidenti Leyla xanım Əliyevanın mədəniyyətlərarası dialoqa əvəzolunmaz töhfəsindən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsi ilə bilavasitə bağlılığını xüsusi olaraq qeyd etmişdir.                         

Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski çıxışında bildirmişdir ki, “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının işıq üzü görməsi Azərbaycan və Rusiya mədəni həyatı üçün əlamətdar hadisədir. O, kitabda Mirzə Fətəli Axundovun və Həsən bəy Zərdabinin adlarının çəkildiyini vurğulayaraq, son vaxtlar müasir tədqiqatçılarının bu şəxslərin yaradıcılığına tez-tez müraciət etdiyini nəzərə çatdırmışdır. Azərbaycan rəhbərliyi, ölkə alimləri, mədəniyyət xadimləri və ziyalılar tərəfindən fəal mədəniyyətlərarası dialoqun aparıldığını, Azərbaycanda həyata keçirilən bu siyasətin bizi təkrar olaraq yenidən müasir Azərbaycan dövlətinin banisi, görkəmli şəxsiyyət Heydər Əliyevin irsinə qaytardığını bildirmişdir. L.Slutski təkqütblü dünyanın yaradılması cəhdlərinin müşahidə olunduğunu, beynəlxalq hüquq, əsasən də beynəlxalq humanitar hüquq prinsiplərinin inkar edildiyi müasir dünyada mədəniyyətlərarası dialoqunun zəruriliyini qeyd etmişdir. O vurğulamışdır ki, Heydər Əliyevin həyatını öyrəndikdə, gələcəkdə necə hərəkət edəcəyini, insanlarla nə cür ünsiyyət quracağını, müxtəlif mədəniyyətlər və dinlərin mənsublarını necə birləşdirə biləcəyini daha yaxşı başa düşürsən. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Heydər Əliyevin böyük ideyalarını davam etdirərək hal-hazırda ən yüksək səviyyədə tolerant dövlət yarada bildiyini xüsusi bildirmişdir.

Tədbirdə çıxış edən digər şəxslər - Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, professor Aleksandr Çumakov, “Biblio-Qlobus” Ticarət Evinin prezidenti, akademik Boris Yesenkin, “Rossiya-Kultura” telekanalının icmalçısı Vladislav Flyarkovskiy Heydər Əliyevlə bağlı öz ürək sözlərini, fikir və xatirələrini bölüşdülər.

Rusiya Jurnalistlər İttifaqının katibi, Rusiyanın əməkdar mədəniyyət işçisi Rafael Hüseynovun 70 illik yubileyi münasibətilə Səfirlik tərəfindən hazırlanmış “Azərbaycan və Rusiya arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə” xatirə plaketi Səfir Polad Bülbüloğlu tərəfindən ona təqdim edilmişdir.

Rəsmi mərasimin sonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən tanınmış rejissor, Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi Yuli Qusmana “Dostluq” ordeni Səfir tərəfindən ona təqdim olunmuş, bu yüksək mükafata Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafındakı çoxillik məhsuldar xidmətlərinə görə layiq görüldüyü bildirilmişdir.

Yüksək mükafata görə minnətdarlığını ifadə edən Y.Qusman, Heydər Əliyevin komandasının iş prosesini müşahidə etmək və bəzi hallarda bu prosesdə iştirak etmək, həmçinin Azərbaycan və Rusiya mədəniyyətlərinin dialoquna töhfə vermək şərəfinin ona nəsib olduğunu böyük məmnuniyyətlə qeyd etmişdir. 

Tədbirin sonunda qonaqlar üçün yüksək səviyyədə 120 nəfərlik ziyafət verilmişdir.

Arxiv üzrə axtarış