2019-02-27

Səfir Polad Bülbüloğlu Türkiyənin Rusiyaya yeni təyin olunmuş Səfiri Mehmet Samsarı qəbul etmişdir

Cari ilin 27 fevral tarixində Səfir Polad Bülbüloğlu Türkiyə Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Mehmet Samsarı qəbul etmişdir.

Türkiyəli həmkarını yeni təyinatla əlaqədar təbrik edən Azərbaycanın Səfiri, ona Rusiyada diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulamışdır.

Öz növbəsində, Mehmet Samsar Polad Bülbüloğlunu Moskvada akkreditə olunan diplomatik korpusun duayeni səlahiyyətlərinin ona keçməsi ilə əlaqədar təbrikini çatdırmışdır.

Görüş zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin hazırkı durumu ətrafında fikir mübadiləsi aparılmışdır. İki dövlət arasında əməkdaşlığın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında yüksələn xətt üzrə inkişaf etdiyi xüsusi vurğulanmışdır. Dövlət başçılarının mütəmadi əsasda qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əvəzolunmaz rolu, eləcə də regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində iki qardaş dövlətin iştirakı ilə həyata keçirilən çoxsaylı enerji və nəqliyyat layihələrinin əhəmiyyəti qeyd edilmişdir.   

Söhbət əsnasında Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin hazırkı durumu haqqında həmsöhbətinə ətraflı məlumat verən Səfir Polad Bülbüloğlu, ikitərəfli əsasda və beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsinin vacibliyini vurğulamış və bu məsələdə Türkiyə tərəfindən göstərilən hərtərəfli dəstəyə görə təşəkkürünü ifadə etmişdir.

Azərbaycanın Rusiyadakı Səfiri qeyd etmişdir ki, iki qardaş ölkə hər zaman bir birinin yanında olmalı və qarşılıqlı dəstək verməlidir. Bizim əbədi həmrəyliyimizin qarşılaşa biləcəyi bütün çağırış və təhdidlərə layiqli cavab olacağını vurğulamışdır.    

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış