2019-08-09

Səfir Polad Bülbüloğlu Mərakeşin Rusiyaya yeni təyin olunmuş Səfiri Lotfi Buşaarı onun xahişi ilə qəbul etmişdir

Cari ilin 9 avqust tarixində Səfir Polad Bülbüloğlu Mərakeş Krallığının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Lotfi Buşaarı onun xahişi ilə qəbul etmişdir.

Həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın Rusiyadakı Səfiri, ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulamış və Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat vermişdir.

Polad Bülbüloğlu Azərbaycan ilə Mərakeş arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamışdır. Həmçinin o, cari ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının növbəti Zirvə görüşünün keçiriləcəyini qeyd edərək, Mərakeş Krallığının həmin tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümid etdiyini söyləmişdir. Son zamanlar dünyanın müxtəlif bölgələrində separatçı meyllərin artdığını narahatlıqla vurğulayan Səfir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında dolğun məlumatı həmsöhbətinin diqqətinə çatdırmış və ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyinə görə Mərakeş dövlətinə təşəkkür etmişdir. Bundan əlavə, Azərbaycanın Səfiri Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə son qoyulmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrin icrasının əhəmiyyətini vurğulamışdır.  

Eyni zamanda Polad Bülbüloğlu cari ilin 5 avqust tarixində Ermənistan baş nazirinin Xankəndi şəhərində səsləndirdiyi populist bəyanatları qeyd edərək, onların danışıqlar prosesinə ciddi xələl vurduğunu bildirmişdir.

Mərakeş Səfiri Lotfi Buşaar Mərakeş Krallığının Azərbaycan Respublikasının suverenliyini tam dəstəklədiyini və münaqişənin tezliklə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əminliyini ifadə etmişdir. Bundan əlavə, o, 2012-13-cü illərdə Mərakeşin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycanla təşkilat çərçivəsində sıx və faydalı əməkdaşlıq etdiyini xatırlamışdır.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış