2019-10-09

Cari ilin 9 oktyabr tarixində Rusiya Federasiyasının Dövlət Dumasında “Avrasiyaya inteqrasiyanın Altay vektoru” mövzusunda dəyirmi masa təşkil olunmuşdur

Cari ilin 9 oktyabr tarixində Rusiya Federasiyasının Dövlət Dumasında “Avrasiyaya inteqrasiyanın Altay vektoru” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

Dövlət Dumasının deputatı İvan Belekovun moderatorluğu ilə keçirilən tədbirdə Dumanın deputatları, Federal məclisin üzvləri, Rusiya dövlət qurumlarının və diplomatik korpusun nümayəndələri, habelə təhsil, elm və mədəniyyət xadimləri, ekspertlər iştirak etmişdirlər.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu tədbirdə çıxış etmişdir.

Səfir Rusiya Dövlət Dumasının binasında belə bir tədbirin keçirilməsini əlamətdar adlandırmışdır. Rusiya Dövlət Dumasında “Mədəniyyətlərin kəsişməsi: Avrasiya məkanında mədəniyyətlərarası dialoq”, “Azərbaycan və Rusiya arasında mədəni körpülər” mövzularında dəyirmi masaların keçirildiyini qeyd edən Polad Bülbüloğlu demişdir: “Mən bunların hamısında parlaq ifadə olunmuş sistemlilik, dialoq qurmaq, aktual məsələləri müzakirə etmək, münasibətləri dərinləşdirmək və xalq diplomatiyasını inkişaf etdirmək istəyi görürəm. Hazırda Azərbaycan ilə Rusiya arasında etimada söykənən və konstruktiv xarakter daşıyan ikitərəfli əlaqələr bu kontekstdə olduqca səciyyəvidir”.

Azərbaycanın Səfiri sözügedən mövzunun həmişə prioritet olduğunu və ölkələrimizin ikitərəfli münasibətlərində hər bir faktın xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır. Polad Bülbüloğlu nitqini davam edərək demişdir: “Dövlət Dumasının deputatı, Xalq yazıçısı İvan İtuloviç Belekov bu yaxınlarda mənə xatırlatdı ki, Biya və Katun çaylarının qovuşması nəticəsində əmələ gələn Ob çayı üzərindən ən böyük körpü məhz sovet dövründə Moskvada Nazirlər Soveti sədrinin birinci müavini işləmiş və Altaydan SSRİ Ali Sovetinə deputat seçilmiş ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb. Heydər Əliyev onun üçün çox əlamətdar olan bu hadisəni tez-tez səmimiyyətlə xatırlayırdı. Müasir dövrdə əlaqələrimizin simvollarını məhz belə şəxsiyyətlərin nümunəsində görürük”.

Bundan əlavə Səfir qeyd etmişdir ki, müasir şəraitdə postsovet məkanındakı dövlətlərin siyasətində Avrasiya vektorunun əhəmiyyəti artmaqdadır. Altay vektoru Avrasiyanın inteqrasiya proseslərində xüsusi rol oynamağa başlayır. Altay əsrlər və hətta minilliklər boyu bir çox xalqların qarşılıqlı fəaliyyət mərkəzi olub, onların mədəni müxtəlifliyinin elementlərini öz xəzinəsində toplayıb.

Eyni zamanda Polad Bülbüloğlu vurğulamışdır ki, 1992-ci ildə Azərbaycan tərəfinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin dəstəyi və iştirakı ilə türkdilli ölkələrin mədəniyyətlərini birləşdirən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY yaradılmışdır. TÜRKSOY-un əsas məqsədi türkdilli xalqlar arasında ümumi maddi-mədəni dəyərləri və abidələri qoruyub saxlamaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək naminə əməkdaşlıq olmuşdur. “Mənə TÜRKSOY-un yaradılmasının təməlində dayanmaq və 14 il ərzində bu təşkilata başçılıq etmək səadəti nəsib olub. Ötən 27 ildə TÜRKSOY tərəfindən türkdilli xalqların hər birinin özünəməxsus mədəniyyətinin dəstəklənməsinə və inkişafına yönəldilmiş minlərlə layihə həyata keçirilib, lakin türkdilli xalqların mədəniyyətlərinin ümumiliyini və yaxınlığını, onların eyni kökdən qaynaqlandığını əyani nümayiş etdirmiş müştərək layihələr daha böyük əhəmiyyət daşıyır. Təəssüf ki, Rusiyada bu təşkilata heç də hamı müsbət yanaşmır, halbuki o, siyasətdən uzaqdır və sırf türkdilli xalqların identikliyinə kömək edən mədəni başlanğıc daşıyır. Odur ki, Avrasiya məkanı türkdilli mədəniyyət olmadan yaşaya bilməz” – deyə Polad Bülbüloğlu fikrini tamamlamışdır.

Azərbaycanın Səfir onu da diqqətə çatdırmışdır ki, Altay təkcə türkdilli xalqların ilk vətəni deyil. Ənənəyə görə, Altay dilləri ailəsini türk, monqol, tunqus-mancur, Koreya və yapon-ryukyu qollarına ayırırlar. Hesab edilir ki, bütün bu xalqlar uzaq keçmişdə öz yollarını məhz Altaydan başlayıblar. Oradan bütün dünyaya səpələniblər və planetimizin hər yerinə öz mədəniyyətlərini və ənənələrini gətiriblər. Səfir fikrini bu sözlərlə tamamlamışdır: “İndi “daşları toplamaq” vaxtı gəlib çatıb. Fürsətdən istifadə edərək demək istəyirəm ki, çoxlarımızın ümumi kökləri, ümumi qaynaqları, ümumi sivil inkişaf yolları var. Bu zalda oturanların çoxunun da yolları, çox güman ki, Altay adlı müqəddəs torpaqdan başlayıb”.

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin üzvü İvan Belekov qeyd etmişdir ki, Altayda Azərbaycanın ümummilli lideri Heydər Əliyevi xatırlayırlar və xatirəsini dərin ehtiramla anırlar. Deputat bildirmişdir ki, Azərbaycanın ümummilli liderinin təşəbbüsü ilə salınan körpü insanları, mədəniyyətləri və ənənələri yaxınlaşdırır. O, həmçinin TÜRKSOY-un fəaliyyətində daha yaxından iştirakın əhəmiyyətini vurğulamışdır.

Arxiv üzrə axtarış