2020-01-14

Səfir Polad Bülbüloğlu Böyük Britaniyanın Rusiyadakı yeni Səfirini qəbul etmişdir

14 yanvar 2020-ci il tarixində Səfir Polad Bülbüloğlu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri xanım Debora Bronnerti onun xahişi ilə qəbul etmişdir.

Həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın Səfiri, ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulamış və Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat vermişdir.

Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı durumu barədə söhbət açaraq, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvalarından məcburi köçkün və qaçqın düşməsinə səbəb olmuş işğal faktının hələ də davam etdiyini bildirmişdir. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyən Azərbaycanın Səfiri, mövcud status-kvonun qəbuledilməz olduğunu vurğulamışdır. Bundan əlavə, o Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə son qoyulmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının əhəmiyyətini qeyd etmişdir. Eyni zamanda, Səfir Polad Bülbüloğlu dünya birliyini işğal faktına biganə qalmamağa çağırmış və Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini önə çəkmişdir.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış