2019-10-21

“Metrovaqonmaş” SC ərazisində ümummilli lider Heydər Əliyevin şərəfinə qoyulan xatirə lövhəsinin təntənəli açılış mərasiminə dair

21 oktyabr 2019-cu il tarixində Rusiyanın “Metrovaqonmaş” SC ərazisində ümummilli lider Heydər Əliyevin şərəfinə qoyulan xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilmişdir.

Vaxtilə Heydər Əliyev SSRİ Nazirlər Şurasının sədrinin birinci müavini olduğu zaman zavodun ərazisində 15,8 min kvadrat metr sahəsi olan vaqonyığma korpusunun tikilməsi və istismara verilməsi barədə tapşırıq vermişdir. Hazırda həmin sahədə metro vaqonlarının əsas istehsal sexləri yerləşir. 

Tədbirdə Səfir Polad Bülbüloğlu, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, “Transmaşholdinq” SC-nin baş direktorunun müavini Artyom Ledenev və “Metrovaqonmaş” SC-nin baş direktoru Boris Boqatıryov iştirak etmişdirlər.

Tədbir çərçivəsində Boris Boqatıryov və Zaur Hüseynov tərəfindən “Metrovaqonmaş” SC və “Bakı Metropoliteni” QSC arasında müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən, 3 il ərzində “Metrovaqonmaş” SC  tərəfindən “Bakı Metropoliteni” QSC üçün 60 ədəd yeni vaqon istehsal edilərək ölkəmizə göndəriləcəkdir. Həmçinin zavodun ərazisində iştirakçılar tərəfindən ağaclar əkilmişdir.

Mərasimi açan Boris Boqatıryov Azərbaycan və Rusiya xalqlarının günbəgün daha da yaxınlaşdıqlarını vurğulayaraq, təxminən 3 ay əvvəl yeni vaqonları Bakıya yola saldıqlarını xatırlatmış və bu əməkdaşlıqdan olduqca məmnun olduqlarını qeyd etmişdir. Tədbirin çox böyük əhəmiyyət daşıdığını bildirən baş direktor Heydər Əliyevin 80-ci illərdə SSRİ Nazirlər Şurasının sədrinin birinci müavini olduğu zaman imzaladığı qərarın sayəsində hazırda metro vaqonlarının istehsal olunduğu korpusun tikildiyini bildirmişdir. Boris Boqatıryov zavodda ilk dəfə bu cür tədbirin keçirildiyini vurğulayaraq, Azərbaycan tərəfinə göstərdiyi diqqətə görə təşəkkürünü ifadə etmişdir.  

Zaur Hüseynov “Transmaşholdinq” və “Metrovaqonmaş” rəhbərliyinə minnətdarlığını bildirərək diqqətə çatdırmışdır ki, xatirə lövhəsinin qoyulması ilə bağlı razılıq əldə edildikdən və detallar razılaşdırıldıqdan sonra, Azərbaycan tərəfi lövhəni qısa zaman ərzində Bakıda hazırlamağa və Moskvaya gətirərək quraşdırmağa çalışmışdır. Prosesin bütün mərhələlərində hər iki ölkənin müvafiq qurumları lazımi bütün köməkliyi göstərmiş və bu, Heydər Əliyevin xatirəsinə olan böyük hörmət və ehtiramın göstəricisidir.

Bakı Metropoliteni üçün yeni qatarların istehsalı barədə bu gün imzalanan müqaviləni vaxtilə Heydər Əliyevin görməyə başladığı işlərin, 1983-cü ilin dekabrında imzaladığı qərarın davamı kimi qiymətləndirən Zaur Hüseynov, həmin qərarda bir neçə istiqamətin əks olunduğunu və onlardan birinin də bu gün zavod ərazisində vaqonlar istehsal edən və SSRİ-də metropolitenlərin inkişafına və vaqon istehsalının artmasına xidmət edən sexin yaradılması olduğunu vurğulamışdır. Qeyd edilən müqavilənin hər iki tərəf üçün faydalı olduğunu bildirən sədr “Metrovaqonmaş” ilə əməkdaşlığın perspektivli və davamlı olacağına əminliyini ifadə etmiş, ölkəmizdə tikilən stansiyaların sayının artdıqca yeni vaqonlara tələbatın da yüksələcəyini və yenidən “Metrovaqonmaş”a müraciət edəcəklərini qeyd etmişdir.

Səfir Polad Bülbüloğlu çıxışında “Metrovaqonmaş” rəhbərliyinə ölkəmiz üçün müasir vaqonlar istehsal etdiyinə və xatirə lövhəsinin qoyulmasına görə təşəkkür edərək söyləmişdir ki, zavodda Azərbaycan xalqının dahi oğlu, görkəmli dövlət və siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin xatirə lövhəsinin açılışı olduqca xoşdur.

Bu lövhə Heydər Əliyevin Sovet İttifaqında və Rusiya Federasiyası ərazisində xidmətlərinin etirafıdır. Çünki, o, SSRİ Nazirlər Şurasının sədrinin birinci müavini vəzifəsində çalışdığı zaman SSRİ Nazirlər Şurasının sədri Nikolay Tixonovun artıq 80-dən çox yaşı var idi və açıq demək olar ki, bütün yükü Heydər Əliyev öz üzərinə götürmüşdü. O, bu vəzifədə iyirmidən çox Nazirliyi kurasiya edirdi. “Naximov” teploxodunun batması, Ulyanovskda paroxodun körpüyə çırpılması kimi xoş olmayan hadisələrin araşdırılması üçün yaradılan dövlət komissiyalarına ən təcrübəli şəxs olaraq həmişə Heydər Əliyev sədr təyin olunurdu və demək olar ki, o, ən məsuliyyətli işlərə görə cavabdehlik daşıyırdı. 

Heydər Əliyev bu vəzifədə cəmi beş il, 1982-ci ildən 1987-ci ilədək işləyib, lakin bu beş ildə çox iş görülüb. Maşınqayırma, yüngül sənaye, nəqliyyat, xüsusilə dəmir yolları, həmçinin mədəniyyət və təhsil sahələri onun diqqət mərkəzində olub. Heydər Əliyevə həmin dövrün ən böyük layihəsi olan Baykal-Amur Magistralını (BAM) kurasiya etmək tapşırılmışdı. BAM-ın tikintisi ilə bağlı çoxsaylı problemlər var idi və Heydər Əliyev dəfələrlə tikinti gedən ərazilərə səfər edərək bir çox məsələləri yerindəcə həll edirdi.  Demək olar ki, o, bu əfsanəvi magistralı yaradanlardan biridir. Bu əvəzsiz töhfəyə minnətdarlıq əlaməti kimi Şərqi Sibir dəmir yolunun Anqoy stansiyasına Heydər Əliyevin adı verilib.

Cəmi beş il ərzində Heydər Əliyev Rusiya üçün əfsanəvi şəxsiyyətə çevrilmişdir. O, Azərbaycan xalqının sadiq oğlu idi, iki dəfə - 1969-1982 və 1993-2003-cü illərdə respublikaya rəhbərlik etmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın çox ağır vəziyyətə düşdüyü və vətəndaş müharibəsi ərəfəsində olduğu bir vaxtda xalq Naxçıvanda olan Heydər Əliyevi ölkəyə rəhbərlik etməyə çağırmışdır. Bu görkəmli xadim öz dəqiq fəaliyyəti, nüfuzu və müdrikliyi sayəsində bir neçə il ərzində ölkədə qayda-qanun yaratmışdır. Bu səbəbdən də onu bugünkü Azərbaycanın memarı adlandırırlar. Onun şəxsiyyəti və dünya geosiyasətində roluna əsl qiymət gələcəkdə veriləcək, lakin artıq bu gün bir şey aydındır: həyat və fəaliyyətinin bütün mərhələlərində Heydər Əliyevi böyük təşkilatçılıq bacarığı, dərin analitik düşüncə, inanılmaz əmək qabiliyyəti və istər Azərbaycanda, istərsə də Rusiyada olsun, harada baş verməsindən asılı olmayaraq, ona həvalə edilən işlərə sadiq şəkildə xidmət etmək kimi keyfiyyətlər fərqləndirmişdir. 

Sonda xatirə lövhəsinin açılışı baş tutmuşdur.

Arxiv üzrə axtarış