10 sentyabr 2025-ci ilə qədər hüquqi statusunuzu tənzimləyin
Nəzərə alın: Rusiya Federasiyası Prezidentinin Rusiyada xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunun tənzimlənməsi haqqında 1126 saylı Fərmanının qüvvədə olma müddəti uzadılıb.
Rusiya Federasiyasının ərazisində qalma rejimini pozan əcnəbi vətəndaşlar hüquqi statuslarını tənzimləmək üçün Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanlarına müraciət etməli və ya Rusiya Federasiyasının ərazisini tərk etməlidir. (“Ölkədən çıxarılma rejiminin tətbiqi ilə əlaqədar Rusiya Federasiyasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müəyyən kateqoriyalarının hüquqi vəziyyətinin tənzimlənməsi üzrə müvəqqəti tədbirlər haqqında” Rusiya Federasiyası Prezidentinin 30 dekabr 2024-cü il tarixli 1126 nömrəli Fərmanı).
Çoxfunksiyalı Miqrasiya Mərkəzi
Rusiya DİN-in "pasport-viza xidməti"
______________________________________________________
Əcnəbi vətəndaşlar üçün "Amina" tətbiqi haqqında mühüm məlumat
1 sentyabr 2025-ci il tarixindən etibarən Moskva regionunda xarici vətəndaşların yerləşdiyi yerin uçotunun eksperimental rejimi tətbiq ediləcək. Bu federal qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək və qüvvədə olan miqrasiya uçotu qaydalarını əvəz etməyə yönəlmişdir.
Moskva və Moskva vilayətinə iş üçün gələn Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Moldova və Ukrayna vətəndaşları mütləq qaydada "Amina" xüsusi mobil tətbiqini quraşdırmalı olacaqlar. Bu tətbiq xarici vətəndaşların uçota alınmasını sadələşdirəcək və əcnəbilərin miqrasiya qanunvericiliyinə riayət etmələri daha rahat olacaq.
"Amina" Çoxfunksiyalı Miqrasiya Mərkəzinin (ÇMM) ünvanı üzrə qeydiyyatdan keçməyə və daxili işlər orqanlarını yaşayış yeri və onun dəyişdirilməsi barədə mobil tətbiqin interfeysi vasitəsilə uzaqdan məlumatlandırmağa imkan verəcək.
"Amina" tətbiqinin quraşdırılması müstəqil şəkildə ÇMM-ə və ya Rusiya DİN-in ərazi orqanlarına getmədən mümkündür.
Mobil tətbiqdə avtorizasiya üçün xarici vətəndaşın qüvvədə olan kartı tələb olunur. Onun rəsmiləşdirilməsi üçün xarici vətəndaş ÇMM-ə müraciət etməlidir. Kart itirildikdə "Amina" tətbiqində avtorizasiyanı pasport məlumatları ilə keçmək mümkündür.
Bundan sonra mobil tətbiq Rusiya DİN-ə geolokasiya məlumatlarını ötürəcəkdir. Əgər bir neçə gün ərzində məlumatların ötürülmədiyi qeydə alınarsa, xarici vətəndaşa olduğu yerin ünvanını təsdiqləmək və ya onun dəyişdirilməsi barədə DİN-ə məlumat vermək zərurəti haqqında bildiriş göndəriləcəkdir. Bunun üçün daxili işlər orqanlarına və ya ÇMM-ə getmək tələb olunmur.
Son monitorinq tarixindən etibarən abunəçi cihazının geolokasiya məlumatlarının üç iş günündən artıq müddətdə olmaması halında, xarici vətəndaş ÇMM-in ünvanı üzrə uçotdan çıxarılır.
Eksperimentin başlanmasından sonra monitorinq şərtlərinin pozulması xarici vətəndaş haqqında məlumatların Nəzarət edilən şəxslərin Reyestrinə daxil edilməsi üçün əsas ola bilər.
Eksperiment aparılan regiondan kənarda miqrasiya qeydiyyatına alındıqda və ya ölkədən çıxdıqda xarici vətəndaş ÇMM-in ünvanı üzrə uçotdan çıxarılır, müvafiq bildiriş "Amina" mobil tətbiqi vasitəsilə göndərilir.
Gələcəkdə, monitorinq funksiyalarından əlavə, tətbiqdə istifadəçilər üçün əlavə faydalı imkanlar yaradılacaq. Məsələn, tətbiq vasitəsilə patent üçün ödəniş etmək, ÇMM-ə əvvəlcədən yazılmaq və bir çox digər əməliyyatları həyata keçirmək mümkün olacaqdır.
Eksperimentin başlanmasından əvvəl tətbiqdən artıq test rejimində istifadə etmək mümkündür, bu onun funksionallığını əvvəlcədən öyrənməyə kömək edəcək.
"Amina" tətbiqi haqqında məlumat
https://www.rustore.ru/catalog/app/ru.mos.amina.app
______________________________________________________
30 iyun 2025-ci il tarixindən etibarən Rusiya Federasiyasının ərazisinə yeni giriş qaydaları barədə.
Rusiya Federasiyası Hökumətinin 7 noyabr 2024-cü il tarixli 1510 nömrəli "Əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına girişi və Rusiya Federasiyasından çıxışı qaydalarının və şərtlərinin sınaqdan keçirilməsi üzrə eksperimenti haqqında" qərarının 1-ci bəndinin b) yarımbəndinə uyğun olaraq, 30 iyun 2025-ci il tarixindən 30 iyun 2026-cı il tarixədək Rusiya Federasiyasının dövlət sərhədinin bütün buraxılış məntəqələrində, biometrik məlumatların toplanması qaydaları istisna olmaqla, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına girişi və Rusiya Federasiyasından çıxışı qaydaları və şərtlərinin yoxlanılması baxımından eksperiment aparılacaqdır.
Xüsusilə, Rusiya Federasiyasına viza tələb olunmayan qaydada gəlmək niyyətində olan xarici vətəndaşlar, ölkə ərazisinə girişdən əvvəl Vahid eyniləşdirmə və autentifikasiya sistemində qeydiyyat prosedurundan keçməli və Rusiyaya planlaşdırılan giriş tarixindən ən geci 72 saat əvvəl Rusiya Federasiyasına daxil olmaq üçün elektron formada doldurulmuş ərizə təqdim etməlidirlər (fövqəladə hallarda - 4 saatdan gec olmayaraq).
Qərara əsasən eksperiment aşağıdakı kateqoriyalı şəxslər istisna olmaqla, Rusiya Federasiyasının dövlət sərhədini keçən bütün xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə münasibətdə keçiriləcəkdir:
• Belarus Respublikasının vətəndaşları;
• 6 yaşınadək uşaqlar;
• xarici dövlətlərin Rusiya Federasiyasındakı diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin rəhbərləri və əməkdaşları, habelə onların ailə üzvləri;
• beynəlxalq təşkilatların (beynəlxalq təşkilatların nümayəndəliklərinin) vəzifəli şəxsləri və onların ailə üzvləri;
• xidməti vəzifələrinin icrası ilə əlaqədar və ya rəsmi nümayəndə heyətlərinin tərkibində Rusiya Federasiyasına daxil olan və ya Rusiya Federasiyasını tərk edən diplomatik və xidməti pasportlara malik şəxslər.
Rusiya Federasiyasına daxil olmaq üçün “ruID” tətbiqindən istifadə edərək ərizənin doldurulması proseduru qeyd edilən eksperiment müddətində könüllüdür. Ölkəyə giriş üçün doldurulmuş ərizənin olmaması sərhəd nəzarətinin aparılmasına təsir etməyəcək və girişə imtina üçün əsas olmayacaq.
Eyni zamanda, “ruID” tətbiqindən istifadə edərək ərizə doldurmuş xarici vətəndaşlar Rusiya Federasiyasında rahat qalmalarını təmin etmək üçün bir sıra üstünlüklər əldə edəcəklər. Qeyd olunan mobil tətbiqin istifadəçiləri Rusiya Daxili İşlər Nazirliyi tərəfindən Rusiya Federasiyasına giriş məhdudiyyətlərinin olub-olmamasını əvvəlcədən yoxlaya biləcəklər. Bundan əlavə, elektron müraciətdə olan məlumatlardan xarici vətəndaşın rəqəmsal profilinin yaradılması üçün istifadə olunacaq ki, bu da gələcəkdə inzibati və digər maneələri azaldaraq, dövlət orqanları və təşkilatları ilə tam elektron formada qarşılıqlı əlaqə qurmaq, dövlət xidmətlərindən yararlanmaq, o cümlədən Könüllü tibbi sığorta rəsmiləşdirmək, özünüməşğulluq subyekti kimi qeydiyyata salmaq və s. imkanları yaradacaqdır. Bu məlumatlara əsasən, xarici vətəndaşa Rusiya Federasiyasına daxil olduqda rabitə müqaviləsi bağlamaq (SİM kartın alınması) üçün Rusiya ərazisində zəruri olan Fərdi Şəxsi Hesab Sığorta Nömrəsi (СНИЛС) avtomatik olaraq veriləcəkdir.
Yeni qayda və şərtlərin tətbiqi ilə bağlı ətraflı məlumatı Vahid Dövlət və Bələdiyyə Xidmətləri Portalında əldə etmək olar: https://www.gosuslugi.ru/landing/new_entry_rules.
Rusiya Federasiyasına giriş üçün yeni qaydalar barədə maarifləndirici videoçarx:
https://rutube.ru/video/ff74901679606fc7ccf856e54b5f1479/.
Xarici vətəndaşların Rusiya Federasiyasına səfər etməzdən əvvəl hərəkətlərini əks etdirən məlumat bukleti: https://pna.mid.ru/upload/iblock/e65/htydf0oth7xub7cm5y6h1vjlny7ap1cx.pdf.
Faydalı linklər:
Nəzarətdə olan şəxslərin reyestri
Miqrasiya məsələləri üzrə xidmətlər