news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2015

Moskvada Xocalı faciəsinin 23-cü ildönümünü qeyd olunmuşdur

Hər il olduğu kimi, cari ildə də Səfirlik tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və erməni millətçilərinin Azərbaycan xalqına qarşı amansız, insanlıq çərçivələrinə sığışmayan siyasətinin dəhşətli üzünü açmaq məqsədilə bir sıra tədbirlər görüldü.

Cari ilin 27 fevral tarixində “Xocalıya ədalət” beynəlxalq kampaniya çərçivəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Ümumrusiya Azərbaycan Konqresi, Rusiyanın Azərbaycan Gəncləri Birliyi – RAGB /Азербайджанское молодёжное объединение России – АМОР/ tərəfindən faciəyə həsr edilmiş xatirə gecəsi təşkil edildi.

Tədbir iştirakçıları foyedə nümayiş etdirilmiş Xocalı soyqırımı mövzusunda azərbaycanlı və rusiyalı uşaqların rəsmlərindən ibarət sərgi və orada quraşdırılmış böyük ekranlarda nümayiş etdirilən videomateriallarla tanış oldular.

Açılış zamanı iştirakçılar Xocalı qurbanlarının xatirəsini sükut dəqiqəsi ilə yad etdilər.

Tədbirdə ilk söz götürən Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri və “Xocalıya ədalət” beynəlxalq kampaniyanın təşəbbüskarı Leyla xanım Əliyeva Xocalının qanlı statistikası haqqında məlumatı xatırlatdı və faciənin erməni işğalçıları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş barbarlıq aktı kimi xarakterizə etdi. O, 30 ilə yaxın tarixçəsi olan ölkəmizə qarşı erməni təcavüzü və işğalına diqqət yetirərək, Xocalıda vəhşicəsinə qətlə yetirilən günahsız qurbanların sırf azərbaycanlı olduqlarına görə qəsdən məhv edildiyini vurğuladı. Dünya birliyinin buna biganə qalmamasının müstəsna əhəmiyyətini qeyd edən Leyla xanım, 2008-ci ildə təşəbbüs etdiyi “Xocalıya ədalət” kampaniyasının məhz bu istiqamətdə səylərin fəallaşdırılmasına yönəldiyini söylədi.
O, 2009-cu ildən etibarən geniş şəkildə başlanan bu kampaniya çərçivəsində görülən işlər və əldə edilmiş nəticələr barədə bəhs etdi.

Leyla Əliyevanın söylədiyi kimi, aparılmış və durmadan davam etdirilən fəaliyyət çərçivəsində 70-dən artıq ölkədə müntəzəm şəkildə konfrans, seminar, sərgi və digər tədbirlər keçirilir. Bütün bunların sayəsində geniş əks-səda doğurur. Bu gün “Xocalıya ədalət” çağırışı BMT, Avropa Parlamenti, İslam Əməkdaşlığı Təşkilatı kimi mötəbər kürsülərdən səslənməkdədir. Həmin fəaliyyətin nəticəsi olaraq 12 ölkənin – Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Serbiya və Sudanın parlamenti, habelə ABŞ-ın 10-dan artıq ştatı tərəfindən Xocalıda törədilmiş barbarlıq aktını pisləyən qərarlar artıq qəbul olunubdur.

Xocalı soyqırımı haqqında məlumat yayılmasının vacibliyi üzərində dayanan Leyla xanım, hazırkı tədbir üçün rus dilində “Xocalıya ədalət” sənədli toplusunun hazırladığını diqqətə çatdırdı.

Leyla xanım bu il Moskvada keçirilən anma tədbirində əsas sözün incəsənətə, musiqiyə mənsub olacağını bildirdi. O, ümumbəşəri xarakter daşıyan həmin bədii vasitələrin müharibə və soyqırım kimi hərbi cinayətləri pisləmək üçün xüsusi təsirə malik olduğunu vurğuladı və rekviyem konsertində iştirak edən bütün musiqiçilərə təşəkkür ifadə etdi.

Tədbirə Xocalı soyqırımından qurtarılmış canlı şahidlərin, o cümlədən o vaxt körpə uşaq olanların qatıldığı barədə məlumat verən Leyla Əliyeva, 23 il bundan əvvəl onların üzləşdiyi faciənin heç vaxt unudulmayacağına, birgə səylərimizin nəticəsində isə Ermənistan-Azərbaycan münaqişəsinin öz ədalətli həllinin tapacağına – ərazi bütövlüyümüzün bərpa olunacağına, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıda biləcəyinə dair əmin olduğunu bildirdi.

Sonra tədbir iştirakçılarına Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirildi.

Daha sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu çıxış etdi. Səfir salonda toplaşan çoxsaylı həmvətənlərimizə, xüsusilə gənc nəslin nümayəndələrinə müraciət edərək Xocalı faciəsinin nəinki Azərbaycan xalqının, bütün müasir bəşəriyyətin salnaməsində insanlığa qarşı ən ağır cinayət – soyqırım aktı kimi əbədi həkk olunduğunu vurğuladı. Polad Bülbüloğlu bildirdi ki, bu faciənin mahiyyətini dərk etmək və onun təkrar olunmasına imkan verməmək təkcə azərbaycanlıların deyil, bütün insaflı insanların mənəvi borcudur.

Çıxışının davamında Azərbaycanın Rusiyadakı Səfiri Xocalıda mülki əhaliyə qarşı amansızlıq göstərmiş hərbi cinayətkarların qabaqcadan düşünülmüş plan üzrə davrandığını dedi. Onların qanlı niyyəti qəddar etnik təmizləmə yolu ilə Azərbaycan torpaqlarının işğalına nail olmasından ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Törədilmiş barbarlığın beynəlxalq hüquq sisteminin müəyyən etdiyi bütün normalara zidd olduğunu vurğuladı.

Polad Bülbüloğlu təəssüflə qeyd etdi ki, uzun illər ərzində dünya birliyi Xocalı soyqırımına laqeyd yanaşırdı, sanki bu bəşəriyyətə, bütün insanlıq normalarına qarşı cinayət deyil, yalnız dünya xəbər lentlərindəki növbəti ötəri hadisədir.

Son dövrdə qlobal miqyasda getdikcə gərginləşən turbulentlik, Yaxın Şərq və Şimali Afrikadan tutmuş MDB məkanına qədər alovlanmağa davam edən yeni-yeni müharibələr, terrorçuluğun və ifratçılığın artması, bəşəriyyətin tarixi mədəniyyət irsinə aid olan şah əsərlərinin, muzey kolleksiyalarının vəhşicəsinə məhv edilməsindən bəhs edən Səfir, bu cür dağıdıcı meyllərin qarşısını almaq məqsədilə bütün dünya ictimaiyyəti tərəfindən birgə güclü iradənin nümayiş etdirilməsinin vacibliyini vurğuladı. Ədalət naminə mübarizənin universal xarakter daşımasının zəruriliyi üzərində dayanaraq, Polad Bülbüloğlu “Xocalıya ədalət” çağırışının təkcə Azərbaycan xalqı deyil, bütün dünya üçün aktual olduğunu bildirdi. 

Bu baxımdan son dövrdə Xocalı soyqırımına dünya ictimaiyyətinin diqqətinin cəlb edildiyini xalqımızın, dövlətimizin böyük uğuru kimi göstərən Azərbaycanın Rusiyadakı Səfiri, həmin işdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın müstəsna xidmətlərini vurğulayaraq, ona dərin təşəkkürünü bildirdi. Həmçinin Polad Bülbüloğlu kampaniya çərçivəsində Rusiyadan tutmuş uzaq Latın Amerikası ölkələrinə qədər görülən fəaliyyətdə Türkiyə və qardaş türkdilli ölkələrinin töhfəsini məmnuniyyətlə qeyd etdi.

Polad Bülbüloğlu onu da vurğuladı ki, “Xocalıya ədalət” şüarı altındakı kampaniyanın əsas məqsədi qisas deyil. Çünki yalnız cinayəti və cinayətkarları ifşa etməklə, onun sayəsində ədalətli sülh üçün zəmin yaradıla bilər.

Xocalıya həsr edilmiş musiqinin, onun keçmiş əsrlərdən bəri gələn melodiyanın heç bir tərcüməyə ehtiyac duymadığını söyləyən Səfir, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsindəki işləri izləyərək, elə Moskvadakı tədbirin keçirdiyi zala nəzər salaraq, ədalətin zəfər çalacağı və musiqi sədalarının doğma Şuşamız, doğma Qarabağımızdan yenidən səslənəcəyindən əmin olduğunu bəyan etdi.

Sonra Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artisti Fərqanə Qasımova səhnəyə çıxaraq muğamat üslubunda bir neçə kompozisiya ifa etdilər. Onlar tərəfindən nümayiş etdirilən “Qarabağ şikəstəsi” zalda xüsusi əks-səda doğurdu və uzunmüddətli alqışlarla qarşılandı.

Bunun davamı olaraq Alim Qasımova “Qarabağın səsi” beynəlxalq layihəsinin digər iştirakçıları, o cümlədən saksofonçu Rain Sultanov qoşuldu və onların ifasında müxtəlif kompozisiyalar ifa edildi.

Daha sonra tədbir iştirakçılarına Xocalı faciəsinin canlı şahidləri olmuş, öz ailə üzvlərini itirmiş, yetim qalmış və xəsarət almışların müsahibələri əsasında hazırlanan sənədli film nümayiş etdirildi.

Xatirə gecəsi rusiyalı bəstəkar Aleksandr Çaykovskinin yaratdığı “Xocalı rekviyemi” əsəri ilə tamamlandı. SSRİ-nin xalq artisti Fərhad Bədəlbəyli (piano) və ABŞ-dan olan dirijor Dmitri Yablonskinin “Ermitaj” solistlər ansamblı ilə birgə ifa etdiyi bu musiqi tədbir iştirakçılarına böyük təsir bağışladı.

Təqribən 1000 nəfərin iştirak etdiyi tədbirə Rusiya Dövlət Dumasının və İctimai Palatasının üzvləri, rusiyalı ziyalılar, Bakıdan gəlmiş Milli Məclisin deputatları, RAGB-in üzvləri və rusiyalı tələbələr, Azərbaycan diasporu, qeyri-hökumət təşkilatları və Azərbaycan, Rusiya, Türkiyə və İranın KİV nümayəndələri qatıldı. Mərasimdə Moskvada akkreditə olunan çoxlu sayda diplomatik korpusun, o cümlədən Türkiyə Cümhuriyyətinin Səfiri başda olmaqla bir qrup yüksək səviyyəli diplomatlar, iqamətgahı Moskvada olmaqla Azərbaycanda akkreditə olunan səfirlər, bəzi ərəb və digər müsəlman, eləcə də İsrail, bir sıra Avropa və Latın Amerikası ölkələri Səfirliklərinin nümayəndələri də təmsil olunurdular.

İştirakçılar arasında “Xocalıya ədalət” sənədli toplusu yayıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti