Moskvada Novruz Bayramı qeyd olunmuşdur
Cari ilin 21 mart tarixində Moskva meriyasının və Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan Səfirliklərinin birgə təşəbbüsü ilə “Lujniki” idman sarayında Novruz Bayramına həsr olunmuş beşinci tədbir keçirilmişdir.
Tədbirdə təşkilatçı olan ölkələrin nümayəndələri ilə yanaşı İran İslam Respublikasının, Rusiya Federasiyasının subyektləri olan Dağıstan, Tatarıstan, Başqırdıstan, Çeçen Respublikalarının, o cümlədən Moskvada yaşayan və Novruz bayramını qeyd edən xalqların diaspor nümayəndələri iştirak etmişdirlər.
Azərbaycan tərəfi tədbirdə Səfir Polad Bülbüloğlu və Səfirliyin əməkdaşları, Rusiya Azərbaycan Gənclər Birliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, “Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin” nümayəndələri ilə təmsil olunmuşdur. Tədbirdə Azərbaycanı, onun tarixi və mədəniyyətini, hərtərəfli inkişafını əks etdirən stend nümayiş etdirilmişdir. Qonaqlara Azərbaycanın zəngin mətbəxinin yeməkləri və şirniyyatları təqdim olunmuşdur.
Tədbirdə rəsmi qonaq qismində Moskva hökumətinin naziri, Xarici iqtisadi məsələlər və beynəlxalq əlaqələr departamentinin rəhbəri Sergey Çeryomin, Milli Siyasət, Regionlararası əlaqələr və Turizm departamentinin rəhbəri Vladimir Çernikov və Rusiyada akkreditə olunan Səfirlər iştirak etmişdirlər. Vladimir Çernikov tədbir iştirakçılarına Moskva şəhərinin başçısı Sergey Sobyaninin rəsmi təbrikini oxumuşdur.
Tədbirin konsert hissəsində Novruz bayramını qeyd edən xalqların nümayəndələri musiqili proqramlarla çıxış etmişdirlər. Ölkəmizi Bakıdan xüsusi olaraq bu tədbir üçün gəlmiş beynəlxalq müsabiqələrin laureatları, muğam ifaçıları Ehtiram Hüseynov, Nigar Şabanova və Moskvanın “Azərbaycan” adlı nağara triosu təmsil etmişdirlər.