24 dekabr tarixində Qroznı şəhərində Ümummilli Lider Heydər Əliyev adına parkda 25 dekabr 2024-cü il tarixində Bakı-Qroznı reysi üzrə hərəkət edən “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarə qəzasında həlak olanların xatirəsinə memorial lövhənin açılış mərasimi keçirilmişdir.
24 dekabr tarixində Qroznı şəhərində Ümummilli Lider Heydər Əliyev adına parkda 25 dekabr 2024-cü il tarixində Bakı-Qroznı reysi üzrə hərəkət edən “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarə qəzasında həlak olanların xatirəsinə memorial lövhənin açılış mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, AZAL-ın prezidenti Samir Rzayev, Rusiya Federasiyasının Çeçenistan Respublikası (ÇR) Hökumətinin rəhbəri Qalas Taymasxanov, ÇR Hökuməti və Parlamentinin nümayəndələri, eləcə də yerli azərbaycanlı icmasının üzvləri iştirak etmişlər.
Memorial lövhənin açılış mərasimində çıxış edən AZAL-ın prezidenti Samir Rzayev Çeçenistan Respublikasının rəhbəri cənab Ramzan Əhmədoviç Kadırova memorialın qoyulması qərarına görə minnətdarlığını bildirmiş, bunun həlak olanların xatirəsinə dərin hörmət və insanlıq həmrəyliyinin ifadəsi olduğunu vurğulamışdır.
Qeyd etmək lazımdır ki, memorialın məhz 2017-ci ildə Çeçenistan Respublikasının rəhbəri Ramzan Əhmədoviçin tapşırığı ilə açılmış Heydər Əliyev adına parkda yerləşdirilməsi dərin simvolik məna daşıyır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı dövlətçilik və məsuliyyət ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.
Azərbaycan və Çeçenistan xalqları arasındakı dostluq tarixən dərin köklərə, mədəni və mənəvi bağlara malikdir və qarşılıqlı hörmət və dəstəyə əsaslanır. Bu faciənin xatirəsi şübhəsiz ki, sülhü, insan həyatını və xalqlar arasında etimadı qorumağın vacibliyini xatırladacaq. O, hər birimiz üçün ağır sınaq olmuş, həlak olanların yaxınlarının qəlbində dərin kədər yaratmışdır.
Biz Çeçenistan Respublikasının rəhbərliyinə və sakinlərinə həlak olanların xatirəsinə göstərilən diqqət, həmrəylik, dəstək və hörmətə görə səmimi minnətdarlığımızı bildiririk. Bu memorial humanizm, insanlıq həmrəyliyi və xalqlarımız arasındakı dostluğun simvolu olacaqdır. Bu həmrəylik hərəkəti qonşuluq və qarşılıqlı hörmət ruhunu açıq şəkildə əks etdirir ki, bu da Heydər Əliyev fəaliyyətində xüsusi əhəmiyyət verdiyi bir prinsiplərdən olmuşdur.
Qoy bu memorial abidəsi kədər və insan həmrəyliyi sözlərinin səslənəcəyi sükut, xatirə və hörmət yeri olsun.