news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 yanvar 2026

30 yanvar tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Moskva Beynəlxalq Qadınlar Klubunun – The International Women’s Club of Moscow çərçivəsində “Azerbaijan: The Land of a Thousand Colors” adlı tədbir keçirilmişdir.

30 yanvar tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Moskva Beynəlxalq Qadınlar Klubunun – The International Women’s Club of Moscow çərçivəsində “Azerbaijan: The Land of a Thousand Colors” adlı tədbir keçirilmişdir.

 

Tədbir Moskva Beynəlxalq Qadınlar Klubunun üzvlərini, Rusiyada akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəlik rəhbərlərinin xanımlarını, eləcə də Moskva şəhərində yaşayan Azərbaycan icmasının nümayəndələrini bir araya gətirmişdir. Tədbir interaktiv təqdimat formatında keçirilmiş, Azərbaycan xalq musiqisi və rəqslərinin müşayiəti ilə ölkəmizin ənənəvi milli geyimləri nümayiş etdirilmişdir. Geyimlərin rəngləri və dizaynı Azərbaycanın müxtəlif bölgələrinin tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirmişdir.

 

Açılış nitqi ilə Azərbaycanın Rusiyadakı səfirinin xanımı Nisə Mustafayeva çıxış etmişdir. O, qonaqlara Azərbaycana və bu layihəyə göstərilən marağa görə təşəkkürünü bildirmiş, xalqların yaxınlaşmasına və qarşılıqlı anlaşmaya, mədəniyyətlərarası dialoqun və humanitar əlaqələrin möhkəmlənməsinə xidmət edən bu cür görüşlərin əhəmiyyətini vurğulamışdır.

 

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev tədbir iştirakçılarını salamlamışdır. O, öz çıxışında milli geyimlərin, musiqi və rəqslərin Azərbaycanın zəngin və çoxşaxəli mədəniyyətinin vacib tərkib hissələri olduğunu qeyd etmişdir. Səfir “DOSTLUQ–ДРУЖБА” Mərkəzinin rəhbərliyinə – Ulduz Əsgərova və Rəna İsmayılovaya, Qafqaz rəqsləri məktəbi “Qarabağ”ın yaradıcı kollektivinə və layihənin hazırlanmasında iştirak edən bütün gənc iştirakçılara təşəkkürünü bildirmişdir.

 

Tədbir zamanı Moskva Beynəlxalq Qadınlar Klubunun (IWC Moscow) nümayəndələrinə də söz verilmiş, onlar Azərbaycan xalqının mədəni irsinin təqdimatına həsr olunmuş bu gecənin təşkilinə görə minnətdarlıqlarını ifadə etmişlər.

 

Layihənin bir sıra iştirakçılarına Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Moskva Beynəlxalq Qadınlar Klubu adından təşəkkürnamələr təqdim olunmuşdur.

 

Tədbirin sonunda qonaqlara Azərbaycan milli mətbəxinə aid təamlar təqdim edilmişdir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti