8 noyabr – Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar Azərbaycanın Rusiyadakı Səfirliyində qəbul keçirilmişdir
8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində rəsmi qəbul təşkil olunub.
Tədbirdə Moskvada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, hərbi attaşelər, Rusiya və Azərbaycanın elm və təhsil, mədəniyyət və incəsənət xadimləri, Moskvadakı Azərbaycan icmasının tanınmış nümayəndələri, bu ölkənin universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Tədbirin açılışında çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Rusiyadakı hərbi attaşesi polkovnik Kənan Təhməzov qeyd etmişdir ki, Azərbaycan xalqı 30 ildən çox müddətdə itirilmiş torpaqlarının ağrısı ilə yaşamış, lakin bu illər ərzində səbirlə qüdrətli dövlət və güclü bir ordu qurmuşdur. O, 44 günlük Vətən müharibəsi zamanı adları cəsarət rəmzinə çevrilən minlərlə qəhrəmandan bir neçəsini xatırlatmışdır. Polkovnik K.Təhməzov əlavə etmişdir ki, Azərbaycan xalqı vətəndaşlarımıza, eləcə də dünyanın hər yerindəki soydaşlarımıza Qələbə sevinci bəxş edən cəsur Ordumuz və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə haqlı olaraq fəxr edir.
Daha sonra çıxış edən Azərbaycanın Rusiyada səfiri Rəhman Mustafayev 8 Noyabr – Zəfər Gününün əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, bu tarixi hadisə təkcə xalqımızın deyil, həm də dostlarımız və müttəfiqlərimizin qələbəsi, habelə beynəlxalq hüquq prinsiplərinin təntənəsidir. Səfir qeyd etmişdir ki, 8 Noyabrın ən vacib dərsi odur ki, beynəlxalq hüquq prinsipləri yalnız onları həyata keçirməyə qadir və istəkli bir hərbi qüvvə tərəfindən dəstəkləndiyi təqdirdə dəyərlidir.
Diplomat son beş ildə təqribən 12 milyard dolların ayrıldığı və 2026-2029-cu illər üçün əlavə 8 milyard dollar vəsaitin yönəldilməsinin planlaşdırıldığı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işlərindən danışmışdır. O, azad edilmiş torpaqlarda aktiv mina təmizləmə işlərinin aparıldığını, Qarabağ və qonşu rayonlarda mina ilə çirklənmiş ərazilərin təxminən 20 faizinin artıq təmizləndiyini nəzərə çatdırmışdır.
Səfir vurğulamışdır ki, keçmiş məcburi köçkünlərin Qarabağın dirçəldilmiş bölgələrinə qaytarılması prosesi davam edir və orada həm daimi, həm də müvəqqəti yaşayan əhalinin sayı artıq təxminən 60 min nəfərə çatıb. R.Mustafayev konkret nümunələr gətirərək bildirmişdir ki, uzun müddət davam edən münaqişənin sona çatması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına da güclü təkan verir.
Diplomat Azərbaycan-Rusiya münasibətlərindən bəhs edərkən qeyd etmişdir ki, keçmiş Ermənistan-Azərbaycan münaqişənin sona çatması Bakı ilə Moskva arasında əlaqələrin yeni, daha yüksək – müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə qaldırılmasına imkan vermişdir. O, eyni zamanda, Rusiyanın hərbi əməliyyatların dayandırılmasında mühüm roluna, postmüharibə nizamlanması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında fəal, konstruktiv mövqeyinə diqqət çəkmişdir. Səfir həmçinin vurğulamışdır ki, Azərbaycan və Rusiya strateji tərəfdaş olaraq qalır və iki ölkə arasında münasibətlər Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm amildir.
O, çıxışına yekun vururaq, Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.
Qonaqlara Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən tikinti, bərpa və reinteqrasiya layihələrinə həsr olunmuş film nümayiş etdirilmişdir.
Rəsmi hissədən sonra təntənəli qəbulun musiqili proqramı çərçivəsində Rusiyanın Əməkdar artisti Valeriya Voronanın rəhbərliyi ilə Moskva Gənclər Kamera Orkestrinin ifasında Q.Qarayev, A.Vivaldi, E.Qriq, C.Vilyams, Y.Sibelius, M.İppolitov-İvanov, E.Artemyev kimi bəstəkarların klassik əsərləri səsləndirilmişdir. Gənc rusiyalı sənətçilər, Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) tələbələri Darya Kovalenko, Nina Bataşova və Yelizaveta Sokolova Üzeyir Hacıbəylinin “Koroğlu” operasından və “Arşın mal alan” operettasından ariyalar ifa etmişlər.
Tədbir zamanı qonaqlar həmçinin 44 günlük Vətən müharibəsinin salnaməsini özündə əks etdirən fotostendlərlə tanış olmuşlar.
Zəfər Günümüz mübarək!