news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 mart 2026

Azərbaycanın Rusiyadakı Səfirliyində səfir Rəhman Mustafayev ilə Moskva və Moskva vilayətindəki Azərbaycan tibb ictimaiyyətinin nümayəndələri arasında görüş baş tutmuşdur

Cari ilin 17 mart tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasında səfiri Rəhman Mustafayev Moskva şəhəri və Moskva vilayətinin Azərbaycan tibb ictimaiyyətinin nümayəndələri ilə Səfirlikdə görüş keçirmişdir.

 

Görüşdə Moskva şəhəri və Moskva vilayətinin aparıcı ixtisaslaşmış ali təhsil və tibb müəssisələrində çalışan təxminən 50 tibb işçisi, professor, tibb elmləri doktoru və namizədi iştirak etmişdir.

 

Toplantıda çıxış edərkən R.Mustafayev bildirmişdir ki, Azərbaycan-Rusiya tibb ictimaiyyəti icmamızın ən böyük, hörmətli və nüfuzlu qruplarından biridir, həmçinin tibb elmində və praktikasında əhəmiyyətli uğurlara imza atmışdır.

 

O, görkəmli həkim-onkoloq, alim, akademik Məmməd Bağır Əliyevin Rusiya-Azərbaycan onkologiya məktəbinin formalaşmasında mühüm rolunu qeyd etmişdir.

 

Bununla yanaşı, səfir Rusiyada çalışan azərbaycanlı tibb mütəxəssislərinin ikitərəfli əməkdaşlığın inkişafına verdiyi əhəmiyyətli töhfəni və koronavirus epidemiyası ilə mübarizədə, o cümlədən 2020-ci ildə Azərbaycana göstərilən yardımda onların fəal iştirakını vurğulamışdır. O, gənc nəsil həkimlərin Rusiyada əhalini dəstəkləmək üçün sosial əhəmiyyətli layihələr həyata keçirərək, bu ənənələri davam etdirdiyini əlavə etmişdir.

 

Bu kontekstdə R.Mustafayev Azərbaycan gəncləri tərəfindən təşkil edilən tibbi kampaniyalar, o cümlədən “Sağlam olduğunuzdan əmin olun, xəstəliklərə yox deyin”, “HİV/AİDS və narkomaniyaya qarşı birlikdə”, “Reproduktiv sağlamlıq” kampaniyalarından danışmışdır.

 

Tədbir zamanı qonaqlara Azərbaycanda COVID-19 pandemiyasi ilə mübarizədə iştirak edən, yüksək stres və risk altında işləyən azərbaycanlı həkimlər haqqında videoçarx nümayiş etdirilmişdir.

 

Çıxışının sonunda R.Mustafayev tibb ictimaiyyətinin nümayəndələrini Bakı ilə Moskva arasında elm və səhiyyə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə, eləcə də peşəkar təcrübənin gənc nəsil Azərbaycan tələbələrinə ötürülməsinə yönəlmiş təşəbbüslər irəli sürməyə çağırmışdır.

 

Daha sonra həkim-onkoloq, akademik Məmməd Bağır Əliyev, həkim-onkoloq, kimyaterapevt Mehdi Nərimanov, cərrah Sabir Həbibov, stomatoloq-cərrah Rasim Qasımov, uroloq-androloq, ultrasəs müayinəsi üzrə həkim Səfər Həmidov görüşün təşkilinə görə minnətdarlıqlarını ifadə etmiş və səhiyyə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə təkliflərini səsləndirmişlər.

 

Rəsmi hissədən sonra qonaqlar arasında müzakirələr qeyri-rəsmi şəraitdə davam etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti