Cari ilin 17 oktyabr tarixində GİTİS-də Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Cari ilin 17 oktyabr tarixində Rusiya Teatr İncəsənəti İnstitutunun (GİTİS) Tədris Teatrında dahi bəstəkar, Azərbaycan müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş konsert təşkil olunmuşdur.
GİTİS tələbələri tərəfindən hazırlanmış konsertdə bəstəkarın məşhur “Arşın mal alan”, “Koroğlu”, “Firuzə” opera və operettalarından romanslar, ariyalar və duetlər səsləndirilmişdir. Gənc rusiyalı artistlər görkəmli bəstəkarın əsərlərini həm Azərbaycan, həm də rus dillərində eyni vaxtda ifa edərək, qonaqlarda xoş təəssüratlar oyatmışlar.
Tədbirdə çıxış edərək, layihə koordinatoru, RF Əməkdar artisti, GİTİS-in Musiqili teatr fakültəsinin dekanı, professor Timofey Sopolyov Ü.Hacıbəylinin yaradıcılığının əhəmiyyəti və aktuallığına diqqət yetirmiş, Rusiya musiqi təhsili müəssisələrində gələcək nəsil sənətkarların tədrisi prosesində onun əsərlərinə hələ də müraciət edildiyini bildirmişdir.
Tədbirdə həmçinin çıxış edən Azərbaycanın Rusiyada səfiri Rəhman Mustafayev, öz növbəsində, konsertin təşkilinə görə universitetin rəhbərliyinə və tələbələrinə minnətdarlığını ifadə etmişdir. O, ölkəmizin himninin melodiyasının Azərbaycan musiqi mədəniyyətinin klassiki tərəfindən bəstələndiyini və onun doğum günü – 18 sentyabr tarixinin hər il Milli Musiqi Günü kimi qeyd olunduğunu vurğulamışdır. Səfir Ü.Hacıbəylinin ənənəvi Şərq motivləri və Azərbaycan xalq musiqisini Avropa musiqi ənənələri ilə birləşdirməklə Azərbaycan peşəkar musiqi məktəbinin inkişafına mühüm töhfə verdiyini, habelə onun Azərbaycan ilə Rusiya musiqi mədəniyyətləri və məktəbləri arasında dialoq və qarşılıqlı əlaqənin rəmzi kimi qəbul edildiyini qeyd etmişdir.