news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 iyun 2025

Cari ilin 25 iyun tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasında Səfirliyində Əməkdar artist, Xalq yazıçısı, kinodramaturq Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş tədbir təşkil olunmuşdur

Cari ilin 25 iyun tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasında Səfirliyində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar artist, Xalq yazıçısı, kinodramaturq, ssenarist və rejissor Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.

 

Tədbir Rusiyanın incəsənət, kino və ədəbiyyat xadimləri, Azərbaycan və Rusiya KİV-lərinin nümayəndələri, Moskvada Azərbaycan icmasının tanınmış nümayəndələri, eləcə də Moskva ali məktəblərində təhsil alan azərbaycanlı tələbələri bir araya toplamışdır.

 

Gecənin rəsmi hissəsində Azərbaycanın Rusiyada səfiri Rəhman Mustafayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud, yazıçının həyat yoldaşı, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, eləcə də onun dostları və həmkarları – rəssam-multiplikator, rejissor, ssenarist, aktyor Qarri Bardin və kinossenarist, aktyor, jurnalist Pavel Finn salamlama nitqləri ilə çıxış etmişlər.

 

Qeyd olunmalıdır ki, 13 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.

 

Natiqlər yazıçının parlaq şəxsiyyəti, əsərlərinin aktuallığı və əhəmiyyəti barədə danışmış, Maqsud İbrahimbəyovun təkcə Azərbaycan deyil, həm də rus ədəbiyyatının sərvəti olduğunu xüsusi olaraq bildirmişlər. Onun qələmə aldığı ən məşhur əsərlər arasında "Bütün yaxşılıqlara görə ölüm", "Truskaveçə kim gedəcək", “Ondan yaxşı qardaş yox idi”, “Qoy o bizimlə qalsın”, “Bayquş uçdu”, “Kərgədan buynuzu” və digərləri yer alır.

 

Vurğulanmışdır ki, Maqsud İbrahimbəyov Azərbaycan ziyalılarının nümayəndələrini öz ətrafında toplaşmış, ölkəmizin mədəni həyatında, ədəbiyyatında birləşdirici rol oynamışdır. O həmçinin Azərbaycan və rus ədəbiyyatlarını, mədəniyyətlərini bir araya gətirən, bununla də, dəyərli mədəni körpü rolunu yerinə yetirən bir şəxsiyyət olmuşdur.

 

Hazırda Bakının İçərişəhərində binası 2016-2017-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş xatirə olaraq Maqsud İbrahimbəyovun adını daşıyan Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Onu da əlavə etmək lazımdır ki, 2018-ci ildə Mərkəzin açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdirlər. Mərkəzin fəaliyyəti ədəbiyyat və mədəniyyətimizi təbliğ etməyə, yeni nəsil Azərbaycan yazıçılarına dəstək göstərməyə yönəlmişdir.

 

Tədbirdə əsnasında qonaqların diqqətinə Xalq yazıçısının həyat və ədəbi irsi, habelə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılışından bəhs edən videoçarxlar təqdim olunmuşdur.

 

Gecənin sonunda Azərbaycanın Xalq artisti Fuad Osmanovun təqdimatında “Püstə ağacı” monotanamaşası nümayiş etdirilmişdir. Tamaşa M.İbrahimbəyovun eyniadlı povesti əsasında rejissor Vaqif Əsədov ilə Tural Vaqifoğlu tərəfindən səhnələşdirilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti