Cari ilin 28 may tarixində Moskvada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasında Səfirliyi tərəfindən ziyafət təşkil edilmişdir.
Cari ilin 28 may tarixində Moskvada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasında Səfirliyi tərəfindən ziyafət təşkil edilmişdir.
800-dən çox qonağın bir araya gəldiyi təntənəli tədbirdə Rusiya Federasiyası xarici işlər nazirinin müavinləri Mixail Qaluzin, Aleksandr Pankin və RF Xarici İşlər Nazirliyinin əməkdaşları, RF Federasiya Şurasının senatorları, RF Dövlət Dumasının deputatları, Rusiya subyektlərinin nümayəndələri, diplomatik nümayəndəliklərin rəhbərləri, diplomatik korpusun digər üzvləri, hərbi attaşelər, RF Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Rusiyanın tanınmış elm, təhsil, tibb, mədəniyyət, incəsənət xadimləri və din xadimləri, eləcə də Moskvadakı Azərbaycan icmasının nümayəndələri, Rusiya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və kursantlar iştirak etmişlər.
Mərasim Azərbaycan və Rusiya dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.
Gecənin rəsmi hissəsini giriş nitiqi ilə açan Azərbaycanın Rusiyada səfiri Rəhman Mustafayev qonaqları Birinci Respublikasının təşəkkülü barədə məlumatlandırmış, onun qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanın müstəqil dövlətçiliyinin formalaşmasına həlledici təsir göstərdiyini, ənənəvi müsəlman cəmiyyətində İslam dinin dəyərləri və modernizm prinsiplərini bir arada cəmləşdirən dünyəvi, parlamentli respublikanın ilk uğurlu nümunəsi olduğunu qeyd etmişdir. O əlavə etmişdir ki, Birinci Respublika təsis edildikdən sonra 21 iyul 1919-cu il tarixli müvafiq qanunla gender bərabərliyi prinsipi tətbiq edilmiş və müsəlman Şərqi tarixində ilk dəfə olaraq qadınlara səsvermə hüququ verilmişdi.
"İlk iclası 7 dekabr 1918-ci il tarixində keçirilən Azərbaycanın parlamentinin tərkibi respublikanın və onun rəhbərlərinin siyasi yetkinliyini əks etdirirdi. Parlamentdə təkcə bütün siyasi partiyalar deyil, Azərbaycanın əsas milli azlıqları da təmsil olunmuşdu. Birinci Respublikanın bütün kabinetləri koalisiya hökumətləri idi, parlamentin sədri və hökumətin birinci başçısı heç bir partiyanın üzvü deyildi və bu faktların hamısı gənc respublikanın siyasi sisteminin demokratik xarakterindən xəbər verirdi”, - deyə səfir davam etmişdir.
O, həmçinin vurğulamışdır ki, 1991-ci ilin oktyabr ayında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra gənc respublikanın inkişafı ölkə ərazisinin 20%-nin qonşu Ermənistan tərəfindən işğalı, habelə onun fəlakətli siyasi, sosial və iqtisadi nəticələri ilə iflic olmuşdu. Lakin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik strategiya, dərin iqtisadi və sosial islahatlar siyasəti, tarazlaşdırılmış xarici siyasət kursu sayəsində ölkəmiz 30 ilə yaxın müddətdən sonra işğala son qoymuş, beynəlxalq hüquq normaları əsasında ədaləti bərpa etmişdir və hal-hazırda Azərbaycan Qarabağda genişmiqyaslı bərpa-quruculuq layihələrini uğurla həyata keçirir.
Səfir Azərbaycanın Cənubi Qafqazda aparıcı siyasi aktoru, eləcə də iqtisadiyyat və investisiya fəallığının hərəkətverici qüvvəsi kimi mühüm regional roluna, habelə Avrasiyada etibarlı nəqliyyat və logistika xabı statusuna da diqqət çəkmişdir. O qeyd etmişdir ki, bu gün Azərbaycan Avropa, Qafqaz, Mərkəzi Asiya ölkələri, Çini və onların bazarlarını birləşdirən layihə təşəbbüsləri irəli sürür və reallaşdırır. Səfir əlavə etmişdir ki, beynəlxalq müstəvidə rəsmi Bakı Qlobal Cənub ölkələrinin maraqlarını fəal surətdə müdafiə edir və ölkəmizin paytaxtında baş tutmuş BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) uğurunun təmin edilməsində həlledici rol oynamışdır.
Azərbaycan-Rusiya münasibətlərindən danışaraq o, aşağıdakıları xüsusilə vurğulamışdır:
“Rusiya ilə dostluq münasibətləri xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. 1992-ci ilin aprel ayında Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər qurulandan bəri əməkdaşlığımız əhəmiyyətli dərəcədə təkamül edərək strateji tərəfdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəlmişdir”.
Həmçinin səfir qarşılıqlı səfərlərin intensivliyi, zəngin və geniş gündəlik, ticarət dövriyyəsinin artımı, elm, təhsil və mədəniyyət sahələrində onlarla qarşılıqlı faydalı layihələrlə səciyyələnən ikitərəfli siyasi dialoqun bu gün aktiv şəkildə inkişaf etdiyini nəzərə çatdırmışdır. Azərbaycan-Rusiya dialoqu və əməkdaşlığının həm ikitərəfli formatda, həm də “Xəzər beşliyi” və digər regional platformalar çərçivəsində irəliləydiyi bildirilmişdir.
Ardınca RF xarici işlər nazirinin müavini Mixail Qaluzin salamlama nitqi ilə çıxış edərək 2022-ci ilin fevral ayında Moskva şəhərində ən yüksək səviyyədə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə sayəsində iki ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəldiyi və möhkəmlənməkdə davam etdiyini qeyd etmişdir. Vurğulanmışdır ki, Rusiya-Azərbaycan münasibətləri Cənubi Qafqazda, Xəzər regionunda, MDB məkanında və Avrasiyada sabitliyin mühüm amilinə çevrilmək iqtidarındadır.
RF xarici işlər nazirinin müavini qonaqlara yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi, mədəni, humanitar, təhsil sahələrində həyata keçirilən birgə layihələr barədə məlumat vermişdir. O əlavə etmişdir ki, Rusiya tərəfi rəsmi Bakı ilə müttəfiqlik qarşılıqlı fəaliyyətə olduqca ciddi yanaşır, dostluq və qarşılıqlı dəstək münasibətlərini yüksək qiymətləndirir.
Daha sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasında hərbi attaşesi polkovnik Kənan Təhməzov söz götürərək Azərbaycan Ordusunda islahatların həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müstəsna rolu və xidmətlərini xüsusi olaraq diqqətə çatdırmışdır. Bildirilmişdir ki, məhz onların uzaqgörən siyasəti sayəsində Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilmiş və nəticədə, ölkəmiz 44 günlük Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etmişdir.
O, Azərbaycan və Rusiyanın müdafiə qurumları arasında, ələlxüsus peşəkar hərbi kadrların hazırlanması və hərbi sənaye sahələrində əməkdaşlığın yüksək səviyyəsindən bəhs etmişdir.
Tədbir Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə, milli rəqslər üzrə Azərbaycan və Rusiya çempionu Rəna Qafarlı və “Buta Trio” xalq çalğı alətləri ansamblının iştirakı ilə bədii proqramla davam etmişdir.
Qonaqlar üçün həmçinin milli mətbəximizin təamlarından ibarət furşet təşkil olunmuşdur.