news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 noyabr 2025

Cari ilin 31 oktyabr tarixində GİTİS-də Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş beynəlxalq konfrans baş tutmuşdur

Cari ilin 31 oktyabr tarixində Rusiya Teatr İncəsənəti İnstitutunun (GİTİS) Elmi Kitabxanasında dahi Azərbaycan bəstəkarı, musiqişünas, pedaqoq və maarifçi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş “Xalq ruhunun səsi…” adlı beynəlxalq konfrans keçirilmişdir.

 

Tədbirdə Rusiya və Azərbaycanın elm və mədəniyyət xadimləri, GİTİS-in professor-müəllim heyəti, tələbələri, Azərbaycanın Rusiyadakı Səfirliyinin əməkdaşları, eləcə də KİV nümayəndələri iştirak etmişlər.

 

GİTİS-in elmi işlər üzrə prorektoru Yekaterina Loseva-Demidova, Azərbaycanın Rusiyada səfiri Rəhman Mustafayev, SSRİ Xalq artisti, GİTİS-in Vokal sənəti kafedrasının müdiri Tamara Sinyavskaya, həmçinin “Musiqi dünyası” jurnalının baş redaktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri Tariyel Məmmədov salamlama nitqi ilə çıxış etmişlər. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli konfrans iştirakçılarına video-müraciət ünvanlamışdır.

 

Konfransda məruzəçilər qismində Qnessinlər adına Rusiya Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi kafedrasının dosenti Angelina Alpatova, D.A. Bertmanın emalatxanasının musiqi rəhbəri və dirijor Yevqeni Volkov, GİTİS-in Musiqi tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi Flora Rəhimova, Rusiyanın Əməkdar incəsənət xadimi, GİTİS-də emalatxana rəhbəri Aleksandr Barmak, Qnessinlər adına Rusiya Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının dosenti Tamila Canı-zadə, GİTİS-in Musiqili teatr rejissorluğu və aktyor ustalığı kafedrasının dosenti Anatoli Axreyev, eləcə də Musiqili teatr fakültəsinin dekanı Timofey Sopolyov çıxış etmişlər.

 

Natiqlər bəstəkarın peşəkar Azərbaycan musiqi məktəbinin formalaşmasında, dünya, sovet və Azərbaycan musiqi mədəniyyətlərinin inkişafında, habelə Azərbaycan və Rusiya mədəniyyət xadimləri arasında dialoq və əməkdaşlığın möhkəmlənməsində oynadığı mühüm rolu vurğulamışlar.

 

Tədbir çərçivəsində qonaqlara Üzeyir Hacıbəylinin həyat və fəaliyyətinə həsr olunmuş video-film nümayiş etdirilmişdir. Ardınca musiqişünaslar, pedaqoqlar və tələbələrin iştirakı ilə Azərbaycan bəstəkarının yaradıcılığı barədə maraqlı müzakirələr aparılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti