Fevralın 26-da Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Cari ilin 26 fevral tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş xatirə tədbiri keçirimişdir.
Tədbir Rusiyada akkreditə olunmuş bir neçə diplomatik nümayəndəliyin rəhbərləri və əməkdaşları, hərbi attaşelər, Azərbaycan və Rusiyanın mədəniyyət və incəsənət, tibb, elm xadimləri, Azərbaycan icmasının nümayəndələri və Rusiya universitetlərində təhsil alan azərbaycanlı tələbələri bir araya gətirmişdir.
Xatirə axşamı Səfirlikdə quraşdırılan memorial stendə gül qoyulması ilə başlamış, sonra isə Xocalı faciəsinin çoxsaylı günahsız qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qonaqları salamlayan Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan işğalçı qüvvələri tərəfindən törədilən və yüzlərlə azərbaycanlı mülki şəxsin həyatına son qoyan Xocalı soyqırımından bəhs etmişdir. O, Xocalıda qadın, uşaq və yaşlılar da daxil olmaqla, 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyini, 487 nəfərin ömürlük əlil olduğunu və bəzi mülki şəxslərin itkin düşmüş hesab olunduğunu qeyd etmişdir.
Diplomat qonaqları 2008-ci ilin may ayında Həydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən beynəlxalq ictimaiyyəti Qarabağ münaqişəsinin səbəbləri və bu qanlı cinayət barədə məlumatlandırmaq, eləcə də dünya hökumətləri və parlamentləri tərəfindən siyasi və hüquqi qiymətləndirmə aparılmasına təkan vermək məqsədilə başlanan “Xocalıya ədalət!” (“Justice for Khojaly”) kampaniyası barədə məlumatlandırmışdır. Azərbaycan diplomatik missiyasının rəhbəri qeyd etdiyi kimi, bu kampaniyanın nəticəsi olaraq, 2010-cu ildən 2024-cü ilə qədər 18 ölkənin parlamenti Xocalı hadisələrini “kütləvi qırğın” və “insanlığa qarşı cinayət” kimi pisləmişdir.
Səfir R.Mustafayev 2023-cü ilin sentyabr ayında Azərbaycanın dövlət suverenliyinin bütün Qarabağ bölgəsində tam və qəti surətdə bərpa olunduğunu, hazırda irimiqyaslı tikinti və bərpa işlərinin fəal şəkildə davam etdiyini xatırlatmışdır. Vurğulanmışdır ki, Azərbaycana dost olan ölkələr, o cümlədən Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan həmrəylik əlaməti olaraq regionda sosial infrastruktur obyektləri – məktəblər, uşaq bağçaları, kiçik və orta sahibkarlıq müəssisələri təsis edirlər. Səfir onu da xatırlatmışdır ki, RF-in Həştərxan vilayəti Qubadlı rayonunda infrastrukturun bərpasına dəstək göstərir və hazırda Mahruzlu kəndində 80 yerlik uşaq bağçası tikilir.
Diplomat nəzərə çatdırmışdır ki, Xocalı soyqırımının hazırkı ildönümü xüsusi hallarda qeyd olunur, çünki keçmiş separatçı rejimin liderləri – Azərbaycan xalqına qarşı cinayətlərin ideoloqları və təşkilatçıları – Bakı Hərbi Məhkəməsi tərəfindən müxtəlif həbs cəzalarına məhkum edilmişlər.
“Ədalət zəfər çaldı, lakin Xocalı soyqırımının beynəlxalq siyasi və hüquqi qiymətləndirilməsi hələ də aktual məsələ olaraq qalır. Bu, gələcəkdə eyni cinayətlərin təkrarlanmaması üçün vacibdir”, - deyə səfir R. Mustafayev qeyd etmişdir.
Diplomatik missiyanın rəhbəri diqqətə çatdırmışdır ki, Azərbaycanın hazırkı xarici siyasətinin ən ümdə məqsədi Ermənistan ilə münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanmasıdır. O əlavə etmişdir ki, bu gün biz Xocalı faciəsinin anım gününü Azərbaycan və Ermənistanın bir-birinə qarşı cəsarətli addımlar atdığı və 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinin bitməsindən bəri ikitərəfli münasibətlərin normallaşma prosesinin ilk müsbət nəticələrinin artıq göründüyü bir vaxtda qeyd edirik.
Səfir R. Mustafayev vurğulamışdır ki, Qarabağ bölgəsində sülh və bərpa, eləcə də məcburi köçkünlərin geri qayıtması Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən mühüm, çox vaxt elə də nəzərə çarpmayan humanitar minatəmizləmə işləri aparılmadan mümkün olmazdı.
Diplomat bildirmişdir ki, Azərbaycan dünyanın ən çox mina ilə çirklənmiş ölkələri arasındadır: Ermənistan ordusu tərəfindən Qarabağda və qonşu bölgələrdə 1 milyondan çox mina basdırılıb ki, bu da ölkənin ümumi ərazisinin 13%-ni təşkil edir. O, bu günə qədər mina ilə çirklənmiş ərazilərin 20%-dən bir qədər çoxunun təmizləndiyini, təxminən 63.000 minanın zərərsizləşdirildiyini söyləmişdir. Səfirin qeyd etdiyi kimi, Azərbaycan post-münaqişə dövründə dünyada ən irimiqyaslı minatəmizləmə əməliyyatlarını gerçəkləşdirən ölkədir.
Azərbaycan diplomatik missiyasının rəhbəri çıxışının sonunda qonaqlara Xocalı soyqırımı qurbanlarının xatirəsinə göstərilən hörmət və tədbirdə iştiraka görə minnətdarlığını ifadə etmişdir.
Ardınca O.E. Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin magistr pilləsinin tələbəsi Adil Ələkbərov və Moskva Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsinin tələbəsi Rəfiqə Nizamzadə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Rusiyadakı Azərbaycan tələbələrinin maarifləndirmə fəaliyyətləri barədə danışmşlar.
Daha sonra şairə, romançı, “Rusiyanın Qızıl Qələmi” mükafatının laureatı Emiliya Dementsova-Rəsulova müəllifi olduğu “Xocalı” şeirini səsləndirmişdir.
Rəsmi hissədən sonra Xocalı faciəsinin qanlı hadisələrini əks etdirən sənədli film, eləcə də tanınmış Azərbaycan rejissoru və ssenaristi Murad İbrahimbəyovun Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin fəaliyyətinə həsr olunmuş “ANAMA” adlı yeni sənədli filminin qısaldılmış versiyası nümayiş etdirilmişdir.
Tədbir zamanı qonaqlar Xocalı soyqırımı ilə bağlı kitablar və fotosərgi ilə də tanış olmuşlar.
Azərbaycan ənənəsinə uyğun olaraq, xatirə axşamı milli yeməklərdən ibarət ehsan süfrəsi ilə başa çatmışdır.