Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş rəsmi qəbul keçirildi
Hər il olduğu kimi, cari ildə də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş rəsmi mərasim təşkil edildi.
Ulu öndərin anadan olmasının 92-ci ildönümü günü, 10 may tarixində Səfirliyə gələnlərin sırasında Rusiya Prezidenti Administrasiyasının məsul əməkdaşları, Dövlət Dumasının rəhbərliyini təmsil edən rəsmilər, o cümlədən Rusiya Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Zyuqanov, MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitənin sədri Leonid Slutski və Mədəniyyət üzrə Komitə sədrinin birinci müavini, SSRİ-nin xalq artisti İosif Kobzon, Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov, XİN-i, digər dövlət qurumlarının rəhbərliyini təmsil edən rəsmi şəxslər, tanınmış ictimai-siyasi, elm və incəsənət xadimləri, o cümlədən Nobel mükafatının laureatı akademik Jores Alfyorov, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Tsereteli, “Veçernyaya Moskva ” qəzetinin baş redaktoru Aleksandr Kupriyanov, İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rəhbərliyi, Neft-qaz sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal, Rusiya Konstitusiya Məhkəməsinin sabiq sədri Marat Baqlay, generallar, Heydər Əliyevlə müxtəlif dövrlərdə çalışmış sabiq rəsmilər, jurnalistlər, Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyinin, Rusiya Azərbaycan Gəncləri Birliyinin və Aydın Qurbanov Fondunun rəhbərliyi, habelə sabiq Baş nazirin müavini, hazırda isə Nikolay Baybakov Fondunun prezidenti Valeri Serov, Azərbaycanın dövlət qurumları və şirkətlərinin (DİN, Azərbaycanın Beynəlxalq Bankı, AZAL, Azərbaycan Dəmir Yolları) Moskvadakı nümayəndələri, diasporumuzun tanınmış simaları, ziyalılar, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar başda olmaqla “Rusiya-Azərbaycan” Dostluq cəmiyyətinin üzvləri, Rusiyada akkreditə olunan Belarus, Özbəkistan, Tacikistan səfirləri və Moldovanın müvəqqəti işlər vəkili, eləcə də iqamətgahı Moskvada olmaqla öz ölkəsini Azərbaycanda təmsil edən Cibuti səfiri, habelə bir sıra səfirliklərin müşavir-elçiləri və digər qurumların nümayəndələri vardı.
Əvvəlcə tədbir iştirakçıları Səfirliyin binasındakı Heydər Əliyevin xatirə barelyefi qarşısında gül-çiçəklər qoydular.
Mərasimi açan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu qonaqları salamladı və onlara möhtəşəm 9 may – faşizm üzərində Qələbənin 70-ci ildönümündən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ad gününü qeyd etmək məqsədilə Səfirliyə gəldikləri üçün təşəkkürünü bildirdi. Polad Bülbüloğlu bildirdi ki, dahi rəhbər Heydər Əliyev 1980-ci illərdə Moskvada Sovet İttifaqı Nazirlər Şurası sədrinin birinci müavini vəzifəsində çalışarkən, bütün müttəfiq respublikaların inkişafı üçün böyük töhfə vermişdir. Bu baxımdan bir neçə il bundan əvvəl “TASS” tərəfindən ona həsr olunmuş “Rusiyada könlümün bir parçasıdır” adlı kitabın nəşr etdirilməsinin heç də təsadüfi olmadığını söylədi. Səfir vurğuladı ki, Heydər Əliyev dünya siyasətində fenomenal simadır ki, sosializm dəyərlərinə əsaslanan planlı iqtisadiyyata malik SSRİ-nin rəhbərlərindən biri olduqdan sonra o, müstəqil Azərbaycan Respublikasına başçılıq edərək burada azad bazar iqtisadiyyatın və demokratik siyasi sisteminin qurucusu, sözün əsl mənasında müasir Azərbaycanın memarı oldu. Polad Bülbüloğlu əsası onun tərəfindən qoyulmuş möhkəm zəmin üzərində Heydər Əliyevin layiqli yetişdirməsi və davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğur və nailiyyətlərin hamıya məlum olduğunu və əlavə şərhə ehtiyac duymadığını vurğuladı.
Mərasim zamanı Səfirliyə buyuran qonaqlar öz ürək sözləri, fikir və xatirələri ilə bölüşdülər.
Belə ki, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Rusiyada Heydər Əliyev adının əziz tutulduğunu qeyd edərək, onun 1980-ci illərdə bütün SSRİ miqyasında sosial yönümlü sahələrin inkişafına göstərdiyi xüsusi diqqət və qayğını xatırladı. 1990-cı illərdə Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri kimi misilsiz rol oynadığını vurğulayan M.Şvıdkoy bildirdi ki, Heydər Əliyevsiz bugünkü çiçəklənən, qüdrətli və beynəlxalq aləmdə hörmət bəslənilən Azərbaycan da olmayacaqdı.
Sonra Səfir Polad Bülbüloğlu bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarına əsasən, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika sahəsində Nobel mükafatının laureatı Jores Alfyorov dünya elmi və Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafında xüsusi xidmətlərə görə “Nizamı Gəncəvi adına Qızıl medal” ilə təltif olunub. Həmin medal Jores Alfyorova təntənəli surətdə təqdim edildi.
Jores Alfyorov ilk-əvvəl AMEA-ya təşəkkür bildirərək, ömür boyu Azərbaycanla əlaqədar olduğunu məmnuniyyətlə qeyd etdi. O, Azərbaycan Elmlər Akademiyasının sabiq prezidenti akademik Həsən Abdullayev ilə çox sıx şəxsi dostluq münasibətlər haqqında xatirələri ilə bölüşdü, sovet dövründə xalqları birləşdirən həqiqi dostluq tellərindən bəhs etdi. Jores Alfyorov ümumi keçmişimizdən müsbət miras qalmış həmin əlaqələrin qorunub-saxlanmasının vacibliyini vurğulayaraq, Azərbaycan xalqının və onun görkəmli nümayəndələrinin həmişə buna sadiq qaldığını söylədi.
Rusiya Prezidentinin Rusiyanın Mərkəzi federal dairədə səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov Böyük Vətən müharibəsindən sonra Bakıda doğulub-böyüdüyünü bildirərək, uşaqlıq zamanı həmyaşları ilə ünsiyyətdə öyrəndiyi Azərbaycan dilindəki sözlərin indiyəcən əziz xatırladığını qeyd etdi. O, Bakının, Azərbaycanın ümumi Qələbəyə verdiyi önəmli töhfəni xüsusilə vurğuladı. Hal-hazırda da Azərbaycanda çoxlu sayda rusların, Rusiyada isə böyük Azərbaycan diasporunun məskunlaşdığını göstərən A.Beqlov Rusiya və Azərbaycanın sarsılmaz insani əlaqələrin telləri ilə birləşdiyini dedi. O, sovet dövründən etibarən Heydər Əliyev fəaliyyətinin, onun işə və insanlara olan münasibətin şahidi olduğunu söylədi. A.Beqlov həmçinin Rusiya Prezidenti Vladimir Putinin Heydər Əliyevə böyük hörmətlə yanaşdığını bildirdi və iki lider arasında qarşılıqlı rəğbətin olduğunu qeyd etdi. Heydər Əliyevi örnək və Azərbaycan dilində əsl müəllim adlandıran A.Beqlov Ulu öndərin xatirəsinin həmişə əziz tutduğunu vurğuladı.
Rusiya Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Zyuqanov atasının Böyük Vətən müharibəsi zamanı uzun müddət Bakıda müalicə aldığını deyərək, onun Azərbaycan xalqının qayğıkeşliyini həmişə yada saldığını xatırlatdı. O, hələ sovet dövründən Heydər Əliyevi mahir natiq və nümunəvi dövlət və partiya rəhbəri kimi xatırladığını dedi. Müasir dövrdə də Rusiya parlamentinin aparıcı simalardan biri kimi, o, Heydər Əliyev və İlham Əliyevin rəhbərliyi altında olan Azərbaycan dövlətini təmsil edən parlamentarilərin AŞPA və digər beynəlxalq qurumlarda həmişə Rusiyaya əleyhinə qərəzli tənqidə qarşı çıxdığını, özlərini əsl sadiq dostlar kimi göstərdiyini məmnuniyyətlə qeyd etdi. G.Zyuqanov Bakının və Azərbaycanın hərtərəfli inkişafına heyran qaldığını, ölkəmizdə rus dilinin tədris olunmasına dövlət qayğısını xüsusilə vurğuladı. Bütün bu nailiyyətlərin əsasının məhz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən RFKP-nin rəhbəri çıxışın sonunda Səfir Polad Bülbüloğluna Qələbənin 70 illiyinə həsr olunmuş xatirə nişanı təqdim etdi.
Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitənin sədri Leonid Slutski Qələbənin 70-ci ildönümündən sonra, mövcud ənənəyə uyğun, Səfirlikdə böyük Heydər Əliyevin ad gününə həsr olunmuş tədbirdə iştirak etməyindən məmnun olduğunu dedi. O, Heydər Əliyevin məhz hal-hazırda Səfirliyin, o zaman isə Azərbaycan SSR-nin Moskvadakı Daimi Nümayəndəliyinin binasında 20 Yanvar faciəsinə siyasi qiymət verdiyini xatırladı. Müasir Azərbaycan tarixinin ən dar məqamlarında öz dühası ilə xalqın yanında olmuş Ulu öndərin bugünkü Azərbaycan dövlətinin banisi olduğunu vurğuladı. Leonid Slutski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsası Heydər Əliyev tərəfindən qoyulmuş zəmin üzərində Azərbaycanın həm neft-qaz və infrastruktur layihələr, həm də əhalinin ümumi rifahı baxımından ən sürətli inkişaf edən dövlətlərin sırasına çıxarılmasından bəhs etdi. O, tədbirdə Rusiyanın çoxlu sayda görkəmli, o cümlədən İ.Kobzon və J.Alfyorov kimi əfsanəvi simalarının olmasını Azərbaycana və onun liderlərinə olan rəğbətin göstəricisi kimi səciyyələndirdi.
Tədbirin bütün iştirakçıları Ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini yada salaraq, onun əməyinin məhsulu olan müasir Azərbaycan Respublikasına yeni-yeni nailiyyətlər dilədilər. Tədbir Azərbaycan televiziya kanalları, “AzərTAc”, Moskvada fəaliyyət göstərən “Vestnik Kavkaza” informasiya portalı və digər KİV orqanları tərəfindən geniş işıqlandırıldı.