news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 mart 2026

Moskvada Azərbaycanın turizm potensialının təqdimatı keçirilmişdir

Cari ilin 16 mart tarixində Moskva şəhərində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm potensialının təqdimatı keçirilmişdir.

 

Tədbir aparıcı hotellər, turizm agentlikləri, “Şahdağ” turizm kompleksi, eləcə də milli aviadaşıyıcı AZAL daxil olmaqla, Azərbaycanın turizm sənayesini təmsil edən 13 nümayəndəyi bir araya gətirmişdir. Təqdimata iki ölkə arasında əməkdaşlığın inkişafı və turist axınının genişləndirilməsində maraqlı olan təqribən 140 rusiyalı turoperator və turizm şirkətinin nümayəndələri qatılmışlar.

 

Həmçinin tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasında səfiri Rəhman Mustafayev iştirak etmiş və salamlama nitqi ilə çıxış etmişdir.

 

“2024-cü ildə Rusiya Federasiyasından çox böyük turist axını müşahidə olunmuşdu. Müəyyən səbəblərə görə 2025-ci ildə bu axın azalmışdı, lakin yanvar ayın olan göstəricilərin nümayiş etdirdiyi kimi, onun bərpa olunacağına ümid etməyə əsaslar vardır. Azərbaycan yenidən rusiyalı turistlər, eləcə də gözəl ölkəmizə digər istiqamətlərdən gələn qonaqlar üçün cəlbedici məkan olacaq”, - deyə Azərbaycan diplomatik missiyasının rəhbəri qeyd etmişdir.

 

Bununla yanaşı, o vurğulamışdır ki, Azərbaycan və Rusiya hazırda münasibətlərin tam bərpası üzərində fəal işləyirlər.

“Münasibətlərin normallaşma prosesi gedir. İqtisadi-ticari sahədə, eləcə də siyasi və humanitar əlaqələrdə dinamika müşahidə olunur”, - deyə diplomat bildirmişdir.

 

Səfir R.Mustafayev əlavə etmişdir ki, son dərəcə gərgin beynəlxalq və regional vəziyyət fonunda Azərbaycan sabitlik, təhlükəsizlik və rifahın məkanı olaraq qalır.

 

“Azərbaycanın istər təbiəti, istər milli mətbəxi, istərsə də xalqımızın qonaqpərvərliyi kimi üstünlükləri ilə yanaşı, bu amil də çox mühüm rol oynayır. Mürəkkəb geosiyasi şəraitdə biz sosial sabitliyi və iqtisadi artımı qoruyub saxlamışıq”, - deyə o vurğulamışdır.

 

O, ölkəmizdə turizm sahəsinin sürətlə inkişaf etdiyini nəzərə çatdırmışdır.

 

“Azərbaycan nisbətən yeni turizm istiqamətidir. Biz hələlik İtaliya, Yunanıstan, Fransa, İspaniya və Türkiyə kimi aparıcı qlobal mərkəzlərdən bir qədər geri qalırıq, lakin təcrübə göstərir ki, bu fərq tədricən azalır. Azərbaycan təkcə rusiyalılar üçün deyil, həm də azərbaycanlıların özləri üçün bir çox cəhətdən kəşf edilməmiş bir ölkədir. Biz hotellər, regional marşrutlar, turizm xidmətləri, inkişaf proqramları da daxil olmaqla, infrastrukturumuzun inkişafı üzərində aktiv şəkildə çalışırıq”, - deyə səfir R.Mustafayev izah etmişdir.

 

Daha sonra Azərbaycan Turizm Bürosunun Rusiyadakı Nümayəndəliyinin rəhbəri Cəlal İsmayılov Azərbaycanın əsas turizm məhsulları barədə təqdimatla çıxış edərək, yerli turizm marşrutlarının xəritəsi, ölkəmizin regionlarında istirahət imkanlarının müxtəlifliyi, mədəni, tibbi-sağlamlıq, qastronomik turizm, habelə Azərbaycanda keçirilən festivallardan ətraflı şəkildə bəhs etmişdir.

 

Tədbir Azərbaycan və Rusiya turizm sənayesinin nümayəndələri arasında B2B görüşlər formatında davam etmişdir.

 

Onu da əlavə etmək lazımdır ki, cari ilin 18 mart tarixində Sankt-Peterburq şəhərində də Azərbaycanın turizm potensialının təqdimatı baş tutacaqdır.

 

Qeyd olunmalıdır ki, Rusiya Azərbaycan üçün aparıcı turizm bazarlarından biri olaraq qalmaqdadır. Rəsmi məlumata görə, ötən il ölkəmizə təxminən 615 min, 2026-cı ilin yanvar ayında isə 43 mindən çox rusiyalı turist səfər etmişdirt. Turist axını əsasən iki ölkə arasında birbaşa hava əlaqəsinin inkişafı və genişləndirilməsi sayəsində təmin olunur. Belə ki, milli aviadaşıyıcı AZAL Moskva, Sankt-Peterburq və Yekaterinburqdan müntəzəm reyslər həyata keçirir, Rusiya aviaşirkətləri isə Novosibirsk, Surqut və digər istiqamətlər də daxil olmaqla, bu ölkənin bir sıra digər şəhərlərindən uçuşlar yerinə yetiri.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti