Moskvada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təntənəli təməlqoyma mərasimi olub
Cari ilin 4 mart tarixində Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin yaxınlığındakı xiyabanda Ümummilli Lider Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi keçirilib.
Xatirə lövhəsində deyilir: “Burada iki dəfə Sosialist Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, Nazirlər Sovetinin Baykal-Amur magistral yolunun tikintisi və inkişafı Komissiyası sədrinin abidəsi ucaldılacaq”.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Hökumətinin sədr müavini Vitali Savelyev, RF nəqliyyat naziri Roman Starovoyt, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru, İdarə Heyətinin sədri Oleq Belozyorov, Baykal-Amur Dəmir Yolu Magistralının (BAM) Tikintisi üzrə Baş İdarənin rəisi, keçmiş SSRİ nəqliyyat tikintisi nazirinin müavini Yefim Basin və digər BAM veteranları iştirak ediblər.
Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Baykal-Amur magistralının tikintisi və inkişafı üzrə Komissiyasının sədri vəzifəsini tutub, bu strateji əhəmiyyətli layihənin inkişafına böyük töhfə verib. Abidənin Moskvada ucaldılması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin keçmiş Sovet İttifaqı qarşısında, Baykal-Amur magistral xəttinin tikintisində və inkişafında xidmətlərinə verilən qiymətin rəmzidir.