news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 may 2015

Moskvada “Qanlı Yanvar“ adlı filmin nümayişi keçirilmişdir

Cari ilin 27 may tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin təşəbbüsü ilə Moskvanın “Baku” kinoteatrının əsas zalında,  “Bakıfilm” kinostudiyası tərəfindən istehsal olunan Vahid Mustafayevin “Qanlı Yanvar“ adlı filmin nümayişi təşkil olundu.

Filmin nümayişində Rusiyanın ictimai xadimləri ilə yanaşı Azərbaycan  diasporunun nümayəndələri, Rusiyada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişdirlər. Həmçinin nümayişdə filmin rejissoru və ssenari müəllifi Vahid Mustafayev, baş prodüseri Mirşahin Ağayev və filmdə əsas rolları oynayan Faiq Mirzəyev və Tamilla Həmidova iştirak etdilər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu tamaşaçıları 28 May - Respublika Günü bayramı ilə təbrik etdi. Filmin bayram ərəfəsində Moskvada nümayiş etdirilməsinin əhəmiyyətini bildirən Polad Bülbüloğlu, müstəqilliyimizin yolunda baş verən bu faciəli hadisələrin xalqımızın yaddaşından heç zaman unudulmayacağını vurğuladı. Daha sonra Azərbaycanın Rusiyadakı Səfiri filmin yaradıcı heyətini səhnəyə dəvət edərək onlara təşəkkürümü bildirdi və belə bir filmin çəkilməsi və xarici ölkələrdə nümayiş etdirilməsi dünya ictimaiyyətinə  tarixi həqiqətlərin çatdırılması baxımından vacib olduğunu qeyd etdi.

Daha sonra söz alan filmin rejissoru Vahid Mustafayev nümayişə gələn tamaşaçılara təşəkkürünü bildirərək onlara filmin çəkilişləri haqqında məlumat vermişdir. Həmçinin Vahid Mustafayev filmin təqdimatının təşkilində Səfirliyin xüsusi rolunu vurğulamışdır.

Filmin nümayişindən sonra zal gur alqışlara qərq oldu, tamaşaçılar və xüsusilə gənclər film haqqında fikirləri ilə bölüşərək yaradıcı heyətin nümayəndələrinə təşəkkürlərini bildirdilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti