news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 may 2015

Moskvada Respublika Günü qeyd edildi

Cari ilin 28 may tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edildi.

Mərasim Azərbaycan və Rusiya dövlət himnlərinin ifası ilə açıldı.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu tədbir iştirakçılarını salamlayaraq, ilk-əvvəl Azərbaycan dilində salonda yığışan soydaşlarımızı Respublika Günü münasibətilə ürəkdən təbrik etdi. Sonra nitqini rus dilində davam edən Səfir bu bayramın bütün azərbaycanlılar üçün əziz və müqəddəs olduğunu vurğuladı və Müsəlman Şərqində ilk respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın demokratik əsaslarda qurulmuş müstəqil milli dövlətçiliyinin şanlı səhifəsi olduğundan bəhs etdi.

Həmçinin Polad Bülbüloğlu 97 il öncə əldə etdiyimiz müstəqilliyin tarixi yaddaşımızda əbədi həkk olunduğunu söyləyərək, xalqımızın şüurunda bu bayram gününün ümummilli liderimiz, müasir müstəqil Azərbaycan Respublikasının memarı Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı.

Azərbaycanın Rusiyadakı Səfiri faşizm üzərində Qələbənin 70 illiyini qeyd etdiyimiz dövrdə Azərbaycan xalqının bu ümumi Qələbəyə verdiyi əvəzsiz töhfələrini xatırlatdı. O yada saldı ki, Azərbaycan SSR-dən 700 min nəfər cəbhəyə getdi və onlardan 300 mindən artığı Vətəni qoruyaraq həlak oldu. Müharibə zamanı SSRİ-də hasil olunan neftin 85% faizinin məhz Azərbaycanın payına düşdüyünü deyən Polad Bülbüloğlu, bunun sayəsində “mühərriklər savaşı”nda qələbənin qazanıldığını qeyd etdi.

Bu gün Azərbaycanda dövlət müstəqilliyimizin əldə edilməsi və qorunması yolunda şəhid olanların da yada salındığını bildirdi.

Bütün tarixi sınaqlardan keçmiş Azərbaycanın hal-hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara doğru irəlilədiyini söyləyən Səfir, ölkəmizin dünyada artan nüfuzunu qeyd etdi və dövlətimizin milli mənafelərə söykənən müstəqil çoxşaxəli xarici siyasətinin prioritetləri sistemində Rusiya Federasiyası ilə strateji xarakterli tərəfdaşlığın xüsusi yer tutduğunu vurğuladı.

Dövlət başçıları səviyyəsində təşəkkül tapmış qarşılıqlı anlaşma və xoş münasibətlərin siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün etibarlı zəmin kimi çıxış etdiyini qeyd edən Azərbaycanın Rusiyadakı Səfiri, bir neçə gün öncə Moskvada keçirilmiş Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının növbəti iclasını misal gətirərək, onun yüksək səviyyədə təşkil edilməsinə görə Rusiya tərəfinə və şəxsən Federasiya Şurasının sədr müavini, Komissiyanın rusiyalı həmsədri İlyas Umaxanova bir daha təşəkkürünü bildirdi.

İki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etməsindən bəhs edən Polad Bülbüloğlu, bu il ərzində Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının, habelə Regionlararası əməkdaşlıq forumunun baş tutacağını qeyd etdi.

Eyni zamanda Səfir ikitərəfli siyasi dialoqun aparılmasında Xarici İşlər Nazirlikləri arasında təşəkkül tapmış məhsuldar təmasların və Nazirlər səviyyəsində qarşılıqlı səfərlərin müstəsna rol oynadığını bildirdi. Bir neçə gün əvvəl Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfərlə Moskvaya gələrək, öz rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli və regional məsələlərin geniş gündəliyi üzrə fikir mübadiləsinin aparılması və səfər çərçivəsində növbəti iki il üçün XİN-lərarası məsləhətləşmələr planının imzalanmasını xüsusilə qeyd etdi.

12 iyun tarixində Bakıda dünya tarixində ilk dəfə Avropa Oyunlarının açılacağını bir daha yada salaraq, bu əlamətdar hadisəni Azərbaycanın dünyadakı nüfuzunun bariz təzahürü kimi səciyyələndirən Səfir qeyd etdi ki, həmin idman və xoş məram bayramında Rusiyanın ən böyük nümayəndə heyəti ilə təmsil olunması iki ölkə arasında münasibətlərin göstəricisidir. Azərbaycanda həmin möhtəşəm açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin iştirakını səbirsizliklə gözləndiyini söylədi.

Bir həftə öncə Kremldə şəxsən Prezident Vladimir Putin tərəfindən Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğluna yüksək mükafat – “Şərəf” ordeninin təqdim edilməsini onun üçün unudulmaz olduğunu söylədi və sözügedən mükafatın Rusiya dövlətinin Azərbaycana göstərdiyi xoş münasibətin rəmzi kimi qəbul etdiyini vurğuladı. Fürsətdən istifadə edərək, Rusiya Prezidenti Vladimir Putinə bir daha dərin təşəkkürünü bildirdi.

Nitqinə yekun vuraraq, Polad Bülbüloğlu bərabərlik və hörmət əsasında qurulan qarşılıqlı faydalı ikitərəfli münasibətlərin xalqlarımızın maraqları naminə bütün istiqamətlər üzrə dinamik inkişaf edəcəyinə dair əminliyini ifadə etdi.

Sonra ziyafətdə əsas rəsmi qonaq qismində iştirak edən Rusiya XİN-in stats-katibi – Xarici  işlər nazirinin müavini Qriqori Karasin çıxış edərək Azərbaycanın Respublika Gününün Moskvada qeyd edilməsi üzrə ənənəni çox yüksək qiymətləndirdiyini qeyd etdi. O, bu gün Azərbaycan xalqına milli bayram münasibətilə təbriklərin yetirilməsi fürsətindən şərəf hissi duyduğunu bildirərək, ölkələrimiz arasında münasibətlərin uzun əsrlər boyu inkişaf etdiyini söylədi.

Rusiya ilə Azərbaycanı birləşdirən tarixi, insanlararası və mədəni bağlılığı üzərində bu gün dövlətlərimiz arasında bərqərar olunan münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatdığını qeyd edən Nazir müavini, bu münasibətlərin bərabərliyə və qarşılıqlı olaraq hər iki tərəfin maraqlarına hörmətə əsaslandığını bildirdi.

Qriqori Karasin 2014-cü ilin nəticələrinə dair ikitərəfli mal dövriyyəsinin təqribən 4 milyard ABŞ dolları miqdarına çatdığını söylədi və Rusiyanın bir çox subyektlərinin Azərbaycan ilə əməkdaşlıq etdiyi barədə statistik göstəricilərini səsləndirdi. O, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Rusiyada baş tutacaq növbəti iclası və sentyabr ayında Yekaterinburqda keçiriləcək ənənəvi Azərbaycan-Rusiya Regionlararası əməkdaşlıq forumunun iqtisadi istiqamətdə əməkdaşlığa yeni təkan verəcəyinə dair ümid ifadə etdi.

Humanitar sahədə əlaqələrin ən təqdirəlayiq səviyyədə olduğunu söyləyən Nazir müavini bu sahədə yerinə yetirilən əməkdaşlıq proqramını yüksək qiymətləndirdi və hər iki ölkə Prezidentinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu geniş beynəlxalq əks-səda doğuran vacib hadisə kimi xarakterizə etdi.

Bu günlərdə baş tutmuş Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya rəsmi səfərinə istinad edərək, Qriqori Karasin Rusiya tərəfindən Azərbaycanın timsalında əsl müstəqil xarici siyasət həyata keçirən etibarlı tərəfdaş gördüyünü söylədi. O, Azərbaycanın bu cür konstruktiv mövqeyinin həm ikitərəfli, həm regional gündəliyə aid olan bütün, o cümlədən problemli məsələlərin müzakirə edilməsinə şərait yaratdığını vurğuladı.

Azərbaycanın xaricdən göstərilən təzyiqə baxmayaraq, Rusiyaya qarşı sanksiyalara qoşulmaması, əksinə bu fonda Rusiya bazarına öz kənd təsərrüfatı məhsullarının daha da böyük həcmdə ixrac etməsinə başlaması barədə söz açan Nazir müavini bunu çox yüksək dəyərləndirildiyini söylədi.

Eyni zamanda, o, 9 may tarixində Moskvada – Qızıl meydanda keçirilən hərbi paradda Azərbaycanı təmsil edən birləşmənin iştirak etməsi və Prezident İlham Əliyevin bu tədbirə qatılmasını əsl dost münasibətinin təzahürü kimi qəbul etdiyini bildirdi. Qriqori Karasin Azərbaycandan 128 nəfərin Sovet İttifaqı qəhrəmanı, 14 nəfərin isə “Şöhrət” ordenin tam kavaleri adına layiq görüldüyünü, ölkəmizin ümumi qələbəyə verdiyi töhfəni məmnuniyyətlə yada saldığını qeyd etdi.

Çıxışının sonunda Qriqori Karasin Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının hamı üçün idman və dostluq bayramı olacağına və orada Rusiya təmsilçilərinin yüksək nailiyyətlər əldə edəcəyinə dair ümid ifadə edərək, Azərbaycan dövlətinə və xalqına bir daha uğurlar dilədi və ən xoş arzularını yetirdi.   

Sonra tədbir təntənəli şəkildə Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təsis edilmiş Heydər Əliyev adına mükafatın təqdim edilməsi mərasimi ilə davam etdirildi. Bu il həmin mükafata adları aşağıda çəkilən simalar layiq görüldülər:
- Rusiya XİN-in Diplomatik Akademiyasının rektoru Yevgeni Bajanov;
- Azərbaycan, Rusiya və Qırğızıstanın əməkdar incəsənət xadimi, Beynəlxalq Yaradıcılıq Akademiyasının vitse-prezidenti Janna Dozortseva;
- Rusiyanın əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki Nikas Safronov;
- Rusiyanın Bədii Gimnastika Federasiyasının prezidenti, Rusiya yığmasının baş məşqçisi İrina Vinner-Usmanova;
- Əməkdar idman ustası, Rusiyanın əməkdar məşqçisi Yuri Kuznetsov.

Səfirliyin təşkil etdiyi qəbulun gedişatı ənənəvi libaslar geyinmiş rəqqasların və musiqiçilərin ifasında Azərbaycan xalq musiqisinin parçaları və rəqsləri ilə müşayiət edildi.

Tədbirdə Rusiya Prezident Administrasiyası, Federasiya Şurası və Dövlət Duması, o cümlədən Federasiya Şurasının Sədr müavini İlyas Umaxanov, Dumanın MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski, XİN-in rəhbərliyi və məsul əməkdaşları, senatorlar, Dövlət Dumasının deputatları, hökumət orqanlarının nümayəndələri, nazir müavinləri və digər təmsilçiləri, rektorlar, tanınmış mədəniyyət və elm xadimləri, işgüzar dairələrin nüfuzlu nümayəndələri, siyasi ekspertlər və jurnalistlər, o cümlədən Rusiyanın aparıcı KİV-lərinin baş redaktorları iştirak etdilər. Tədbirdə həmçinin Azərbaycan diasporunun fəalları və Moskvada akkreditə olunan diplomatik korpus geniş təmsil olundu. Belə ki, təqribən 70 Səfirliyin nümayəndələri, onlardan 20-yə yaxın Səfir səviyyəsində, o cümlədən Türkiyə, Türkmənistan, Tacikistan, Moldova, Rumıniya, bir sıra ərəb (Əlcəzair, Tunis, Yəmən), digər Asiya, Afrika və Latın Amerikası ölkələri səfirlərinin qatıldığı bu ziyafətə, İsveçrə Səfirliyi nəzdində Gürcüstan maraqları seksiyasının rəhbəri, eləcə də adları çəkilən və digər Avropa, Asiya, Afrika, Amerika, Avstraliya və Okeaniya dövlətlərini təmsil edən missiya başçılarının müavinləri, müşavirləri, habelə hərbi attaşelər və digər əməkdaşlar iştirak etdilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti