news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 fevral 2025

Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Fevralın 26-da Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi ilə birlikdə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Anım tədbirində Moskvadakı Azərbaycan diasporunun nümayəndələri, rus ziyalıları, Moskva ali məktəblərinin müəllim və tələbələri, "Rusiya Azərbaycanlı Gənclər Birliyi"nin (АМОР) fəalları, Səfirliyinin əməkdaşları və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin iştirak ediblər.

 

Tədbirin rəsmi hissəsindən əvvəl Azərbaycanın səfiri Rəhman Mustafayev, eləcə də iştirak edən qonaqlar Xocalı faciəsi qurbanlarına həsr olunmuş bannerin önünə gül dəstələri qoyublar.

 

Tədbiri səfir Rəhman Mustafayev açaraq bildirib ki, 26 fevral müasir tarixin ən faciəli səhifələrindən biridir və həqiqətən həmin gün Ermənistan silahlı qüvvələri və yarımhərbi birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri barbar cinayətləri dinc əhali arasında çoxsaylı qurbanlara səbəb olmuşdur.

 

Xüsusi vurğulanıb ki, uzun müddət dünya ictimaiyyəti həm Xocalı faciəsi, həm də xalqımıza qarşı törədilən bir çox cinayətlər haqqında heç nə bilmirdi.

 

Səfir diqqətə çatdırıb ki, 2008-ci ildə dünya ictimaiyyətini Xocalı soyqırımı və onun əsl səbəbləri barədə məlumatlandırmaq və həmin hadisələrə siyasi-hüquqi qiymət vermək məqsədilə Heydər Əliyev Fondunun Vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə hər il keçirilən "Xocalıya ədalət" kampaniyası başlanıb və bunun sayəsində AŞPA, eləcə də dünyanın 18 ölkəsinin parlamentləri bu hadisələri kütləvi qırğın və "insanlığa qarşı cinayət" kimi qınayıblar. Bununla əlaqədar o, gün gələcək Rusiya parlamentinin də Xocalıda törədilən cinayətlərə ədalətli qiymət verəcəyinə ümidvar olduğunu vurğuladı. Bu işdə Rusiya ictimaiyyətinin dəstəyinin vacibliyi xüsusilə qeyd edilib.

 

Ayrıca diqqətə çatdırıldı ki, 2023-cü ildə Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra artıq ikinci ildir ki, bu faciə qurbanlarının xatirə gecəsi azad edilmiş Xocalı şəraitində qeyd olunur. Səfir Rəhman Mustafayev həmçinin Qarabağda bərpa-tikinti, eləcə də minalardan təmizləmə işləri barədə danışıb. Türkiyə, Rusiya, Qazaxıstan və Özbəkistan kimi dost ölkələrin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə verdiyi töhfələr vurğulanıb. Səfir nümunə olaraq xatırladıb ki, Rusiya Federasiyasının Həştərxan vilayəti ölkəmizin Qubadlı rayonunda uşaq bağçası tikir.

 

Xüsusi vurğulanmışdır ki, hazırda Bakıda Azərbaycan xalqına qarşı kütləvi cinayətlərin, o cümlədən Xocalı soyqırımının təşkilatçılarına və erməni ideoloqlarının məhkəmə prosesi davam edir.

 

Səfir Rəhman Mustafayev qeyd edib ki, Xocalı faciəsinin siyasi-hüquqi qiymətləndirilməsi və qınanması, onun  başlıca səbəbi – milli dözümsüzlük ideologiyası hələ də aktual məsələdir, ona görə də bu kampaniya öz əhəmiyyətini və mənasını qoruyub saxlayır və davam etdirilməlidir.

 

Daha sonra söz tarix elmləri doktoru, professor, "Azərbaycan tarixinin 10 ili" kitabının müəllifi S.İ.Çernyavskiyə verilib və o, Xocalı soyqırımının qəddar erməni muzdlularının əli ilə tamamilə günahsız insanların başına gələn faciə olduğunu diqqətə çatdırıb.

 

O vurğulayıb ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin başladığı kurs və Prezidenti İlham Əliyevin səyləri nəticəsində illərlə gözlədikdən sonra işğal olunmuş ərazilər ölkəmiz tərəfindən geri qaytarılıb. Faciə qurbanlarının xatirəsini yad edən S.İ.Çernyavski eyni zamanda Azərbaycan xalqını ədalətin nəhayət qələbə çalması münasibətilə təbrik edib və Qarabağın bundan sonra çiçəklənən diyar olacağını bildirib.

 

Sonra İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin tələbəsi Nuray Niyazova 30 ildən çox əvvəl erməni təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş ailəsinin hekayəsini bölüşüb. O, işğaldan azad edilmiş Qarabağa artıq səfər edə bildiyini, gələcəkdə belə hadisələrin təkrarlanmasının qarşısını almaq üçün Xocalı faciəsini xatırlamağın müqəddəs borcumuz olduğunu qeyd edib.

 

Tədbir zamanı baş dirijor və solist, Rusiyanın əməkdar incəsənət xadimi, professor V.İ.Voronanın bədii rəhbərliyi altında Moskva Gənclər Kamera Orkestrinin ifasında tanınmış Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərlərindən ibarət musiqi proqramı qonaqların diqqətinə çatdırılıb.

 

Tədbirin sonunda Azərbaycan ənənəsinə uyğun olaraq qonaqlar üçün milli yeməklərdən ibarət ehsan təşkil olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti